ABŞ prezidenti Donald Trampın birinci və ikinci həyat yoldaşları arasında gərginlik yaranıb. "Qaynarinfo" xəbər verir ki, buna səbəb dövlət başçısının ilk həyat yoldaşı İvana Trampın açıqlaması olub.

Trampın 3 uşağının anası olan 68 yaşlı İvana ABC telekanalındakı "Good Morning America" şousunda xatirələrini yazdığı "Raising Trump" (Yüksələn Tramp) kitabını tanıdıb.

İvana açıqlamasında "Ağ Evə birbaşa zəng edə bilərəm. Amma Melaniya orda olduğu üçün ona (Donald Tramp) zəng etmək istəmirəm. Hər hansıbir qısqanclığa səbəb olmaq istəmirəm. Çünki mən Trampın ilk həyat yoldaşıyam. Birinci xanım mənəm" deyib.

İvana Tramp kitabında özünün qeyri-adi həyatını və 3 uşağının həyat xronologiyasını, bir sözlə yüksələn Tramp ailənin bilinməyən tərəflərini əks etdirib.

İvana Trampın çıxışına Melaniya Trampın cavabı özünü çox gözlətməyib. Prezidentin hazırkı xanımı İvananın açıqlamasına sözcüsü Stefani Qrişam vasitəsi ilə cavab verib.

"Xanım Tramp Ağ Evi oğlu Barron və prezident Tramp üçün ev edib. O Vaşinqtonda yaşamağı sevir və ABŞ-ın birinci xanımı statusuna görə fəxr edir. O, bu status və rolundan uşaqlara kömək məqsədilə istifadə etməyi planlaşdırır, kitab satışı üçün yox. Aydındır ki, prezidentin keçmiş həyat yoldaşının mövqeyində heç bir əsas yoxdur. Bütün bunlar diqqət çəkmək cəhdləri və öz mənfəətinə xidmət məqsədilə edilmiş səs-küydən başqa bir şey deyil. Birinci xanım və prezidentin keçmiş həyat yoldaşı arasında dialoq ancaq ictimaiyyət qarşısında ola bilər" deyə Stefani Qrişam bildirib.

Qeyd edək ki, Donald Tramp İvana Trampla 1977-ci ildə evlənib. Onlar 1992-ci ildə boşanıblar. Prezidentin ilk həyat yoldaşından Donald Jr, İvanka və Erik adlı 3 övladı var.

Sultana

Qaynarinfo.Az