Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Bildirilir ki, Xəqan Abdullayev bir müddət əvvəl vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.

"Qaynarinfo" xəbər verir ki, Xəqani Abdullayev 1976-cı ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsilə bitirib. 

Əmək fəaliyyətinə 1997-ci ildən Azərbaycan Respublikasının Milli Bankında Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsilə başlayıb. 2000-ci ilin avqust ayından Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb. 2005-ci ildən iqtisad elmləri namizədidir. 

2008-ci ildə ABŞ-ın Corc Vaşinqton Universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb. 2008-ci ilin aprel ayından Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təsdiq edilib. 2010-cu ilin mart ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib.

2010-cu ilin aprel ayında Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib. 

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir. 3 övladı var.

Aydın

Qaynarinfo.Az