Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, 3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Saytın əldə etdiyi digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı, 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdulayevanın dayısı Elçin Zeynalov məlumatları təsdiqləyib: "Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur".

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

Qaynarinfo.Az