Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb. "Qaynarinfo" xəbər verir ki, Çexiya ilə qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb.

Baş hakim Benua Miyoya Julian Paçelli və Bertran Juanno yan xətt, Frank Şnayder isə dördüncü hakim qismində yardımçı olacaq.

Almaniya ilə oyunu isə latviyalı referi Andris Traymanis idarə edəcək. Harald Qudermanis və Aleksey Spasyonnikov yan xətt, Aleksandr Qolubev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Oyun saat 20:00-da başlanacaq. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


35 yaşlı Benua Miyoya Azərbaycan futboluna tanış simadı. O, bundan əvvəl "Neftçi"nin oyununa təyinat alıb. Belə ki, Benua Milyo 2014/15 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Koper" (Sloveniya) - "Neftçi" oyununda baş hakim olub. Həmin qarşılaşmada 2:0 hesablı qələbə qazanan "Neftçi" mərhələ adlayıb. "Ağ-qaralar" evdə sloveniyalılara 1:2 hesabı ilə yenilmişdi.

Benua Milyo bu görüşdü "Koper"dən 4 futbolçuya sarı vərəqə verib, onlardan birini meydandan qovub. Referi "Neftçi"dən Karlos Kardosonu və Erik Ramosu sarı vərəqə ilə cəzalandırıb.

Benua Milyo həmçinin 2015-ci ilin 31 martında Azərbaycan və Danimarkanın U-19 yığmaları arasındakı oyunun dördüncü hakimi olub. Həmin görüş danimarkalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


32 yaşlı Andris Traymanis də Azərbaycan futbolu üçün kifayət qədər tanışdı. Belə ki, o, yığmalarımızın və klublarımızın iştirakı ilə keçirilən oyunlarda iş başında olub.

O, ilk dəfə "Xəzər Lənkəran"ın oyununa təyinat alıb. Belə ki, 2010/11 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin "Olimpiya" (Moldova) - "Xəzər Lənkəran" görüşündə dördüncü hakim Andris Traymanis olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Lənkəranda keçirilən cavab görüşü 1:1 hesabı ilə yekunlaşıb və moldovalılar mərhələ keçib.

O, 2011/12 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində AZAL-ın (indiki "Şüvəlan") evdə "Minsk"ə (Belarus) keçirdiyi oyunun baş hakimi olub. Bu oyun 1:1 hesabı ilə başa çatıb, cavab matçında belaruslular qələbə qazanıb - 2:1. Andris Traymanis həmin vaxt AZAL-dan Usim Ndukaya sarı vərəqə göstərmişdi.

Andris Traymanis 2011-ci ildə Xorvatiyada keçirilən U-17 yığmaları arasında Avropa çempionatının seçmə mərhələsində millimizin iki oyununu idarə edib. O, əvvəlcə Xorvatiya - Azərbaycan oyununda baş hakim olub. Millimizin 2:1 hesablı qələbə qazandığı matçda referi komandamızdan Kamran Abdullazadə və Ruslan Nəsirlini sarı vərəqə ilə cəzalandırıb.

Latviyalı ədalət təmsilçisi həmin turnirdə Azərbaycan - Ukrayna oyununu da idarə edib. Bu matçda hesab açılmayıb - 0:0. Referi bu görüşdə yığmamızdan Şirməmməd Məmmədova sarı vərəqə göstərib.

Andris Traymanis son olaraq U-21 yığmamızın İsraillə oyununda fit çalıb. 2014-cü ilin 3 sertyabrında "Dalğa Arena"da keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda komandamız 3:0 hesablı qələbəyə sevinib. Referi millimizdən Şahruddin Məhəmmədəliyev və Şəhriyar Əliyevə sarı vərəqə verib.

Belə ki, Andris Traymanis futbolumuz üçün uğurlu hakim hesab oluna bilər. Təmsilçilərimiz oyunun iştirakı ilə keçirilən 5 oyundan 2-də qələbə qazanıb, 3-də heç-heçə edib. 

Qaynarinfo.Az