Prezident İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı Nurəddin Caniklini Türkiyənin milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan prezident hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib.

Dövlət başçısı qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Nurəddin Canikli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. Nurəddin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.


Prezident bu gün həmçinin Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

Görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.


Qaynarinfo.Az