Lalə Niftaliyeva

Lütfi Zadənin məni ziyarət etməsindən sonra uzun zaman idi evimin damına çıxmırdım. Havaların isti keçdiyi gecələrdən biri idi. Mən də nanəli ayranımı soyuducudan götürüb dama çıxdım ki, sərinləyim. Bu günlər ağır düşüncələr başımı buraxıb. Buraxıb yox a... Yatıblar elə bil. Sizdə necə olur bilmirəm, amma mən düşünəndə fikirlər qulaq sinirlərimdən beynimə tərəf marafon yarışına çıxırlar. Hələ bir də görürsən ki, beynimə çatmamış ağzımdan çölə çıxıb müsahibə verənləri də olur. Bu günlərdə isə elə bil hamsı finiş xəttini keçib, yıxılıb qalıb orda, tərpəniş yoxdu. Bu proses mənə yüngüllükdən çox ağırlıq gətirir.

Damda əyləşib, ayrandan qurtumladıqca nə dinləyim deyə telefonun "playlist"ində axtarış aparırdım. "Bir dənə də olsun yüngül mahnı yoxdur", deyə deyinməyə başladım. Mahnıların da çəkisi olar?

Bütün bu yüngüllüklərin içində öyrəncəli olduğum üçün kiminsə gələcəyini gözləyirdim. Amma gələn yox idi.

Gözləməkdən bir şey çıxmayacağını görüb, dedim gedim yatım. Elə mətbəxin qapısından içəri keçəcəkdim ki, bir cavan oğlanla toqquşdum. Bilirdim ki, kimsə gələcək...

Bu gələn əvvəl gələnlərin heç birinə bənzəmirdi. Əynində qara kostyumu, əlində maşın açarı və telefonu elə jestlə tutmuşdu ki, görən deyərdi bu dəqiqə toyda "Mən bu zəngimselimi sənə görə qoymuşam, Ona görə qoymuşam, sənə görə qoymuşam", oxuyub bəylə gəlinin arasına nifaq salıb gəlib mənim damıma. Hə düz başa düşdünüz, özüdür ki, var. Üzeyir Mehdizadə gəlib çıxıb mənim evimin damına. Mən adekvat insan olduğumdan oturub qonağımla bir-iki kəlmə kəsib, onu da ayrana qonaq etməliydim və etdim də.

"Çox sağ olun, Lalə xanım, damınızda olmaq mənim üçün çox böyük şərəfdi".

Şərəf haa... Bu şərəf mənə görədirmi? Yox əşi. Bu şərəfi ona dama gələn qonaqlar hiss etdirib, yəqin...

Qonağım mənə baxıb gülümsədi:

- Deyəsən mənim gəlməyimə sevinmədiniz. Yəqin heç gözləməzdiniz ki, mən gələrəm.

Deyəsən, qaşqabaqlı olmağımı hiss etdi.

- Əslində, qonaq gözləmirdim. Siz də qəfildən gəldiniz deyə çaşıb qaldım.

Üzeyir birdən qollarımdan tutub başladı oxumağa:

- Mənim yerimi de kim aldı, cavab ver,

Denən yerim nə tez doldu, cavab ver,

Nə baş verdi, nələr oldu, cavab ver,

Cavab ver, indi cavab ver...

Mən şokda:

- Ay Üzeyir, nəyə cavab verim? Mən heç səni tanıyıram. Burax məni. Cavab verim deyəndə ki, burda sualları mən verirəm. İndi sən cavab ver görüm, oxumaqdan başqa əlindən bir iş gəlmir? Niyə bizim qulaqlarımıza bu qədər zülüm verirsən?

Üzeyir məni buraxıb gözlərində sözlərimdən yaranmış qəzəb qığılcımıyla başladı oxumağa ki, bəs:

- Gedirəm sənə nə,

Gəzirəm sənə nə,

Edirəm sənə nə,

Sənə nə, sənə nə.

Bəlkə də, düz deyir mənə nə...

- Qardaş, yaxşı edirsən etməyinə, amma düz eləmirsən. Bəlkə də səndən yaxşı alverçi çıxardı, doğru deyirəm, bax gördün satış edə bilmirsən, başlayasan ki bəs "Kəsəcəm damarları" oxumağa. Bu sözün qarşısında əriyən cahil kütləyə nə istəsən sata bilərsən.

Üzeyir karıxdı. Deyəsən, sözüm ağlına batdı, ya da xətrinə dəydi. İnsanların xətrinə dəymək pis bir şeydi. Bəlkə, könlünü alım deyə nəsə demək istədim. Mən söz açmadan o başladı danışmağa:

- Siz məni dinləmirsiniz deyə, elə bilirsiniz heç kim dinləmir. “Yutub”da ən çox mənim ifalarım izlənir, xanım qız. Sənin cəmiyyətinin tələbi mənəm. İndi 5- 10 nəfər "Facebook"da profil açıb özünüzü ağıllı hesab etməyinizə baxmayın, əsas məsələ regionlardadı. Onların da ən sevimli müğənnisi mənəm.

Hə sevimli müğənnimiz, xalqımın musiqi zövqü ilə üzbəüz dayandıqca bütün düşüncələrim ağır-ağır ayağa qalxıb, geri sürünməyə başladı. Elə hiss etdim ki, Üzeyirin bütün fanatları yavaş-yavaş damıma doğru gəlir. Bu mənzərə mənə yalnız parçalamağa hazır olan hissiz vampirləri xatırlatdı. Tez-tələsik damın qapısını bağlayıb ordan qaçmağa başladım. Bu qaçışla çox keçməz Azərbaycandan da çıxaram....

Qaynarinfo.Az