ABŞ-ın texnologiya nəhəngi "Apple" "iPhone"un 10 yaşı ilə əlaqədar eksklüziv olaraq hazırladığı "iPhone X" modelini bu axşam Kaliforniyada inşası bir müddət öncə tamamlanan Stiv Cobs teatrında təqdim edəcək.

"Qaynarinfo" xəbər verir ki, telefon 22 sentyabrda rəsmi olaraq satışa çıxarılacaq. Qiymətinin 1250 dollar olacağı iddia edilir. Bu məlumat doğru olarsa "iPhone X" şirkətin bu günə qədər satışa çıxardığı ən bahalı telefon olacaq. Telefonun satışa çıxarılacağı ilk aylarda pulsuz Apple Music və 200 GB yaddaşa malik iCloud kimi kampaniyaların həyata keçiriləcəyi söylənilir.

Bəs "iPhone X" hansı özəlliklərə sahib olacaq?

Xarici mətbuatda sızdırılan qeyri-rəsmi informasiyalara görə, telefonun ekranı normal "iPhone"lardan böyük, lakin "iPhone plus"lardan kiçik olacaq. Ölçünün 5.8 düyüm olacağı təxmin edilir. Həmçinin şirkətin əvvəlki modellərdə istifadə etdiyi aliminium qapaqlıqdan şüşə dizayna keçd etdiyi də qeyd olunur. Şüşə dizayna malik telefonların avtomatik olaraq enerjidoldurma xüsusiyyətinə sahib olduğu bildirilir ki, şirkətin yeni modelə bu özəlliyi tətbiq edib-etməməsi hələlik məlum deyil. Artıq "Android" əməliyyat sistemli bəzi telefonlarda bu xüsusiyyət var. "iPhone X"da da bu xüsusiyyət olsa, o, bu özəlliyə sahib ilk "Apple" markası olaraq tarixə keçə bilər.


Həmçinin əvvəlki modellərin hamısında olan "Home" düyməsinin də yeni modelə tətbiq edilmədiyi söylənilir. Bildirilir ki, model "Samsung Galaxy S8"də olduğu kimi tamamilə ekrandan ibarət olacaq. "iPhone X"də 3D üztanıma özəlliyinin də olduğu bildirilir ki, artıq "Touch ID" xüsusiyyəti "Face ID" ilə əvəz olunacaq.

3GB RAM-a malik olacaq "iPhone X"də əvvəlki modeldə tətbiq olunan cüt kameranın da olduğu bildirilir.

Qeyd edək ki, bu gücə yeni modelin təqdimatını şirkətin CEO-su Tim Kuk edəcək.

Qaynarinfo.Az