AFFA daha bir türk futbolçunu milliləşdirib. "Qaynarinfo" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, dünən "Trabzonspor"un baş məşqçisi Ersun Yanal Qətərdə "Əl-Sədd" klubu ilə keçirilən yoxlama oyununda 17 yaşlı Tayyip Ebrar Cumura ilk dəfə əsas komandada şans verib. 10 nömrə mövqeyində çıxış edən gənc futbolçunun Azərbaycan pasportu aldığı qeyd edilib. O, 75-ci dəqiqədə Sosanın yerinə oyuna daxil olub.

Oyundan sonra açıqlama verən Ersun Yanal Tayyip Ebrar Cumurun debütünü dəyərləndirib: “Ebrar üçün hələ çox tezdi. Onun oynadığı mövqedə çoxlu futbolçumuz var. Ebrar həftənin 3 günü bizimlə birgə məşq edir. Ona xüsusi məşqlər də keçməyə başlamışıq. Aşağı yaş qrupları üzrə komandalarımız bizim üçün çox dəyərlidi, onlarla yaxından maraqlanırıq. Ebrar kimi daha bir neçə futbolçumuz var. Hər birinə fürsət düşən kimi şans verəcəm”.

Qeyd edək ki, AFFA bundan əvvəl "Trabzonspor"dan Doğukan Öksüz və Murat Cem Akpınarı milliləşdirmişdi. Federasiyanın Tayyip Ebrar Cumura maraq göstrəməsi barədə hələ bir müddət əvvəl “Trabzonspor”un akademiyasının baş məşqçisi Sadi Tekelioğlu məlumat vermişdi. 

Türkiyə mətbuatının "Trabzonspor"un yeni ulduz namizədi" başlığı ilə paylaşdığı xəbərlərdə Tayyip Ebrar Cumurun böyük gələcək vəd etdiyi bildirilir.

Aydın

Qaynarinfo.Az