Həyatının bir parçası incəsənət olmayan insanlar zövqdən məhrum insanlardır. İncəsənət geniş məhfumdur. Texnikanın inkişaf etdiyi dövrümüzdə hər şeyi izləməyə meyllənən bir dünya formalaşır. Amma bu inkişaf sözün öz qüdrətini itirməsinə zərrə qədər maneə ola bilmir. Biz gördüyümüz, duyduğumuz hər şeydən söz vasitəsilə zövq alırıq.

Elə bu müsahibədən də zövq alacağınıza əminəm. Çünki sözün qiymətini anlayan insanlar ondan sevgi ilə istifadə etməyi bacarır. Müsahibim isə gənc şair və qiraətçi Xəzər Süleymanlıdır.

Xəzərlə ilk tanışlığım bir rəfiqəm vasitəsilə olub. İlk görüşdən kübarlığı, təmkinli davranışı və gözəl səs tonu ilə məni cəlb etmişdi. Ondan sonra biz yenidən şeirləşmək və qəzəlləşmək üçün bir daha görüşdük. Xəzər ifa etdiyi şeirlərin hər sətrinə hopmağı bacaran insandır. Bu müsahibəni oxumazdan əvvəl, mütləq çayınızı süzün, yanına da payızda daha ləzzətli olan, sevdiyiniz mürəbbədən qoyun və zövq alın.

- Xəzər biz artıq tanışıq. Və mən də sənin səsinin sehrindən zövq alan izləyicilərindənəm. Amma sən də özün haqqında kiçik bir təqdimat versən, oxucular səni daha yaxından tanıyar. Məsələn, niyə mühəndislik yox, şairlik?

- Mənim öz ixtisasım dizaynerlikdir. Amma bu sahə ilə qətiyyən əlaqəm yoxdur. Öncə Memarlıq və İnşaat Universitetinə girmək istəyirdim. Amma sonra başımı aldatdılar ki, İqtisad Universiteti daha yaxşıdır. Mən də bunları ciddiyə alıb, həmin universitetin Texniki dizaynerlik fakültəsinə qəbul oldum. Atam mühəndis işləyirdi. Mən də tələbə olanda, onun yanına çox gedirdim və bu iş doğurdan da çox xoşuma gəlirdi. Əsgərlikdən qayıtdıqdan sonra mühəndis olaraq çalışmağa başladım. Keçən il işin dayanması ilə bağlı mən də o sahədən uzaqlaşdım. Bu yaxınlarda açılsa, davam edəcəm. Qiraəti isə sevirəm və bu işdən mən heç nə ummuram. İlk vaxtlarda çox komplekslərim var idi. Məsələn, 10 yaxın dostuma ürəyimi aça bilirdimsə, 11-ci tanımadığım adamın yanında bunu edə bilmirdim. Özünə inam yaratmaq çox çətin məsələdir. Olar ki, deyəsən bu köynək sənə yaraşır. Yeni olduğu üçün bunu deyirəm ha... (gülür) 

- Yaraşır...

- Bu köynəyin mənə yaraşdığına inanmaq üçün çox uzun müddət səni tanımalı və səmimiyyətinə inanmalıyam. Hələ təsəvvür et, bu şeir səsləndirmək mövzusudur. Gərək məndə özümə inam nə qədər çox olsun ki, öz səsimə və şeiri yaxşı səsləndirdiyimə inanım. 

- Maraqlıdır, necə oldu tanınmağa, özünə izləyici kütləsi yığmağa nail oldun? Uğurlarını kimə borclusan, demək istərdim, amma sən suala cavab ver...

- İlk dəfə 2009-cu ildə şeir paylaşmışam. Onunda çox maraqlı hekayəsi var. Sinif yoldaşlarımın yanında şeir dedim və onlar da çox bəyəndi. Dedilər ki, səsini mp3 et, bizə göndər. Həmin vaxtlarda "bluetooth" və "ik-port"la hər şeyin yayılan vaxtları idi. "Küləklər" şeirimi səsləndirib mp3 kimi göndərdim dostlarıma və dedim ki, heç kimə göndərməyin. 1 ay sonra baxdım ki, şəhərin bütün disk satılan yerlərində, "Zəngimcellər"də mənim səsləndirdiyim şeir var. O şeiri bəlkə sən də eşitmisən. Təsəvvür elə, əsgərlikdə komandirimin "Zəngimcell"i idi. Amma mənim səsləndirdiyimdən xəbəri yox idi. Universitetdə daha maraqlı olurdu. Dəhlizdə baxırdım ki, hər kəs o şeiri dinləyir. Amma komplekslərimə görə heç kimə mənim olduğunu demirdim. Əsgərlikdə bir dostum var idi. Xatirə dəftəri tutmuşdu ki, hər kəs bir arzu yazsın. Mən də ora bir bənd şeir yazdım. O da qayıdıb mənə dedi ki, "Sənin bir adaşın var, onun "Küləklər" şeiri var, çox bəyənirəm". Məni də gülmək tutdu, elə gülə-gülə təsdiqlədim ki, düz deyirsən. Birdən mənə təəccüblə baxıb dedi ki, "Ayə, bəlkə o Xəzər sənsən"? Nə qədər gülmüşdüm... Təkcə ona həmin Xəzərin özüm olduğunu dedim. Bilirsən, Lalə, istəyirdim ki, səsləndirdiyim şeirləri dinləyən insanların bir səviyyə kütləsi olsun. Yəni, ara musiqiləri dinləyən adamların on mininin məni tanımağındansa, 5 zövqlü insanın tanımağı daha maraqlı idi. Həmin o zövqlü izləyiciləri tapmamışdım deyə, kompleksimi aşa bilmirdim. Onu Aqşin Evrənin "Unutmağın resepti" şeirini səsləndirməklə bacardım. Ona qədər boş işlə məşğul olduğumu düşünürdüm. Amma bu şeirdən sonra gördüm ki, mən istədiyim təbəqə üçün artıq maraqlıyam. Və ondan sonra dostluq təklifləri gəldi. Həmin insanlar mənim şeirlərimə fikir bildirməyə başladı. 

- Aqşin Evrənin şeirlərini bir başqa doğmalıqla səsləndirirsən. Elə bil ki, o şeirlər elə sənin səsinə və nəfəsinə yazılıb. Əvvəldən dostluğunuz var idi, ya şeirini səsləndirdikdən sonra tanış olmusunuz?

- Aqşinin şeirini bir xanım səsləndirmişdi, lakin o qədər də uğurlu alınmamışdı. Mən də səhifəsində yazdım ki, icazə versəniz, bu şeiri səsləndirərəm. Bununla da tanışlığımız başladı. "Unutmağın resepti" şeiri böyük "partlayış" oldu. Davamı olaraq da, Qismət Rüstəmovun "Bir qadın var hardasa" şeirini səsləndirdim. Bir şeir üçün reklam olmadan 20 000 baxış sayının olması ilk idi. Bizim cəmiyyətin ümumi zövqünü nəzərə alsaq, onlar üçün daha maraqlı olan şeir "Sən evli gəlinsən, mən subay oğlan" başlığı ilə şeir paylaş, vəssalam. Nə qədər desən izlənəcək. Amma bir də var ki, səviyyəli bir şeir. Məsələn, çox adama "xoşbəxtəm yox, çox mətbəxəm"in olduğu şeir zövq vermir. Həm də sərbəst vəznli şeirə bir mənalı yanaşmırlar. 

Burda bir az haşiyəyə çıxıb, sənin yadına bizim şeirli, qəzəlli bir görüşümüzü salmaq istəyirəm. Həmin görüşdə sən qəzəl ifa edib, izahatını çox mükəmməl şəkildə verdin. Niyə qiraətlərinin içində qəzəl yoxdur?

- Mən Həsənağa Turabovun ifasında qəzəlləri çox dinləyirəm. Dinlədikcə görürəm ki, qəzəlin ritmi çox fərqlidir. Həm də istəyirəm ki, sərbəst şeirlə özümə bayaq dediyim o ciddi kütləni cəlb edim. Sərbəst şeir bir növ rahat loxmadı, tez həzm olunur. Düzdür, bəzi şeirlər var ki, onları da səsləndirməyə cəhd etmirəm. Bilirəm ki, yaxşı alınmayacaq. Qəzəl də belədir. İstəyirəm öncə dinləyicini buna hazırlayıb, sonra başlayım. 

- Xəzər, özün neçə vaxtdır şeir yazırsan və kitab çıxarmağı düşünürsənmi?

- 2009-cu ildən yazıram. Sonra əsgərliyə gedib, qayıtdım və daha da inkişaf etdirməyə başladım. Yaxın 10 ildə isə kitab çıxarmağı düşünmürəm. 40 yaşından sonra bəlkə də çıxardım. Şeiri çox gec-gec yazıram. Əgər şeiri qafiyə və ya hecaya uyğun yazsam, gün ərzində 10-un yazaram. Mən bir şeiri 3 aya yazıb bitirirəm. Həmin anlar o halın içində oluram. Və çox zövq alıram bundan. 

- Gəl bir az da şou-biznes mövzulu söhbətlərdən edək. Şəxsi həyatına giriş etməyəcəm, narahat olma. Yeniyetməlik yaşında olan və ondan çıxa bilməyən xanımlar üçün şeir yazan, hələ onu səsləndirən kişilər daha cəlb edici olur. Bir növ onun özündən çox şöhrətinə meyl edirlər. Bunlarla bağlı yaddaşında maraqlı hadisələr qalıbmı?

- (gülür) Çoxdur. Amma insanın öz xarakterindən də çox şey asılıdır. Bir dəfə biri yazıb ki, "Guya siz Xəzər Süleymanlısız?". Mən də həvəslə cavab verdim ki, "Hə mənəm". O da qayıdıb dedi ki, "Onun bu səviyyəsiz yerdə nə işi var?". Çox gülmüşdüm bu hadisəyə. Bu yaxınlarda da "Ögey ana" serialının baş rolunda olan aktrisa Ləman Novruzova ilə selfi çəkib paylaşmışdım. Hamı elə düşündü ki, o aktirisa mənim sevgilimdir. Halbuki, biz onunla 10 ildən çoxdur dostluq edirik. 

- Xəzər, gələcək üçün qiraətlə bağlı yeni layihələrin var?

- İndi taksi şoferinə də bu sualı versən, deyəcək ki, yeni layihələrim var (gülür). Amma doğurdan, ciddi layihələrimiz var. Bu yaxınlarda mənim səsləndirdiyim şeirə klip çəkiləcək. Daha sonra Rəşad Nağı Mustafanın bir şeirinə qısametrajlı film çəkəcəyik və istəyirik ki, həmin filmi festivallara göndərək. Bu filmin ən maraqlı tərəfi o olacaq ki, bütün aktyorlar şairlərdən ibarət olacaq. Şairlər özləri də bir növ aktyordur. Bir nəfər qocaman şairimiz də var, amma adını açıqlamaq istəmirəm. Onu da dəvət edəcəyik. Mənim arzularımdan biri də sırf səsli şeir, hekayə, roman olan bir sayt olmasıdır. Təbii ki, bu hələ arzu olaraq qalır. Bir də böyük səhnələrin birində şeir gecəsi keçirməyə hazırlaşırıq. Ümid edirəm ki, bunu reallaşdıra biləcəyik.

Lalə Niftaliyeva

Qaynarinfo.Az