Vahid Qazi

Təsəvvürdən təəssürat reportajı

Durum deyim, İngiltərə deyəndə ağlıma ilk gələn Şekspirdi, Nyutondu, “Bitlz”di, “Big Ben”di, nə bilim, Çörçill, Diana, Devid Bekhemdi, yalan olar. Adam tanıyıram Britaniya onun üçün tək Oskar Uaylddan ibarətdi. Bütöv İngiltərə bir futbol meydanıdı “Çelsi” fanatı gənc dostum, bacıoğlu Orxana görə.

Londonu funt strelinq, yəni pul kimi təsəvvür edənlər də az deyil. Hər halda dünyanın dörd bir yanına hökmü keçmiş imperiya paytaxtının gündəmində yalnız siyasət və hərb söhbətləri olmayıb. Parasız nə siyasət, nə hərb?

Günü bu gün hər yandan varlı adamlar üzünü bura tutur, pul-parasıyla birgə. Özü də tək keçmiş metropoliyalardan yox. Bizim Sovetin “qırıq-quruğ”undan qəfil varlanan neçə milyonçunun adını sayaram bir nəfəsə. Elə öz qəfil varlanmışlarımızın mülklərindən dastan danışırlar.

Fərq etməz necə qazanmısan, varlısansa sənə qucaq açar London. Dumanı yox olar Albionun.

“İngiltərənin əlindən “time is money”yi alın – onda İngiltərədə nə qalacaq?” Viktor Hüqo yazıb bunu “Səfillər”ində.

Dediyim odu ki, hərənin beynində bir  assosasiya yaradır “London” kəlməsi. Onu görməyənlərin təsəvvürü, görənlərin təəssüratı ilə eyni olmur bəzən. Bax, elə mənim kimi.

Bu şəhərin adını eşidəndə, nə qədər qəribə olsa da, gözümün qabağına ilk Şerlok Holms gəlir. Niyə real insanlar yox, məhz bədii əsər qəhrəmanı – qəribəlik də bundadı. Mən bunun səbəbini yaddaşda görürəm. Yaddaşa ilk yazılan, özü də həkk olunası yazıyla yazılan ömürlük qalır. İzah eləyim, niyəsini deyim.

Demək, 1980-ci il idi. Ağdamda indi bəxtəvər görünən günlərin birində atam evə el arasında “Tağının mağazası” deyilən kitab dükandan aldığı “Baskervillərin iti” kitabıyla gəldi. Oxuyub bitirəndən sonra nə qədər tərifləsə də, məndə o kitaba əl qatmağa həvəsi atam yox, Sovet aktyoru Livanov mükəmməl oyunu, qulağayatım səsiylə oyatdı.


Yalan-gerçək deyirlər, Şerlok Holms haqda 200 film çəkilib. Mənə görə onların heç biri Sovetin məşhur “Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri” teleserialına çatmaz. Hər halda baş rolun ifaçısı Vasili Livanova 70 illiyində “Britaniya imperiyası ordeni” kimi möhtəşəm mükafat elə-belə verilmədi.

Əvvəl bu əsər, sonra da Sovet jurnalisti Vsevolod Ovçinnikovun o dövrdə ədəbi rezonansa səbəb olan “Palıd kökləri” kitabı mənim İngiltərə və ingilislər haqda ilkin təəssürat və düşüncələrimi formalaşdırdı.

Elə bədii əsər qəhrəmanları var ki, müəllifindən populyardı. Şerlok Holms, Harri Porter, Şrek, Ceyms Bond kimi. Məşhuri-cahan Beyker-strit 221B ünvanında, yəni Holmsun ev muzeyində Artur Konan Doyl adına rast gəlmirsən. Bilməsən, deyərsən bəs, Holms tarixi şəxsiyyətdi. Elə bu evdəcə yaşamış detektivdi.

Londona gələn hər Holms aşiqi bura dəyməmiş dönmür. Muzey Viktorian stildə tikilmiş dörd mərtəbəli binada yerləşir. Doylun əvvəl seriya hekayələrdə, sonra isə romanlarda yaratdığı Holms, doktor Vatson, miss Hadson, professor Moriarti kimi obrazların maketi, Şerlokun qonaq evi, yataq otağı, şəxsi əşyaları sənə o dövrün havasını yaşadır. Elə bilirsən evin sahibi əsər personajları ilə birgə səni də qonaq çağırıb.

Muzey pulludu. Yaşa uyğun olaraq 10-15 funt arası. Metronun “Baker street” stansiyasınacan gəlsəniz, rahat taparsınız.

Yerin altındakı London

İri şəhərlərdə adətən metro xəritəsindən istifadə edirəm. Belə rahatdı. Getmək istədiyin yerə ən yaxın stansiyanı seçirsən, qalan azacıq yolu piyada gedirsən! Metroyla şəhərləri tanımaq daha asan olur.

London metrosu dünyanın ilk yeraltı nəqliyyat vasitəsidi. 1863-cü ildən fəaliyyət göstərir. 11 xətt üzrə 270 stansiyası var. Hər gün 4 milyondan çox sərnişin daşıyır. Gediş haqqı bir tərəfə 2 funtdu. Turistlərə həftəlik, ya da “Oyster” kartı almaq əl verir. “Oyster”in qiyməti 5 funtdu, karta istədiyin qədər pul yükləyə, səfər başa çatanda da pulun qalığını çıxara bilərsən.

Bax elə indi metroyla “Victoria and Albert” muzeyinə gedirik. Qatar “Charing Cross” stansiyasında dayanıb. Səfər yoldaşlarıma bir əhvalat danışıram, yeridi, deyim siz də eşidin.

Deməli günlərin bir günü Rabindranat Taqorun oğlu Rothindranat elə burdan – “Charing Cross”dan “Bloomsbury” tərəfə gedərkən çantasını metroda unudur. Bundan yalnız səhəri gün, atası “Gitancali” kitabının əlyazmasını istəyəndə xəbər tutur. Kitabın ingilis dilində yeganə əlyazması həmin çantada imiş. Əlyazma “Unudulmuş əşyalar bürosu”nda tapılır. Kimsə görürüb büroya veribmiş. Taleyin ironiyası demək olarmı, bilmirəm, bir il sonra – 1913-cü ildə məhz həmin kitaba görə Taqor Nobel mükafatı alır. Sonralar oğlu yazacaqdı ki, balaca bir xəta ucbatından az qala atası belə bir mükafatdan məhrum olacaqdı.


Ərdəbil gözəli

Biz “Victoria and Albert” muzeyinə səhər-səhər ilk girənlərdən olduq. Dünyanın dörd bir tərəfindən müxtəlif mədəniyyətlərə məxsus tətbiqi sənət nümunələri muzeyin 145 zalında nümayiş olunur. 1852-ci ildə yaradılan muzey əvvəllər Dekorativ İncəsənət muzeyi adlansa da sonradan kraliça Viktoriya və əri Albertin adını daşımağa başlayıb. Muzeyin formalaşmasında xüsusi əməklərinə görə bura onların adı verilib.

Azərbaycana aid qədim xalçalar, miniatür tikililər, qablar az deyil. Can atdığım isə məşhur “Şeyx Səfi” xalısıdı. Xalı 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişiylə Ərdəbil məscidi üçün toxunub. Muzeyin ayrıca bir zalında iri şüşə qəfəsdə yerə sərilib.

Ona vətənin bir parçası kimi baxırsan. “Şeyx Səfi” itirilmiş torpaq kimi gəlir adama, məsələn, Cıdır Düzü kimi. Əlini, üzünü sürtmək istəyirsən. Olmur! Birini monitorda, birini şüşə dalında görürsən. Görürsən, amma toxuna bilmirsən.

Boyun ölçdüm. 13 addımdı. Mistik düşüncələrdən uzaq adam olsam da yadıma 1813-cü il düşdü.

“Ardabil Carpet” adıyla nümayiş olunur. Lövhədə Azərbaycanda toxunduğu qeyd edilib. Sən demə, əvvəllər bu da başqa xalçalarımız kimi İran xalısı adıyla sərgilənirmiş. Londonda yaşayan jurnalist həmkarım Zülfüqar Rüfətoğlunun dostlarıyla müdaxiləsindən sonra yazı dəyişdirilib.

Sabahın nəhəng dalğası dərya dərinliyində bu gün toparlanır!


Gələcəyin iqtisadi, siyasi güc mərkəzini müəyyənləşdirmək istəsəniz bu gün hansı ölkənin elmə, texnologiyaya sərmayə qoyduğunu, dünyanın elm adamlarına qucaq açdığını müşahidə edin. Muzeydə sərgilənən İngiltərənin Sənaye inqilabı dövrünün maşınqayırma, poladəritmə texnologiyaları, canım sizə desin, buxar maşını, toxucu dəzgahı, bir sözlə əl əməyini mexanikləşdirən hər şey gələcəyin iqtisadi, siyasi, hərbi mərkəzinin – dünya imperiyasının konturlarını göstərir. Doğrudan da bu texnika tezliklə Britaniyanı dünyaya hökm edən imperiyaya çevirir.

“Viktoriya və Albert” muzeyini dolanmaq həm də ona görə xoşdu ki, burada yeknəsəklik yoxdu. Elə bil müxtəlif dövrlər, fərqli mədəniyyətlər kaleydoskopuna baxırsan.

Muzey “South Kensington” metro statsiyasına yaxındı. Pulsuzdu.

“Hayd park” – “cilovu buraxılmış azadlıq”

Bura gəlmişkən yaxınlıqdakı başqa görməli yerlərə də baş çəkin. Ətrafda xeyli maraqlı muzey, mədəniyyət abidələri var. Bəlkə həmin gün “Royal Albert Hall”da yaxşı bir konsert də oldu. Bilet sizə baha görünər, amma dünyanın ən nüfuzlu konsert zallarından birində musiqi dinləmək hər deyəndə ələ düşməyən fürsətdi. Bizim belə fürsətimiz olmadı.

Bir tin dönüb piyada düşürük Kensinqton bağlarına sarı. Sadə görkəmli Kensinqton sarayı burdadı, indi Uels Şahzadəsi Uilyam yaşayır. Şahzadəyə əl havası salam verib gəlirik məşhur Hayd parka.

Buralar vaxtilə Vestminster abbatlığının torpağı idi. XVI əsrdə monastrların ləğvi dövründə krallığın mülkiyyətinə keçir, ov yeri olur. Kral II Karlın zamanında isə sadə londonluların üzünə açılır.

Park daha çox siyasi mitinqlərin, kütləvi tədbirlərin, şənliklərin keçirildiyi məkan, camaatın gəzinti yeri kimi ad çıxarıb.

Serpentin gölünün kənarında eyni adlı kafedə südsüz ingilis çayı (ingilislər gül kimi çaya niyə süd qatır, bilmirəm) sifariş verib dincimizi alırıq. Çay içə-içə səfər dostlarıma – qızıma və keçmiş kişilərin sözü olmasın, uşaqların anasına hələ 23 il qabaq jurnalist həmkarım Səbuhi Məmmədlinin “525-ci qəzet”də açdığı maraqlı “Hayd Park” rubrikasından danışıram.


Parkın “Natiqlər köşəsi” deyilən yerində hər kəs camaat qarşısında istədiyi mövzuda çıxış edə bilər. “Hayd park” SSRİ-də yenidənqurma illərində məşhurlaşdı, demək olar, hər iri şəhərdə belə “hayt park”lar yaranmağa başladı.

Səbuhi də ictimaiyyət üçün maraqlı müsahiblərə “haydpark”lıq suallar verirdi. Həmsöhbətlərimə “haydparklıq sualları”ı “cilovu buraxılmış azadlıq” kimi izah edirəm.

“Hayd park”dan çıxıb “Prayd-parad”a düşdük.

Kafedən çıxıb üzü BBC-yə yol alırıq. Oksford-strit boyu nəhəng paradla qarşılaşırıq. Sən demə, həmin gün Londonda gey-parad keçirilirmiş.

Türkiyəyə, Rusiyaya baxmayın, burda hürriyyətçilikdi, belə paradlar dağıdılmır, əksinə şəhərin baş küçələri nümayiş iştirakçılarının ixtiyarına verilir.

Çoxdan bu qədər insan kütləsini bir yerdə görməmişdim. Nəhəng insan seli uzaq illərin 1 may paradlarını xatırladırdı.

İzdihamı keçib BBC-nin “Portland Place”dakı qərargahına gəldik. Azərbaycan xidmətinin əməkdaşı Elçin bəy qısa ekskursiya ilə nəhəng BBC teleşirkətinin iş həyatı ilə bizi tanış etdi. Şənbə günü olduğundan başqa əməkdaşlar işdə deyildi.

Şirkətin Azərbaycan xidmətinə uzun illər rəhbərlik etmiş Zülfüqar Əhmədoğlu ilə axşama doğru görüşdük. Bizə yaxşı bir türk restoranında qonaqlıq verdi.

Muzeylər “lənd”i

Bir şəhərdə muzeylərin bolluğu onun zəngin tarixinə işarədi.

O biri günlərdə də imkan düşdükcə muzeylərə dəyirdik. Amma səfərin iki gününü tamamən muzeylərə həsr etdik.

“Çarlz Dikkensin ev muzeyi” Dayti-strit 48 ünvanında yerləşir. Bura metronun bir neçə stansiyasından gəlmək olar. Biz “Russell Square”da düşdük.

Dikkens bu evdə cəmi iki il yaşayıb. Onun Londonda qaldığı evlərdən tək bu durur. 2012-ci ildə təmir ediblər. Dəhlizin, pilləkənin bir neçə yerində divara Dikkensin “kölgə”sini elə çəkiblər, deyirsən bəs, sahibi elə indicə burdaydı, çıxıb, bu saat gəlir.

“Oliver Tvistin macəraları” bu evdə yazılıb. Balaca Oliverin ağrı-acılarını xatırlayıb Çalzın romanı yazarkən hansı ovqatda olduğunu duymağa can atıram. Muzeyin kafesində oturub kofe içirik. Radio-bələdçi dahi yazıçının burda iztirablı günlər keçirdiyini deyir.

Öz acılarındanmı yaradıb Oliveri?

***

Bir tin o yanda Roger-strit 12 ünvanında yerləşən “Çarlz Darvin Evi” (Charles Darwin House) bağlı idi. Əgər Darvinin həyatı, yaradıcılığı ilə maraqlanırsızsa, bir qədər uzaqlığına baxıb ərinməyin, onun ev-muzeyinə – “Down House”a gedin.

Vaxt qıtlığıdısa, ora gedə bilmirsizsə, “Təbiətşünaslıq muzeyi”ndə (Natural History Museum) “Darvin mərkəzi”ni ziyarət edin. Bəşərin yaranış tarixinə səyahət də adlandırardım bu muzeydə dolaşmağı. Əlimdə əlac olsa təkamülü inkar edən, dünyanın bir “Ol!” əmriylə altı günə yarandığına inananları bura ekskursiyaya gətirərdim. Xüsusən də təkamül nəzəriyyəsini məktəb proqramlarından çıxaran Türkiyənin təhsil yönətənlərini, bizim dindən xəbərsiz dindarlarımızı.

XIX əsrin ortalarında elan etdiyi təkamül nəzəriyyəsiylə Darvin dünyanı dəyişdi. Əsrlər boyu davam edən elm-din debatında söz sahibi oldu.


Alimlər İngiltərədə tapılan qədim insan sümüklərini öyrənərkən, hannibalizmin nişanələrinə rastlayıblar. Britaniyalıların mağara dövr əcdadları yemək tapmayanda bir-birlərini yeyirmişlər. Ocaq başında ora-bura tolazlanmış sümüklər bir adamın imiş. Çöldə-meşədə adam kabab yeyəndə sövq-təbii sümüyü hara gəldi atır ey, bax heylə, əti yeyib sümüyü fırıldadıbmışlar.

İnsanlığın sonrakı inkişaf tarixini düşünəndə hannibalizmin canımızda olmasına inanırsan. İnsanlar elə indi də bir-birini yeyirlər, sadəcə indi ətini yox, ruhunu, canını, ömrünü yeyirlər. Lap şairanə çıxdı!

Darvinlə vidalaşıb yolumuza davam edirik.

***

Açığı gəzinti proqramına “London Film muzeyi”ni salanda zənn edirdim ki, Çaplin, Hiçkok, başqa ingilis kino xadimlərini xatırladan eksponatlar da görəcəyik. Sən demə, muzey yalnız məşhur Ceyms Bond seriya filmlərinə həsr olunubmuş.

İngilis yazıçısı Yan Fleminqin romanları əsasında 50 il ərzində 24 film çəkilib. Baş rolu xeyli aktyor oynayıb. Mən Şon Konnerinin “Bond”unu bəyənirəm.

Muzeyi gəzə-gəzə “Agent 007” – Ceyms Bondun filmlərdən təhlükəli tryuk süjetlərini, çəkilişlərdə istifadə olunmuş maşın, qayıq, təyyarə, silahları qızıma göstərib dilxoşluq edirəm: “Cavanlıqda atan da belə edərdi”. Arxadan xanım dillənir: “Nəsə yadıma gəlmir axı”. Ayana mənim zarafatımdan çox anasının sözü ləzzət elədi, gülməyindən bildim.

Mənsə Bondun “Aston Martin DB5” markalı maşınına baxa-baxa zarafata davam edirəm: “İmkan verməz ki, hamının şəxsi qəhramanlıq tarixi uydurduğu zəmanədə gənc nəslə həqiqəti çatdırasan”.

Muzeydən aldığımız xoş ovqat “Covent Garden” yunan kafesində də davam elədi.

***

Böyük Britaniyanın bir vaxt dünya imperiyası olduğunu “Britaniya muzeyi”ndə daha aydın dərk edirsən. Bu nəhəng muzeydə bütün sivilizasiyaları əhatə edən 7 milyonacan eksponat var. Luvrdan sonra dünyanın ən çox ziyarətçi qəbul edən muzeyidi.


İngilis əsgərinin ayağı dəyən yerə arxasınca arxeoloqlar, tədqiqatçı alimlər gedib. Ən dəyərli mədəniyyət nümunələrini imperiya paytaxtına daşıyıblar. Öyrənib, qoruyub saxlayıblar. Yunanıstan, Misir hələ də onlardan aparılmış tarixi abidələrin davasını döyür, geri qaytarmağı tələb edir.

Qədim Misir abidələri sərgilənən zalda dediklərim Ayana maraqlı gəlir deyə ətraflı danışıram. Deyirəm, Məmlük sultanlığından üzü bəri biz türklər Misirdə 700 il hakim olsaq da bir dəfə maraqlanmadıq ki, bu ehramlar, piramidalar nədi, kimindi. Amma Napoleonun cəmi bir neçə illiyinə tutduğu Misirdə fransızlar abidələri tədqiq edir, qədim mədəniyyəti öyrənir, tarixi nümunələri toplayıb Parisə aparırlar. 1798-ci ildə Misir İnstitutu (Institut d’Égypte) belə yaranır.

Hələ ingilislərin sonralar daha geniş tədqiqata başlamalarını demirəm.

Uzatmayım, bir sözlə Londonda 300-dək muzey və qalereya var. Dövlətinkilərlə yanaşı özəl muzeylər də çoxdu. Hər zövqə, marağa uyğun olanını tapa bilərsiniz. Bircə bol vaxtınız və bir az da pulunuz olsun. Pul da əsasən özəl muzey və qalereyalarda gərəkdi. Əksər dövlət muzeyləri pulsuzdu.

Maqna Karta və Çingiz xanın Yasası

“Londonun gözü”nə (“London eye”) metronun “Westminster” stansiyası ilə gəlmək olar. Düzü fikirləşirdim ki, neçə günün yorğunluğunu bir qədər adrenalinlə çıxararam. Dedim, fırlanan nəhəng əyləncə çarxında başgicəlləndirən hündürlük həyəcanlı olar. Amma o qədər yavaş fırlanırmış ki, qorxu-filan duymadım. Növbəyə uzun zaman sərf etməyə dəyərdimi, bilmirəm. Hər halda yaxşı fotolar çəkdik.

Adama deyərlər, sənə həyəcan-adrenalin lazımdı? Onda buyur, “Qarıneşən Cek Muzeyi”nə (“Jack the Ripper Museum”). Metronun “Tower Hill” stansiyasında düş, Keybl-strit 12 ünvanına, sonralar saysız bədii əsərə, filmə personaj olacaq qorxunc qatilin muzeyinə gəl.


Burada adamı vahimə bürüyür. Öldürdüyü qadınların fotoları, işgəncə və qətl alətləri, qurbanın saxlandığı otaq xüsusi səs fonunda xof yaradır.

“Qarıneşən Cek” 1888-ci ildə silsilə qətllər törədən, London sakinlərini vahimədə saxlayan, polisin tapa bilmədiyi naməlum manyaka verilən şərti addı. Qatil polisə göndərdiyi məktubları Cek adıyla imzalayırmış. İlk dəfə bu ada Boris Akuninin “Dekorator” povestində rastlamışam.

Ceki qoyaq tarixdə qalsın, yolumuza davam edək.

“Londonun gözü”ndən düşüb “Vestminster körpüsü”nə sarı gedirik. Bir az təlaşlıyam. Buranı tez keçmək istəyirəm. Şəkil çəkdirməyə də hövsələm çatmır. Üç ay qabaq bir terrorçu bu körpüdə adamların üstünə maşın sürmüşdü, beş nəfəri öldürmüş, əllidən çoxunu yaralamışdı. Belə görürəm, narahatlıq keçirən tək mənəm, izdiham öz kefindədi – körpü o qanlı günü “unudub”.

Körpünü keçən kimi məşhur “Big Ben” saatı olan qülləyə çatırsan. Təmirə bağlandığı üçün biz ora çıxa bilmədik. Yolunuz düşsə, açıq olsa, tənbəllik eləməyin, qalxın.

Ölkənin parlamenti elə burada – “Vestminster sarayı”nda yerləşir. Britaniya parlamenti dünyada parlamentarizmin inkişafına ciddi tövhələr verib. Qədim tarixi var.


Böyük Azadlıqlar Xartiyası hələ 1215-ci ildə qəbul olunub. Daha çox “Maqna Karta” adıyla tanınır. Kral Con ingilis baronlarının təzyiqi altında imzalayıb onu. Xartiyaya əsasən zadəganların razılığı olmadan kral hər hansı siyasi, iqtisadi qərarlar qəbul edə bilməz.

Maraqlıdı, bu sənəd dünyada insan hüquq və azadlıqlarının ilk aktı hesab olunur. Amma nədənsə unudulur ki, “Maqna Karta”dan 9 il əvvəl 1206-cı ildə sosial mənşəyindən asılı olmayaraq insanların bərabərliyi, hüquq və azadlıqları kimi bəşəri dəyərlər Çingiz xanın Yasasında – qanunlar toplusunda öz əksini tapmışdı. Onun yaratdığı Böyük Məclisdə – monqol-uyğur zadəganlarının iştirakı ilə keçirilən ümumxalq Qurultayında qəbul edilən Yasaya (müasir konstitusiyanın analoqu) sonrakı əsrlərdə sələfləri də əməl edir.

Daha maraqlısı odur ki, kral Condan fərqli olaraq, Çingiz xan bu hüquq və azadlıqları təhdid altında yox, təbəələrinə özü könüllü vermişdi.

Britaniya ənənələrə sadiq ölkədi, parlament islahatları kralın səlahiyyətlərini məhdudlaşdırsa da ləğv etmədi. Tək krallıq yox, ölkənin ənənəvi zadəganlıq istitutu da qorunub saxlanıldı – parlamentin Lordlar palatası kimi. Palata ali ruhanilərdən, zadəganlardan formalaşır, lordların əksəriyyti bu hakimiyyəti irsi olaraq qazanır.

Ölkənin qanunverici söz sahibi seçkili orqan olan Nümayəndələr palatasıdı.

Parlament meydanından keçib, qoca Çörçillin heykəlinin yanından ötüb yola davam edirik.