Qarşıdan Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan, milli kimliyimizi müəyyən edən bir tarixin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Təəssüf ki, bu möhtəşəm tarixi hadisə ilə bağlı müstəqil olduğumuz 26 il ərzində bircə dənə də olsun irimetrajlı bədii film çəkilməyib. Bu, həqiqətən də, acı haldır. Düzdür, başda “Əbədi ezamiyyət” olmaqla, bir neçə sənədli filmin adını çəkə bilərik. Amma mövzusu birbaşa Cümhuriyyət olan bədii filmimiz konkret olaraq yoxdu.

Lakin kinonun yaxşı inkişaf etdiyi sovet dövründə çəkilən bir neçə bədii filmdə Cümhuriyyət dövrü birbaşa olmasa da, dolayısı ilə ayrıca bir xətt kimi keçir. Və çox təəssüflər olsun ki, həmin filmlərin hər birində Azərbaycan Xalq Cümhuriyyəti və onun fədailəri öz layiqli qiymətini almayıblar. Biz indi həmin filmləri tənqid edib, onun rejissor, ssenari müəllifi və aktyor heyətinə irad tutmaq fikrində deyilik. Burada təbii ki, dövrün diktəsi öz sözünü deyir. Əks addım atan yaradıcı qrup təbii ki, Mərkəzin “təriflərinə” tuş gələcəkdi. Həmçinin, filmdən də  müəyyən hissələr kəsilib atılacaqdı.

"Qaynarinfo" modern.az-a istinadən Azərbaycan Xalq Cümhuriyyətinin “qara lentlərlə” əks olunduğu filmləri təqdim edir:

"Səhər”- 1960-cı ildə lentə alınan filmdə Cümhuriyyət bundan qabaq söhbət açdığımız “Qatır Məmməd” və “Səmt küləyi” filmlərindəki kimi birbaşa baltalanmır. Burada filmin adı Cümhuriyyət tariximizə vurulan əsas zərbədir. “Səhər”! Nəyin səhəri? Hansı qaranlığın səhəri?! Bolşeviklərin silah gücünə gətirdiyi bu “səhər” özünün aydınlıq funksiyasına nə dərəcədə əmindir?! Belə mətnaltı mənalar çoxdu. Filmin bir qütbündə böyük aktyor Ələsgər Ələkbərovun yaratdığı Rəhim bəy, digər qütbündə isə Əzizbəyov və Aslan kimi bolşeviklərdir. Təəssüf ki, kino o zaman “mənim yarım Sevdadır” oxuya-oxuya güllələnən inqilabçını əsas qəhrəmanlardan biri kimi göstərir və onun ölümünü yeni açılan səhərin doğuşu kimi göstərir. Lakin bu xalqın “səhəri” bir də 71 ildən sonra açıldı... 

“Ulduzlar sönmür” - 1971-ci ildə çəkilən film Azərbaycanın tanınmış ictimai xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edir. Özü-özlüyündə bu filmin çəkilməsi çox müsbət hadisədir. Çünki Nərimanov həqiqətən də iki od arasında qalmasına baxmayaraq,  yenə də əlindəki imkanlardan xalqı üçün yararlanan şəxs olub. Lakin bir əmma var idi ki, filmi birbaşa Moskva – “Mosfilm” çəkirdi. Təkcə bu fakt ssenaridə nələrin dəyişəcəyinə, hansı ixtisarların hansı istiqamətdə olacağına sübutdur. Doğrudan da, elə olur. Ssenari müəllifi İsa Hüseynovla rejissor Əjdər İbrahimova çox basqı olunur. Nəticədə rejissor filmdən uzaqlaşaraq Aşqabada gedir. İsa Muğannanın yazdığı ssenariyə isə hədsiz müdaxilələr edilir. Hətta Məşədi Əzizbəyovun qızı da həmin ssenariyə baxır və nələrinsə çıxarılmasını istəyir. Həmin “nələrin” nə olduğu isə birbaşa mövzumuzla bağlıdır. Daha sonra ssenari “Mosfilm” tərəfindən bir rus şairə verilir. Ssenari anlayışı olmayan şair film üçün ssenari yerinə 200 səhifəlik poema yazır. Lakin İsa Hüseynovun qətiyyətli olması və bir ay yarım məzuniyyət götürürək ssenarini yazmaq üçün Moskvaya yollanması filmi xilas edir. Min bir çətinlik hesabına çəkilən filmdə Nərimanovla bağlı olan, xüsusən də onun AXC rəsmiləri ilə normal münasibətini göstərən kadrlar qayçılanır. Ən pisi isə ssenaridəki Hacı Zeynalabdin Tağıyev obrazı çıxarılır...

Filmdə Cümhuriyyət aşağılanmasa da, onunla bağlı olan kadrların kəsilməsi, tarixi hadisələrə birtərəfli baxmağa gətirib çıxarır. Amma bunda yaradıcı heyətdə bir günah yox idi. Təkrar edirik, filmi birbaşa “Mosfilm” çəkirdi...

“Sevinc buxtası” - 1977-ci ildə çəkilən film haqqında bildiriş bu cürdü: “1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulub. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...

Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur”.

Nə yaxşı ki, belə filmlər indi göstərilmir və gənc nəsil onlardan xəbər tutmur. Guya, 1920-ci ildəki iqtisadi böhranın əsas səbəbi bundan əvvəlki hökumətdir. Yəni, AXC hökuməti… Guya, bolşeviklər Bakını ona görə tutur ki, bu iqtisadi böhranı aradan qaldırsın. Guya,  indiyə qədər maqnatların əlində olan neft bundan sonra xalqa sərf olunacaq… Guya, guya, guya….

Bolşeviklər bir gənc dövləti iki il qorxu altında saxladı və sonra 28 aprel istilası ilə istəyinə çatdı. Bəs bundan sonra hansı iqtisadi rifahdan danışır?!

Nə yaxşı ki, baxmadığımız filmin əsas qayəsi elə budur.

Qaynarinfo.Az