Lalə Niftaliyeva

Yəqin ki, "Kitabi Dədə Qorqud" dastanını oxumusunuz. Mənim mütaliə etdiyim bədii əsərlərin içində ilk yerlərdə gəlir. Hələ dərsdə müəllimin dastan haqqında dediyi fikir də yadımda qalıb: "Həmin dövrlərdə qadınlar içki məsclisində iştirak edər, şərab içər, döyüşlərdə kişilərlə çiyin-çiyinə vuruşardı". 

Bu cür dastanlar bizim keçmişimiz və genlərimiz haqqında təsəvvür yaradır. Tamamilə razıyam ki, o dövrdə də qadın "namus" simvolu sayılırdı. Lakin bu qadın sənin, mənim anam kimi fədakar falan deyildi. Bu qadın üçün qonşunun qızı Burla xatunun kimə ərə getməyi vacib deyildi, düz sözümdür. Məsələn, Oğuz elinin igid oğlu Qan Turalı üçün vacib deyildi onun evləndiyi qadın göyərçinlə kimə məktub göndərib, qonşunun oğlunun atına minib ya yox, ya da anası kimi yemək bişirməyi yaxşı bacarır? Belə də iş olar? Bəs müsəlmançılıq? Milli-mənəvi qadından ibarət olan dəyərlər harda qaldı? Qan Turalının yəqin psixoloji problemləri olub hə? Ramiz Rövşən demişkən, yox, atam balası, həmin o Qan Turalı hələ "qılınc müsəlmanı" deyildi. Oğuz elinin igidi idi. Və o deyirdi ki, mən istəyirəm evləndiyim qadın:

"Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola".

Eh gidi günlər ehh... Bunu deməkdə məqsədim odur ki, siz müsəlman olmamışdan qabaq Qan Turalının qanını daşımısınız. Eləcə də qadınlarımız Burla xatunun. Mən də hər zaman bunları genlərimizin üstünə atırdım ki, keçmiş zamanlarda hər şey bu cür olub. Sonra görürsən ki, yox. Maraqlıdır xalqımız ərəblərin və farsların hakimiyyəti altında olduğu kimi, rusların da hakimiyyəti altında olub. Amma ruslardan heç nə götürməyiblər. Əksinə, yaşlı nəsl fəxrlə deyir ki, "Biz rusların hakimiyyəti altında olanda, xəlvətcə quran da oxumuşuq, namaz da qılmışıq". 

Amma bu cür işıqlı, əsl-kökü olan insanlar niyə belə cahil kütləyə çevrilsin ki? Uzun müddətli hakimiyyətin təsirindənmi? Qılıncın qorxusundanmı? Nədir axı problem? 

Elə bilirsiniz bu mövzular məni yormur? Həm də çox... Amma mən paylaşmağı sevən insanam. Bilmirəm mənim kimi insanlara nə deyirlər? Amma mən xoşbəxt etdiyim müddətdə xoşbəxt oluram. Özümü tərifləmirəm. Sadəcə, bu mövzulara durmadan niyə toxunduğumu sizə demək istəyirəm. Bakıda mərkəzi küçələrin birində kirayə qalıram və ətrafımda beyni intellektual, lakin mənəviyyatı "qılınc müsəlmanı" olan çoxlu dostlarım var. Dərinliyə getməsən, onların ən azından mənim kimi qadınları istifadə etmək məqsədi ilə də olsa, rahat qəbul etmələri sakitləşdirir. Bir az arxayınlaşırıq. Ağıllı Burla xatunlar da qarşılıqlı olaraq, bu dostlardan istifadə edir. Yəni,  fikir mübadiləsi inkişaf etmək istəyənlər üçün şərait yaradır. Özünü tək hiss etmirsən, rahat ola bilirsən. Yenə də deyirəm, çox dərinə getmədən, həmin dostların olmaq və görmək istədikləri düşüncələrini dinləməklə çox şey öyrənmək olur. Amma qətiyyən onların əsl üzü ilə maraqlanmaq olmaz. Bu sizi xəyal qırıqlığına uğrada bilər. 

Bu mühitdən 3 stansiya uzaqlaşan kimi adamı yenə kədər bürüyür. Görürsən yox. Sən Cəfər Cabbarlının "Almaz"ı, "Sevil" deyilsən. Qonşunuz Bikə xalanın Bakıda kiminsə hesabına yaşadığını düşündüyü Laləsən. 

Rayona gedən kimi ağır depressiyaya düşürəm. Ailəm məni olduğum kimi qəbul etdiyi halda, elə həmin o Bikəyə görə bədbəxt olur. 

Bizim rayonda kitabxana var, amma ora gedən yoxdur. Kitabxanada işləyən o yaşlı qadınlar mürgü vurmaqdan yorulur. 

Çox uzağa getmədən öz ailəmi və yaxınlarımı müşahidə etməklə, necə bədbəxt olduqlarını anlayıram. Məsələn, ən yaxın qohumum, iki uşaq anası mənə öz dərdini danışır: "Mən çox aqqresivəm, əsəbdən saçım tökülür, ürəyim ağrıyır. Bəzən hirsimi uşaqlardan çıxıram. Amma elə böyük problemlərim də yoxdur".

Əri ilə seks həyatını soruşanda verdiyi cavab hər şeyi aydınladır: "Dəlisən? Çox iyrənirəm. Heç xoşlamıram".

Və bu qadın dərdini həkimə danışmağa utanır. Təsəvvür edin, bu cür ailələr Azərbaycanda nə qədərdi. Siz də deyirsiniz ki, "Daha toy kassetindən arvad seçən yoxdur". 

Hə, qardaş, sən deyəndi. Həyat yoldaşına sosial şəbəkədən istifadə etməyə icazə verir. Ciddi şəkildə vurğulayıram "icazə verir" elə bilir ki, vəssalam, artıq hər şey yaxşıdı. Axı mənim, sənin, onların ailəsi hələ də bədbəxtdir. Mənim dayım qızının 16 yaşı var, amma onun heç bir bəşəri arzusu yoxdur. Mənim qonşumun qızları hansı ki, qucağımda böyüyüb, onlar indi məndən qoca görünür. 

Bütün bunların günahkar bilirsiniz kimdir? Rəngli insanların bədbəxtlik depressiyası... Biz hələ də "Danabaş" kəndində yaşayırıq. Çünki heç kim böyüdüyü mühitə qayıdıb, Bikə xalaya demək istəmir ki, "Ay arvad, sən sus! Sənin vaxtın bitib!" Bu rənglər bizim payımıza əbəs yerə düşməyib. Bu cəmiyyətə kitab yazmaq yox, kitab oxumağı öyrətmək lazımdır. Hə, bir də çox bəsit misal göstərmək istəyirəm. Fəxrlə haqqında danışdığımız azərbaycanlı maarifçilərin hamsı kənd məktəblərində dərs deyib. Artıq bu depressiayadn çıxıb, inqilab etməyin vaxtıdır!

Qaynarinfo.Az