Hüseynbala Səlimov

Doğrudan da qəribə, lap məəttəl qalası işdir. Həqiqətən də siyasət mövsüm–filan tanımır. Bircə bəyanatla, tək bir çıxışla da hətta qızmar yayın məhlullaşmış ölü sükutunu da pozmaq tamam mümkün bir işdir. 

Bu baxımdan istər ABŞ-ın dövlət mövqeyi olsun, istərsə də ki, bir amerikalı diplomatın–bütün hallarda müvəqqəti həmsədr R.Hoqlandın açıqlamaları maraq çəkməyə bilməzdi və təsadüfi deyil, artıq ikinci həftədir ki, hamı yalnız bundan danışır...

Amma fakt faktdır. Ona görə də bəri başdan iki detala diqqət yetirək. Birincisi, bəyanat Ermənistan və Rusiya prezidentlərinin görüşü ilə eyni vaxta təsadüf etdi. Amerikalılar bununla nə demək istəyirdi? Onlar bununla nəyin qarşısını almağa çalışırdı? 

Dəqiq söz demək çətindir. Amma aydındır ki, Ermənistanın Rusiya ilə son vaxtlarda həddindən çox yaxınlaşması heç bir halda ABŞ-ı razı sala bilməzdi. Halbuki ermənilər Qərbi də yaddan çıxarmırlar, - NATO-nun bir təlimində artıq iştirak ediblər, indisə ikinci təlimə hazırlaşırlar. Amma deyəsən, niyyətləri baş tutmayacaq, Moskva daha onların bu cür “nadincliyinə” dözmək fikrində deyil. Ən son informasiyalara görə artıq İrəvan NATO-nun növbəti təliminə qatılmaq fikrindən daşınıb.     

R.Hoqlandın sadaladığı prinsiplərə gəldikdə isə, ən maraqlı bəyanatı elə xarici işlər naziri E.Nalbandyan verdi. Erməni nazir bildirdi ki, amerikalı  diplomatın bəyanatında ölkəsi üçün təhlükəli heç nə yoxdur. 

O, müəyyən mənada haqlı ola bilər, çünki amerikalı həmsədrin bəyanatı demək olar ki, bir il bundan əvvəl masa üzərində olan təkliflərdir. Burada ermənilər üçün “yenilik” o ola bilər ki, dəhliz kimi bütün Laçın rayonu deyil, yalnız onun bir hissəsi nəzərdə tutulur. 

Bəs onda niyə görə bir ildən artıqdır ki, İrəvan həmin prinsiplərə konkret və ya konstruktiv bir cavab vermir?

Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri erməni həmkarını dərhal sözündən tutdu. E.Məmmədyarov bildirdi ki, əgər bu prinsiplərdə ermənilər üçün həqiqətən təhlükəli bir şey yoxdursa, onda detalları müzakirə etmək üçün masa araxasına keçmək lazımdır.   

Amma Halbandyandan xəbər gəlmədi. Məsələ bundadır ki, bir il öncə tərəfləri razı salmayan əsas məsələ, Dağlıq Qarabağa veriləcək aralıq –müvəqqəti status məsələsi idi. Azərbaycan bu günə qədər haqlı olaraq israr edir ki, aralıq status BMT nizamnaməsi, Helsinki Yekun Aktı və təbii ki, onun Konstitusiyası və ərazi bütövlüyü çərçivəsində həllini tapsın. Ermənilər isə əksinə bununla razılaşmırlar və faktiki olaraq bəri başdan Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər. Bəli, İrəvan yenə də çalışır ki, Dağlıq Qarabağın statusu məsələsi elə bu başdan de –fakto həll olunsun və gələcək referendumdasa sadəcə, özünün de-yure təsdiqni tapsın...

İkincisi, R.Hoqland öz bəyanatını həmsədrlik postunu tərk etmək ərəfəsində verdi. Bir tərəfədən demək olardı ki, amerikalı diplomat elə bir məqam və yaxud da an seçdi ki, bəyanatının hansısa siyasi nəticəsi olmasın. 

Gəl, məsələ belə deyil. Ötən il həmin sadalanan prinsiplər səhv etmiriksə, Putin – Lavrov planı kimi təqdim edilmişdi. Həmin vaxt da ABŞ və Fransa bu plana dəstək verdiklərini bildirmişdilər. Bu mənada R.Hoqland yeni heç nə demədi və bir daha ölkəsinin yenilənmiş Madrid prinsiplərinə sadiq qaldığını göstərdi. 

Daha nə demək olar? Əgər Nalbandyan prinsiplərdə ölkəsi üçün təhlükəli heç nəyin olmadığını deyirsə, o halda ümid etmək olarmı ki, prosesdə yenidən canlanma baş verəcəkdir?

Hələlik bəlli olanı budur ki, artıq R.Hoqlandı yeni bir diplomat əvəz edibdir. Həm də ki, ABŞ hələki Qarabağ probleminin həllndə “birinci skripka” kimi çıxış etmək istəmir, daha çox Rusiyaya meydan verir və Hoqlandın səsləndirdiyi prinsiplər də müəyyən mənada həm də Rusiya “siyasi mətbəx”inin məhsuludur. 

Təsadüfi deyildir ki, Rusiya xarici işlər nazirliyinin də sözçüsü Hoqlandın sadaladığı prinsiplərdə yeni bir şeyin olmadığını bildirdi. Buna əsaslanaraq demək olardı ki, digər həmsədrlər də ABŞ-ın mövqeyini bölüşür. Amma biz S.Lavrovun dilindən növbəti bir giley eşitdik. Rusiyalı nazir dedi ki, əgər Qərb onları eşitsəydi bu vaxtadək Qarabağ problemi çoxdan həll olunardı. 

Amma budur, Qərb Rusiyanı eşidir, gəl, ruslar problemi həll etməyə tələsmirlər. Ona görə ki, onlar “eşitmək” məsələsini bir qədər başqa cür anlayırlar; ruslar istəyir ki, keçmiş sovet məkanı onların “sərəncam”ına verilsin və Rusiya da mübahisəli məsələləri öz bildiyi kimi – bu əraziləri də öz içinə qatmaqla həll etsin.        

Bəs bu il nə olacaqdır? Hər şey ola bilər. Deyirlər ki, prezidentlər ola bilsin, sentyabrda BMT Baş Məclisinin sessiyasında görüşəcəklər. Amma görüş üçün bir qədər əvvəl də şans vardı və bu, İranda baş tuta bilərdi. Amma rəsmi Bakı növbəti dəfə İrana işarə etdi ki, Ermənistan prezidentinin oralara belə tez–tez səfər etməsi onun heç də ürəyindən deyildir...

Bundan başqa, xarici işlər nazirlərinin Brüsseldəki görüşündə belə deyildi ki, mümkündür ki, prezidentlər ilin sonunda görüşsünlər. İndi görüş prinsipcə, hər vaxt ola bilər–ya Sessiya zamanı, ya da ilin sonuna qədər münasib bir vaxtda. Əsas odur ki, aralıq statusla bağlı razılıq olsun. Bu məsələdə razılıq olsa, onda prosesdə bir irəliləyiş olacaqdır, yox, olmasa, o halda hərbi ritorika yenə də üstünlük təşkil edəcək və sərhədlər boyunca gərginlik davam edəcəkdir.

Bir daha deyirik ki, ermənilər elə bir aralıq status tələb edirlər ki, Qarabağ bəri başdan Azərbaycanın yurisdiksiyasından çıxsın, yəni de – fakto olaraq çıxsın və sonra keçiriləcək referendumda isə məsələ özünün de–yure həllini tapsın...

Ona görə də o qədər də optimist deyilik. Ermənistana təzyiq etmək lazımdır. Bunu ya həmsədrlər etməlidirlər, ya da Azərbaycanın özü. Di gəl, baş vermir bu – həmsədrlər nə özləri etmir bunu, nə də Azərbaycana imkan vermirlər. Amma R.Hoqlandın bu dəfədəki bəyanatında azacıq da olsa, belə cəhd sezilirdi–status məsələsilə bağlı Azərbaycanın suverenliyinin, eləcə də BMT nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinin adının hallanması hər halda bu cür yozula bilərdi...

Nə isə... Sentyabrla yeni bir siyasi mövsümə qədəm qoyuruq. Siyasətçilər yayın bir qədər ləng ritmindən çıxaraq yeni enerjilə işə başlayacaqlar. Hər halda, ilin sonuncu rübü maraqlı olmağı vəd edir. Bir  görək, nə alınır... 

İndilik isə yalnız onu demək olardı ki, erməni nazir hələ də öz azərbaycanlı həmkarının çağırışına cavab verməyə tələsmir. Qoy, olsun. Zərrə qədər şübhə etmirik ki, elə gün gələcək ki, ermənilər danışıqlara başlamaq üçün özləri minnətçi düşəcəklər.

Bəli, bütün bunlar bu gün bir o qədər də inandırıcı görünmür. Amma darıxmayın, məsəl var, deyərlər ki, haqq nazilər, amma üzülməz. Elə bu haqq da üzülməyəcəkdir və tökülən qanlar yerdə qalmayacaq və həmin o gün gələcəkdir və biz də başa düşəcəyik ki, illərlə zamanın keşməkeşlərindən adlayaraq bu günə doğru gəlmişik...

Qaynarinfo.Az