“Bu, sadəcə olaraq, qəribə əhvalatdır: erməni ermənidən pul oğurlayıb. Mənim üçün bir yenilikdir”. Bunu Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin Moskvanın Erməni Gənclər Assosiasiyasının dəstəyi ilə təsis edilən “Ararat” klubunun fəaliyyətini dayandıracağına münasibət bildirərkən deyib.

O, "Sport FM" radiosunun efirində çıxış edərkən, 2017-ci ilin martında təsis edilən klubun 5 ay sonra fəaliyyətini dayandırmasını rüsvayçılıq adlandırıb: “II Divizionda Roman Pavlyuçenko və Marat İzmayılovla da normal çıxış etmək olardı. Nəticədə 20 milyon getdi. Başa düşürsünüz, onlar çoxları üçün önəmli olan “söz” anlayışını rüsvay etdilər. Bu, nə qədər gülünc biabırçılıqdır”.

V.Utkin həmçinin şəxsi “Twitter” hesabında da “Ararat”ın fəaliyyətini dayandıracağına biganə qalmayıb. Bir müddət əvvəl “Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq kimi xoş ənənə var. Qarabağ, Ararat…”, - yazmaqla azərbaycanlıların da tənqidi ilə üzləşən şərhçi yenə ermənilərə söz atıb: “Ararat” bağlanır, amma “Qarabağ” yaşayır!”

Rusiyalı şərhçi “Ararat”ın təsis edilməsi və süquta uğraması ilə bağlı "Twitter” hesabında sorğu da aparıb. O, izləyicilərinə “Ararat”ın üzə çıxması və süqutu ilə əlaqədar kim daha çox gülməli görünür” sualı ilə müraciət edib. Səsvermədə iştirak edənlərin 37 faizi “Ermənilərin Moskva diasporu” seçiminə üstünlük veriblər.

Qeyd edək ki, avqustun sonunda “Ararat”ın prezidenti Valeri Ohanesyan səhhətindəki problemlə əlaqədar klubu tərk etdiyini açıqlayıb. Bundan sonra Moskva təmsilçisinin vitse-prezidenti Andranik Keropyan klubun büdcəsindən 20 milyon rublun (təxminən 400 min manat) yoxa çıxdığını və həmin məbləğin V.Oqanesyanın hesabına köçdüyünü bildirib. A.Keropyan bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, klubun prezidentinin isə Gürcüstanda olduğunu söyləyib.

Xatırladaq ki, “Ararat” Roman Pavlyuçenko, Yevgeni Aldonin, Aleksey Rebko, Marat İzmayılov, İqor Lebednko kimi tanınmış futbolçular heyətinə cəlb etməklə diqqət mərkəzinə düşüb. Komandanın baş məşqçisi Aleksandr Qriqoryan sentyabrın 7-də Rusiya II Divizionunda son oyuna çıxacaqlarını və "Ryazan"la keçirəcəkləri matçdan sonra fəaliyyətlərini dayandıracaqlarını bildirib.   

Qaynarinfo.Az