Hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin zirvəsində olan "Zirə"yə fəxri prezident və prezident təyin olunub. "Qaynarinfo" xəbər verir ki, bu barədə klub tərəfindən məlumat verilib. Klub məsələ ilə bağlı bəyanat da yayıb:

"Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş "Zirə” Peşəakar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilib.

Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir.

Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov "Zirə” PFK-nın fəxri prezidenti seçilib. "Zirə” PFK-nun yaradılmasının əsas təşəbbüskarı olmuş O. Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdir.

Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov "Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək".

Qaynarinfo.Az