Bu gün Beynəlxalq Müəllimlər Günüdür. “Qaynarinfo” olaraq bütün müəllimləri təbrik edir və məşhurlarımızın müəllimləri ilə bağlı xatirələrini təqdim edirik.

“Xalq Ulduzu” yarışmasının qalibi Eldəniz Məmmədov


“Uşaq vaxtı çox dəcəl olmuşam. Buna görə də 10 məktəb dəyişmişəm. Atam müəllim olub. Çox dürüst insan idi. Harda çox dəcəllik edirdim məni oradan çıxarırdı. 6-7-ci sinifdə oxuyanda 2 saylı 8 illik məktəbin şagirdi idim. Məktəblərarası musiqi müsabiqəsində çıxış etmişdim. Yaxşı da oxumuşdum. Sən demə, birinci yerə çıxmışam. Xəbərim də olmayıb. Dərsə gəlmişəm. Yenə dəcəllik elədim. Müəlliməm məni döydü. Özü də elə-belə yox, şillə-təpiyin altına saldı. Akt zalında da tədbir hazırlanıb ki, mənə mükafat verilsin. Oturub sinifdə hər şeydən xəbərsiz ağlayıram. Bir də gördüm ki, müəlliməm gəlib sığal-tumarla üst-başımı təmizləyir, düzəldir. Mənə də tapşırır ki, heç kimə deməyim. Elə bu vaxt akt zalından çağırdılar. Ağlaya-ağlaya gedib tədbirdə oturdum. Direktor elan elədi ki, məktəbimizin fəxri Eldəniz müsabiqədə qalib olub. Elə o gündə, ağlaya-ağlaya çıxdım səhnəyə, ancaq soruşsalar da, nə olduğunu demədim. Bu ən yadda qalan xatirələrimdən biridir. Amma dəcəl olduğum üçün başıma bu kimi hadisələr çox gəlib”.

Əməkdar artist Elza Seyidcahan


“Əslində xatirələrim çoxdu. Amma ən doğması ilk dəfə ibtidai sinifə başladığım gün olub. Bldiyiniz kimi, ibtidai siniflər dörd ildən bir buraxılış etdiyi üçün istədiyin müəllimə düşmək şansın az olurdu. Mənim isə şansım gətirmişdi və Heybətağa müəllimin sinfinə düşə bilmişdim. Yadımdadır, həyətimizdə 70-dən çox ləçəyi olan qızılgül var idi. Anam buket düzəltmişdi, həmin güllərdən müəllimə aparmışdım. İbtidai sinifdə dəcəllik edən uşaqları əlləri boynunun arxasında tək ayağı üstündə küncə qoyardılar. Mənə də həmişə küncdə dayanmaq çox maraqlı gəlirdi. Axır ki, bir gün nə isə dəcəllik etmişdim və məni də cəzalandırmışdılar. Onda elə küncdə özümə söz verdim ki, bir də imkan verməyəcəm məni cəzalandırsınlar”. 

Müğənni Cavanşir Məmmədov arzularını ifadə etməklə kifayətlənir


"Mövsümi xəstəliklərdən tutmuşam. Ətraflı danışa bilməyəcəyəm. Onu deyə bilərəm ki, müəllimlər ikinci valideyndir. Bu peşəyə və peşənin sahiblərinə böyük hörmətim var. Allahdan yaşayan müəllimlərimizə can sağlığı, dünyasını dəyişənlərə isə rəhmət diləyirəm”. 

Xalq artisti Baloğlan Əşrəfov


"Mən Masallı rayonunda Azərbaycan dili-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişəm. Maraqlısı orası idi ki, başqa müəllimlərin dərsində uşaq tapılmırdı. Mənim dərsimdə bütün uşaqlar bir nəfər kimi iştirak edirdi. Sonradan öyrəndim ki, müğənni olduğuma, sənət adamları ilə birbaşa ünsiyyətdə olduğuma görə, uşaqlara danışdığım hekayələr, söhbətlər maraqlı gəlirdi. Sonra isə təəssüf ki, işlərimin çoxluğu səbəbindən ayrılmalı oldum. Atam qonşu kənddə məktəb direktoru idi. Bəlkə də ona görə, bəlkə də istedadlı olduğuma görə şagird kimi məktəbdə həmişə hörmətim olub. Mən də hərdən bundan istifadə edib uşaqları başıma yığırdım və dərslərə gec girirdik. Dəstə başı mən idim, amma cəzanı onlar alırdı”. 

Xalq artisti Gülyaz Məmmədova 


“Mənim üçün bir müəllim olaraq tələbələrimlə keçirdiyim hər an maraqlıdı. Xüsusən də, onlar üçün verdiyim konsert, Heydər Əliyevin məzarını ziyarət etdiyimiz gün və s. Hamısı, hamısı çox əzizdir. Şagird kimi isə çox məsuliyyətli, oxuyan şagird olmuşam. İndinin özü də müəllimlərimin hörmətini saxlayıram. Səkinə xanım, Arif bəy, Alim bəy və bütün müəllimlərimi bayram münasibətilə təbrik edirəm, onlara uzun ömür, can sağlığı arzulayıram”. 

Nərmin Həsənli

Qaynarinfo.Az