Kövkəb Səfərəliyeva 25 ünvanında yaşayan sakinlərlə "Azəravtoyol" MMC-nin işçiləri arasında qarşıdurma yaranıb.

Bu barədə "Qaynarinfo"ya sözügedən ünvanda yaşayan Bakı sakini Emilbəy Kazımzadə məlumat verib. O, qurumun yaşayış evlərini sökmək istədiyini, lakin verilən kompansasiyanın sakinləri qane etmədiyini deyib:

"Söküntü işlərini "Azəravtoyol" həyata keçirir. Yaşadığımız ərazidə qaçqın və məcburi köçkünlər yerləşib. Binanın bütün mənzilləri sahəsi kiçik olan evlərdi və maksimum 16-18 min manat kompansasiya düşür. Təklif olunan bu pul da heç kimi qane etmir. Həyətdə xeyir-şər evi var idi. Oranın sahibi artıq müqavilə əsasında o yeri satıb və kompensasiyasını alıb. Hazırda əraziyə İcra Hakimiyyətinin, "Qaçqınkom"un nümayəndələri, bir də polis əməkdaşları gəliblər. İndi "Azəravtoyol" həmin ərazini sökmək istəyir. Sakinlər isə söküntü işləri aparılarkən binanın qəzalı vəziyyətə salınmasından qorxurlar. Ona görə də, belə bir vəziyyət yaranıb. Dediyim kimi verilən kompansasiya olduqca aşağıdır və bu pulla indiki zamanda heç bir yerdə mənzil almaq mümkün deyil".

Çingiz Səfərli

Qaynarinfo.Az