Dünyanın tanınmış texnologiya şirkətlərindən olan "P3 Communication" tərəfindən aparılan sınaqların nəticələrinə görə, "Bakcell" Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə (Best in Test) adına layiq görülüb.

"Qaynarinfo"nun məlumatına görə, bunu "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. O, qeyd edib ki, "Bakcell" Azəbaycanda ən böyük 4G şəbəkəsinə malik mobil opertordur.

"Son 2 il ərzində bu, "Bakcell"in aldığı ikinci beynəlxalq sertifikatdır. 4G şəbəkəsinə görə Avropanın bəzi qərb ölkələrindən geri qalsaq da, şəbəkənin genişləndirilməsi istiqamətində fəaliyyətimizi genişləndiririk. Bu il ərzində 200-ə yaxın yeni LTE stansiyaları quraşdırılıb ki, bunun sayəsində ucqar kəndlərdə belə insanlar rahatlıqla 3G şəbəkəsindən istifadə edə biləcəklər. Ümumilikdə isə "Bakcell"in stansiyalarının sayı 1000-ə yaxındır. Gələcək fəaliyyətimizlə bağlı onu qeyd etmək istəyirəm ki, 2018-ci ilin büdcəsi və fəaliyyət planları artıq hazırdır, səhmdarlara təqdim olunacaq. 2018-ci ildə fəaliyyətimiz əsasən şəbəkənin keyfiyyətini artırmaq, əhatə dairəmizi daha da genişləndirmək, regionlarda şəbəkələrin sayını çoxaltmaq və 4G şəbəkəsinin daha da inkişaf etdirilməsinə və genişləndirməyə yönəldiləcək", - deyə N.Beckers vurğulayıb.

Qeyd edək ki, "P3 Communication" şirkətinin sınaqları avqust ayında aparılıb və 2-3 həftə çəkib.

Qaynarinfo.Az