Şanlı-şöhrətli millətimin elə gözəl sözləri var ki, insan bəzən müəyyən mövzularda bu sözlərdən misal gətirməyə məcbur olur. Elə mənim sizin üçün açmaq istədiyim mövzuya da bu misallar çox uyğundur. Fəqət, birazca ədəbsiz misallardır. Mən yazsam, dərc etməzlər, dərc etsələr, siz oxumazsınız, siz oxusanız, qəbul etməzsiniz. Ona görə də yaxşısı budur fikrimi dolayısı yolla nəql edim. Biraz çətin olacaq, amma ki, bu senzuralı dövrdə başqa carə yoxdur. 

Onlar danışanda, mən susurdum. İndi onlar susub. Nə qədər ki, onlar susub, icazə verin biraz mən danışım. Ona görə onlarla birlikdə danışıb, onlarla birlikdə çənə döymək istəmirəm ki, fikirlərim daha aydın şəkildə başa düşülsün. Əks təqdirdə, Əlinin də aşından olarıq, Vəlinin də. Di, icazənizlə mən mətləbə doğru yavaş-yavaş keçid edim. 

Son illər Azərbaycan teatrı dünyanın diqqətində olmasa da, ölkənin diqqətində olmağı bacarıb. Buna səbəb olan bir çox şəxslər, o cümlədən müəyyən qurumlar var. Bu şəxslərin və qurumların əksəriyyəti mənfi tərəfdən teatrımızı gündəmə gətiriblər. Mənfi tərəf deyəndə, əlbəttə ki, teatrımızı qalmaqallarla gündəmə gətirənləri nəzərdə tuturam. Gərək insan özünü də, təmsil etdiyi qurumu da, qalmaqallarla yox, uğurlarla, yeniliklərlə gündəmə gətirməyi bacarmalıdır. Təəssüf ki, çoxları uğur və yeniliyi seçmirlər. Bəlkə də seçə bilmirlər, çünki bunlar cəsarət, əzm və varsa biraz da istedad tələb edir. Bu şeylər də onlarda olmadığı üçün, məcbur qalıb, çıxış yolunu qalmaqallarda tapırlar. Özlərini və qurumlarını, böyük götürsək, ölkə teatrını iyrənc və aşağı səviyyəli qalmaqallarla tanıdırlar. Bu yolla gündəmə gəlmək həqiqətən lazımdırmı?

Bu yaxınlarda internetdə bir videoya baxdım. Videoda teatrlarından birinin hazırladığı tamaşadan kadrlar göstərilirdi. Teatr üçün çox yaxşı baxış sayı var idi. Lakin yazılan rəylərdə, tamaşanı ərsəyə gətirəni də, tamaşanı oynayan aktyorları da, bir sözlə tamaşada əziyyəti keçmiş hər kəsi söyürdülər. Yazıq aktyorun atasının-atasının nə günahı var ki, onların övladına verdiyi tərbiyə müzakirə mövzusuna çevrilsin. İndi sizdən soruşuram, bu cür baxış sayısı sizə lazımdırmı? Həqiqətən, sizi təhqir edən insanların arasında gündəmə gəlmək sizin üçün xoşdurmu? Bu o şəxslər üçün xoş olar ki, söyülən hər bir söyüşü öz xeyrinə çevirir. Elə buna görə də söyülmək xoşuna gəlir və hətta daha çox söyülmək üçün daha çox qıcıqlandırıcı hadisələrə yol verir. Hətta söyüşü, qidaya çevirməyi bacarır. Qazanc kimi onlara gələn söyüşləri görür və ola da bilsin, elə qazanır da. Lakin burda qazanan sadəcə bir şəxsdir və söhbət sadəcə maddi qazancdan gedir. Bəli, söyüşü pula çevirmək mümkündür! Bu kimi hallar təkcə teatrda deyil, incəsənətin bütün sahələrində var.

Bəs incəsənət naminə özünü bir çox imtiyazlardan məhrum etmiş aktyorlar və digər yaradıcı kollektivin aqibəti necə olur? Mən sizə deyim, onlar sadəcə bu iyrənc qalmaqalların və şouların qurbanına çevrilirlər. 

Hələ bir ili yenicə tamam olan “ƏSA” Teatrı, sözün əsl mənasında ölkə teatr mühitini silkələyə bilib. Teatr dünyasına yeni nəfəs verib. Necə deyərlər, bu danılmaz faktdır. Nəinki ölkədə, bir çox beynəlxalq arenada da çıxış tapıb. Teatr haqqında beynəlxalq medialar məqalələr yazıb. Qurduğu tamaşalarda tamaşaçı sayı ilə müasir tarixə öz imzanı atıb. Qısa müddətdə sayını da itirdiyimiz tamaşaçı sevgisi qazana bilib. Bunların heç biri qalmaqallarla, saxta şoularla əldə olunmayıb. Onu da qeyd edim ki, teatr istər yerli, istərsə də, xarici qurumların da diqqətini qalmaqallarla cəlb etməyib. Öz uğurları ilə, üslubu ilə diqqət mərkəzində olub. Ölkəsinin cəmiyyətindən imtina etməyib, özünü əzilmiş, tapdalanmış kimi göstərməyib. Sahibi olduğu heyətin qürunu və ləyaqətini daima qoruyub, onların aşağılanmasına heç bir zaman yol verməyib və bu müddət ərzində ƏSA Teatrına bir dənə də olsun, söyüş ünvanlanmayıb. (Bu yazıdan sonrası istisnadır – N. Qulamzadə)

Həmçinin təvazörkarlıqdan uzaq olsa da, deməliyəm ki, müstəqil teatrlar arasında öz sözünü bütöv və konkret şəkildə demiş, sosial və cəmiyyəti narahat edən problemlərə bədii yolla bir başa toxunmuş, qurduğu tamaşalar ilə ölkənin yuxarı instansiyalarını tənqid etmiş yeganə teatr “ƏSA”-dır. O “ƏSA” ki, səhnələşdirdiyi tamaşanın yükü o qədər ağır olur ki, işlədiyi qurumdan qovular deyə, tamaşa zamanı çəkilən şəklinin silinməsini xahiş edən bir neçə tamaşaçıya da sahibdir. Bu sadaladıqlarım gördüyümüz işlərin kiçik bir hissəsidir, aysberqin görünməyən tərəfini teatrımızın işləri ilə tanış olan şəxslər çox gözəl bilir. Cəsarət istəyirsinizsə, buyurun, cəsarət budur. 

Deyə bilərsiniz ki, onlar söyülmək üçün heç bir şey etmir, əksinə yeniliyə can atırlar, sadəcə cəmiyyətimiz söyməyə meyillidir. Xeyr! Bu əsla belə deyil! Söyülmək istəməyən şəxs və ya qurum, bu vəziyyətdən mütləq çıxış yolu tapa bilər. Bu çıxış yolunun adı da – cəsarət, əzm və varsa biraz da istedaddır! 

Cəmiyyəti qıcıqlandıraraq yox, maarifləndirərək inkişafa aparmaq mümkündür. 

Bir çoxları üçün mübarizənin simvolu olan Nelson Mandela belə deyir, “cəmiyyəti dəyişmək elə də çətin deyil, çətini özümüzü dəyişməkdir”.

Gəlin, əvvəlcə özümüzü dəyişək, sonra cəmiyyətimiz haqqında düşünərik.

Davamı olacaq...

ƏSA Teatrının bədii rəhbəri 

Nihad Qulamzadə