Müflis elan edilmiş azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılov və ailəsi “AST İnternational Environment” şirkətinin təsisçiləri sıralarını tərk edib.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, bu şirkət Rusiyada alkaqollu içkilərin ən iri distribütorlarından biridir və Telman İsmayılovun kreditorları həmin şirkətə qarşı iddia irəli sürməmişdi. Başqa sözlə bu, Telman İsmayılovun ailəsinin milyardlarla dollarlıq borcuna görə kreditorların nəzarətinə keçməyən sonuncu aktivi idi.

RBC Daily yazır ki, hazırda İsmayılov və ailəsi bu şirkətin təsisçiləri sırasında yer almır. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrində yer alan məlumata əsasən onlar 2017-ci il iyunun 30-da səhmdarların sıralarını tərk ediblər. Həmin tarixə qədər Telman İsmayılovun oğlanları Sərxan və Ələkbər şirkətdə hərəyə 27.5 faiz paya malik idi. Telman İsmayılovun qohumu Zaur Mərdanov səhmlərin 25 faizinə nəzarət edirdi. Şirkətin baş direktoru Leonid Rafailov və onun qurucularından biri olan Simandu Simanduyev isə hərəyə 10 faiz paya malik idi. Hazırda isə şirkət hərəyə 50 faiz olmaqla bu iki şəxs şirkətin sahibidir. Şirkətin səhmdarlarının strukturunda bu cür kəskin dəyişikliyin səbəbi açıqlanmır.


“AST İnternational Environment” 1992-ci ildə yaradılıb. Dörd il sonra şirkət məşhur “Dovqan” arağının Rusiyada distribütörlüyünü həyata keçirmək üçün müqavilə bağlayıb. Bu, 90-cı illərdə Rusiyada ən məşhur araq idi. 1998-ci ildə Telman İsmayılovun şirkəti “Russkiy Standart” markasının distribütorlüyünü üzərinə götürüb. 2004-cü ildən isə şirkət “Moet Hennesy, “Bacardi” və digər məşhur alkaqol brendlərinin satışına dair müqavilələr bağlayıb. Qlobal maliyyə böhranı da bu şirkətə təsir etməmişdi və 2008-ci ildə “AST İnternational Environment” Rusiyanın beş ən iri alkaqol distribütorlarından biri idi.

Telman İsmayılov özü 2013-cü ilə qədər şirkətin sahibi olub. Həmin il o, səhmləri oğlanlarına verərək şirkətin təsisçiləri sırasını tərk edib. Hazırda da şirkət Rusiyanın ən iri alkaqol distribütorlarından biridir. Onun illik dövriyyəsi ötən il 12 milyard rubla yaxın olub.


Kreditorlar Telman İsmayılovdan pullarını geri tələb etməyə başlayanda Leonid Rafailov “Forbes”ə demişdi ki, İsmayılovlar ailəsinin alkaqol biznesindəki aktivi ilə bağlı problem yoxdur. “Mən heç bir təzyiq və ya qeyri-dostcasına hərəkət müşahidə etmirəm”-o deyib.

Hazırda şirkətin əsas kreditoru SMP Bank-dır. Bank şirkətə krediti ancaq malı girov almaqla verir.

Qeyd edək ki, Telman İsmayılov aktivlərini kreditorlardan qorumaq üçün hiyləgər sxemlərə əl atır. Məsələn, onun ABŞ-ın Las-Vegas şəhərində uzaq qohumlarından birinin adına kazino-otel aldığı üzə çıxmışdı. Biznesmen bir çox aktivlərini mürəkkəb sxemlərdən istifadə etməklə offşor zonalara köçürür və ola bilsin ki, onun alkaqol şirkətindəki səhmlərindən imtina etməsi də bu sxemin bir hissəsidir.

Qaynarinfo.Az