Lalə Niftalıyeva

Həyat da elə hava kimidi. Girişləri sevməyən mən yenə sizinlə özümdən danışacam. Bəlkə çox eqoistlik edirəm. Bəlkə siz də mənim yazımda özünzü tapacaqsınız. Amma mənim çatdığım bir həqiqət və onu sizinlə bölüşmək istəyini yaradan bir eqom var. Məni qınamağa tələsməyin, hər birimizin içində yeni öyrəndiklərini, hisslərini paylaşmaq ehtirası baş alıb gedir. 

Deyirəm, payız bir günə yox ha, bir anın içində gəlir. Mən də bu qarşıqlığın içində gah xəngəllə meyvə arağı içmək, gah da acı qəhvə ilə gərgin bir film izləmək istəyirdim. Amma heç birini edə bilmədim. Elə "Berqa" ilə dəmlədiyim qara çayı kəllə qəndlə içə bildim. "Əlinizdə olanlarla xoşbəxt olmağı bacarın" deyir bütün "facebook" dostlarım. Nə deyirəm, xoşbəxt olmağa çalışaq.

İranlı müğənni var, Mohsen Namjoo. İki ildən uzun müddətdir ki, hər gün bu səsin sehrinə düşürəm. Əvvəllər musiqi dinləyə bilmirdim. Dinləyib, məişətə dalırdım. Təsəvvür edin ki, Mohsen deyir: "Mən sənin sevginə həbs olduğum gündən, azadam". 

Həmin an aşiq olduğum insanı gözümün önündə canlandırıb, özümü onu sevdiyimə inandırıram. Sizə qoşulub: "Ayıbdır, Lalə, sənin belə vaxtların da olub"? deyirəm özümə. Axı əzizlərim, yaşadıqlarımız bizi böyüdür. Mən də o mərhələni keçib, Mohsenin ilahi səsinə qarışıb, bütün dünyadan qopmağı kəşf edə bilmişəm. 

Dünən gecə payızın anlıq gəlişinə çay içirdim. Təbii ki, eyni vaxtda da Mohsenin səsinə qarşıb, notlarla sevişirdim. Elə bu ilahi anlarda Xuda mənə qəribə bir hədiyyə göndərdi. Bilirsiniz də, o hədiyyə verəndə, qapının zəngini çalıb qaçmır. Onun hədiyyəsi içinizə əkdiyi şübhə toxumudur. Təsəvvür edirsiniz bu şübhələrdən məhrum nə qədər insan var. Onlar hədiyyələrini itirdikləri üçün, Xuda daha onları mükafatlandırmır.

Hədiyyələr hər zaman bizi xoşbəxt etmək üçün nəzərdə tutulmur. Necəki, pillə-pillə həqiqətlərə çatıb, kitabı oxuduğun kitabların sayı artsın deyə yox, buna ruhən ehtiyacın olduğu üçün oxuyursan, musiqini xatirələri canlandırmaq üçün yox, öz məninə səyahətə çıxmaq naminə dinləyirsən, bax, bəzi hədiyyələr də sənə çılpaq olmağı təlqin edir. 

Axşam da mənimlə elə oldu. Elə təsəvvür edin ki, "Tarqovı"da çətirli qızın yanında dayanıb kimisə gözlədiyin yerdə, gözə görünməz bir qüvvə sənin paltarlarını əynindən çıxarır. Utanmaq nə kəlimə? Mənim də hisslərim axşam elə əynimdəki paltarlarım kimi məni tərk etdi. Yerdə qalan mənzərə o qədər vahiməli göründü ki, bir anlıq bütün həyatımın böyük yalan olduğunu anladım.

İndi deyirsiniz ki, ay qız, sən nə danışırsan axı? Öz dilimizdə danış biz də anlayaq. Sizimi qıracam? Gəlin hər birimizin başa düşdüyü, düşməyə çalışdığı, düşmək üçün çırpındığı münasibətlərdən yola çıxaq. Və bu münasibətlərdən şeir, musiqi, əsər, hədiyyə, film, gül dəstələri və s. buna bənzər hər şeyi soyunduraq. Ortaya bir qadın, bir kişi və bir də seks çıxır. Biz bu həqiqətlə barışmamaq üçün o qədər proseslər kəşf etmişik ki? Bütün yol seksə və çoxalmağa xidmət edirsə, "bəs yaşadığımız bu qədər həyəcan nədən yaranır?" sualını verə-verə anlaya bilərsiniz ki, bütün bu şou o qorxduğumuz həqiqəti dərk etməkdən qaçmaq üçün yaranıb. Yəni bu qədər ağlayıb-sızlamaq, dərd çəkmək hamsı gözümüzü bağlayıb, gerçəklərdən uzaqlaşmaq üçün uydurulmuş oyunlardır. Bütün bu üzüntülü və ya xoşbəxt durumların yaranmasına səbəb eqodur. Çünki insan özündən başqa heç nəyi düşünmək iqtidarında deyil. Yanımızda olan insanlar, sevdiyimiz əşyalar, yediyimiz yemək və arzularımız yalnız bizim eqomuzu xoşhallandırmaq üçün nəzərdə tutulub. Məsələn, valideynlərimizin sevgisini xatırlayaq. Onlar üçün biz niyə bu qədər əzizik? Çünki bizim hər uğurumuz onlar üçün fəxrdir. Bununla onlar qürrələnə bilir, özlərini cəmiyyətdə yaxşı valdeyin kimi təsdiq edə bilir. Yoxsa "pis övlad" və "yaxşı övlad" anlayışı hardan ortaya çıxa bilərdi? Əgər bu sevgidə təmənna olmasaydı, elə "övlad"ın özünü olduğu kimi sevmək olardı. 

Mən sizə bunları dəyişin demirəm. Qətiyyən... Sadəcə olaraq, dərk edin ki, gecənin bir aləmi döşəyi qucaqlayıb ağladığınız heç kim mövcud deyil. O eqonuza sahib çıxsanız, həyat daha gülərüz olacaq. Yersiz romantikaya gərək yoxdur. Şair demişkən: "...Payızdır da, payızda yağar belə yağışlar"...(Orxan Bahadursoy) 

Qaynarinfo.Az