Əlbəttə, əgər biz "xalq günahkardır, yoxsa sistem?" sualına cavab axtarsaq, söhbət çox uzanacaq. On il bundan əvvəl gənclik enerjisi, gənclik maksimalizmi, gənclik inqilabçılığının vəhdətindən doğan amansızlıq və sərtlik ilə xalqı köləlikdə, acizlikdə, yaltaqlıqda qınamaqda idim. Lakin birdən-birə böyük bir sarsıntı keçirdim. 

Rayonda dostumun anasının yasında iştirak edərkən yaşlı bir kişi ilə tanış oldum. O, məni yazılarımdan tanıyırdı. Bir kənara çəkilib söhbət etməli olduq. O, əxlaqı tənqid etməyimə narazılığını bildirərək dedi: "Əgər bir insan özün qoruya bilmirsə, acizdirsə, biz onu basıb əzməliyik? Bəs vicdan? Bəs mərhəmət?".

Çox müdrik adam idi. Çox da uzun sürməyən söhbətdə mövqeyimi sarsıtmağı bacardı. Sonralar mən yazı yazarkən daima onun sözləri qulaqlarımda səslənirdi: "Əgər bir insan özünü qoruya bilmirsə, acizdirsə, biz onu basıb əzməliyik?".

Bu aralar dünyanın vicdanı sayıla biləcək böyük insanların memuarlarını oxumağa başladım. Getdikcə dərk etdim - əsl mərhəmət odur ki, əzə bildiyin halda əzmirsən. Öldürə bildiyin halda öldürmürsən. İstismir edə bildiyin halda istismar etmirsən. Öz həyatını rahat yaşmaq istəyirsən. Xoşbəxtliyini başqalarının bədbəxtliyi, iztirabları, göz yaşları üzərində qurmursan. Başqalarının balalarını parçalayıb öz balalarına yedizdirmirsən. İnsan qanı içmirsən. Bütün bunları edə biləcəyin halda etməməkdir mərhəmət! 

Başa düşdüm ki, xalq abstrakt anlayışdı. İdarə edənlər isə yaxşı idarə etməyə borcludurlar. Qarşımıza çıxan problemlərin bir çoxunun səbəbi xalq yox, idarə edənlərdi. Başa düşdüm ki, mənim xalqı xoş niyyətlə tənqid etməyimdən yararlananlar var. Mənim niyyətim xoş idi, onlar isə bu arqumentlərdən istifadə edərək, öz pis əməllərinə bəraət qazandırmaq istəyirdilər.

Bir çox insanlar vətəndaş məsuliyyətindən yaxa qurtarmaq üçün davamlı olaraq yalnız xalqı tənqid etməkdədirlər. "Əşi, bu camaat düzələn deyil", - onların ən işlək sözləridir. Onlar - rüşvət alan polis işçisi, seçki saxtakarlığında iştirak edən həkim, müəllim və digər dövlət məmurları hətta lap uzağa gedərək klassiklərdən sitat da gətirirlər. Uzun-uzadı deyinəndən sonra sabitliyi böyük bir lütf kimi dəyərləndirərək vəziyyətlə razılaşırlar. 

Burdan belə nəticə çıxarmaq olar. Onlar narahatdırlar. Düz işlə məşğul olmadıqlarını, düz həyat yaşamadıqlarını başa düşürlər. Lakin acizdirlər. İdarə edənlərin işçilərinə çevriliblər. Sabitlik siz avropalıların da istifadə etdiyi bir arqumentdir. Siz öz ikili standartlarınıza, saxtakarlığınıza, bəd əməllərinizə bəraət qazandırmaq üçün xalqın demokratiyaya hazır olmadığını deyirsiniz.

Son iyirmi ildə baş verənlərə toxunmayaraq, bir az tarixə qayıtmaq istəyirəm. Biz yeganə Şərq xalqıyıq ki, fikir tariximiz Avropa mərkəzçi bir şəxsiyyətlə, dünyəvi mütəfəkkirlə başlayır. 

Müdrik bir erməni mənə demişdi ki, biz öz klassiklərimizi diqqətlə oxumalıyıq, amma bu haqda kənarda danışmaq lazım deyil. Bəli, sizin volterlərinizin, russolarınızın, didrolarınızın, kantınızın yanında Axundovdan danışmaq bir az yersiz çıxa bilər. Lakin ədalət naminə mən onun bir çox müsbət cəhətlərini sadalamalı olacam. Gələcəyin adamı gələcəyi yaxınlaşdıran adamdı. O, gələcəyi görürdü və bütün qüvvəsini səfərbər edib, gələcəyi yaxınlaşdırmaq istəyirdi. O, dövrünün ən mütərəqqi adamlarını diqqətlə oxuyurdu. Bunu onun məqalələrini oxuyarkən açıq-aşkar görmək olar. Tam qətiyyətlə deyə bilərik ki, o, Şərqin ən böyük fikir adamıdı. Sənətdə peyğəmbərlik çox önəmli faktdır. O, uzağı tam dəqiqliyi, bütün hüceyrələri ilə hiss edirdi. Fikir tarixi Avropa mərkəzçi insanla başlayan xalqın dünyəviliyi seçməsində, əlbəttə, məntiq vardı. Bu, bizim ən böyük dəyərlərimizdən biridi. 

İyirmi ildir balaca bir xalq Şərqdən gələn cəhalətin və fanatizmin qarşısında mətanətlə dayanmaqdadı. Biz, bəlkə də yeganə Şərq xalqı və müsəlmanıq ki, bizdə geyim inqilabı baş veribdir. Siz ölkənin ən ucqar kəndinə də getsəniz, adamları Avropa qiyafəsində görəcəksiniz. Onlar başlarına çalma qoymur, bellərinə qurşaq bağlamayıblar. Onlar pinti, səliqəsiz geyinə bilərlər, amma bu, vəziyyəti dəyişmir. Hətta Atatürk kimi sərt və qəddar reformator da geyim inqilabına tam nail ola bilmədi. Deyilənlərə və yazılanlara inansaq, başına şapka qoymaq istəməyənləri asmış və asandan sonra başlarına şapka qoymuşlar. 

Bizdə isə adamlara bir az kino göstərdilər, bir az başa saldılar, bir balaca qorxutdular, vəssalam, adamlar başlarına kepka qoydular, daha çalmada gəzmədilər. 

Biz hələ ötən əsrin əvvəlində qadına seçkidə iştirak etmək hüququ vermişdik. Düzdür, biz formanı götürmüşdük, məzmunu isə tətbiq etməyə şərait yox idi. 

O vaxtlar qadınların azadlığından söhbət belə gedə bilməzdi. Şərq mentalitetindən və fanatizmdən, cəhalətdən doğan səbəblərdən qadın tam bir kölə halında yaşayırdı. Əşya kimi alınıb satılırdı. Qızlar nigah gecəsinə qədər ərə getdikləri kişilərin üzünü görmürdülər. Analar hamamda öz oğlan övladlarına arvad seçirdilər. Balaca-balaca qızları yekə-yekə kişilərə ərə verirdilər. Savadlı qadın hədsiz dərəcədə az idi. Hətta bizim ziyalılardan biri ailə qurmaq istədikdə savadlı qız tapmaq üçün qəzet elanından istifadə etməli olmuşdu. Qadınlar işləmirdi. Belə bir şəraitdə qadına seçkidə iştirak etmək hüququ vermək adama gülməli görünə bilər. Amma məsələ ondadır ki, biz onların azadlığını istəyirdik. 

Bir çox uğurlar yaxşı cəhətləri yamsılamaqla başlayır. Əsas istiqamətin sağlam olmasıdır. Bu, əvvəl-axır mütləq inkişafa səbəb olacaqdır.

Bir çox xalqlar öz mədəniyyətlərinin, öz ədəbiyyatlarının əsasını başlqalarını təqlid etməklə qoyublar. Ötən əsrin əvvəllərində çətin bir şəraitdə fəaliyyət göstərmiş parlamentdə müxtəlif fraksiyalar təmsil olunmuşdu. 

Nəzərinizə çatdırım ki, o vaxt xalqın böyük hissəsinin heç soyadı yox idi. Adamların cəmisi üç faizi oxuyub yazmağı bacarırdı. Çox ağır bir şəraitdə yaranmış müstəqil siyasət yürütməyə heç imkan tapmamış demokratik respublikanın zəif fəaliyyətiəbelə göstərir ki, biz hələ yüz il bundan əvvəl sağlam istiqamətin harda olduğunu başa düşmüşdük. Biz azadlıqların, demokratiyanın, dünyəviliyin tərəfdarı idik. Bu respublika qurulmazdan az əvvəl isə bir dəstə maarifpərvər ziyalı bizim savadsız, kobud atalarımıza, babalarımıza yiyə durmuşdular. Bu, çox dəyərli örnəkdir. Bu fakt göstərir ki, biz də bu gün öz növbəmizdə başa düşməyən, savadsız adamlara sahib çıxmalıyıq. Atalarımıza edilən yaxşılığı qaytarmalıyıq. Yaxşı nümunənin nəsildən-nəsilə ötürülməsində yalnız fayda ola bilər. Bu mənada bəşəriyyətin savadlı, mədəni kəsimi bəşəriyyətin savadsız, inkişafdan qalmış kəsiminə yiyə durmalı idi. 

Biz hələ yüz il bundan əvvəl bir xalq kimi demokratiyaya layiq olduğumuzu sübut etmişik. Öz savadları və davranışları ilə başqalarına nümunə ola biləcək adamlar həbsdə yatırlar. Onlar da həqiqəti görməmək üçün gözlərini yumub şərin süfrəsindən öz kiçik paylarını ala bilərdilər.

Siz necə deyə bilərsiniz ki, biz demokratiyaya hazır deyilik? Bəs, o zaman o insanlar niyə öz qiymətli ömürlərini həbsxana divarları arasında keçirirlər? Bəyəm onlar dəli olublar? 

Bəli, ola bilsin bizim sayımız azdır. Amma faşizm kimi iyrənc bir ideologiya Avropada tüğyan edəndə sizin də arasında "yox, bu cinayətdir, etmək olmaz", - deyənlərin sayı səhv yolda olanlarla müqayisədə heç də çox deyildi. Buna baxmayaraq, bir çox böyük insanlar "Yox!" deməyi bacardılar və həmin insanlar sonralar bütöv bir xalqı xilas etmiş oldular. "Biz hamımız bu cinayətdə iştirak etməmişik. Aramızda "Yox!" deməyə özündə cəsarət tapanlar olub", - arqumenti bütöv xaqları xilas etdi. 

Bəyəm fransızlar Əlcəzairi qana bulayanda Fransada bu cinayətə "Yox!" deyən adamların sayı çox idi? Amerikada irqçilik tüğyan edəndə bu biabirçılığa "Yox!" deyənlərin sayı nə qədər idi? Ruslar Polşanı qana bulayanda bizim hətta bu gün əsərlərini sevə-sevə oxuduğumuz yazıçılar belə susmuşdular. Bəziləri hətta açıq-aşkar sevinirdilər. Yalnız Gertsen bu vəhşiliyə "Yox!" deməyi bacardı. 

Sonralar Gertsen haqqında deyiləcəkdi: "Gertsen rus demokratiyasının şərəfini xilas etdi". 

Biz tarixin bu qara səhifələrini unutmağa hazırıq və buna çalışırıq, amma sizin bədnam əməlləriniz, yersiz bəhanələriniz bu tarixləri istər-istəməz adama xatırlatmalı olur. Ola bilsin ki, xalq bir çox məsələləri dəqiq başa düşmür. Bəyəm bütün xalqlar öz dahilərini, fikir adamlarını zamanında qiymətləndiriblər? Neçə fikir adamı, nə qədər sənətkar səfalət içində yaşayaraq, ölüb. İnsanlar əbədi cəhalətə məhkum olunublar. Hər dövrün öz cəhaləti var. İnsanlar çox vaxt gözlə gördüklərinə, əllə tutduqlarına dəyər verirlər. "Soğan olsun, nəğd olsun", - fəlsəfəsi ilə yaşayaraq gələcək nəsillər haqqında, ümumiyyətlə, gələcək haqqında düşünmürlər. Məhz bu səbəbdən bir çox hallarda bəd əməllər xeyir əməllərdən çox olur. Şər özünə daha tez adam tapır. Bilənlər bilməyənləri daima tərbiyələndirməli, onların inkişaf etməsinə yardım göstərməlidirlər. Necə ki, bəşər tarixinin ən böyük insanları cəhalətə məhkum olunmuşları başa salmağa çalışırdılar. 

Siz adamlara kiçik ölçülü maşınların nə qədər faydalı olduğunu başa salmaq əvəzinə pul qazanmaq naminə onlara tank boyda maşınlar düzəldib satdınız. Siz öz ölkənizdə heyvanlar üçün hətta keçidlər düzəltdiyiniz halda, öz ölkənizdən kənarda ən müxtəlif canlıların qanını tökürsünüz. İnsan əməyinin istismarına şərait yaradırsınız. Siz o maşınlarınızı, geyimlərinizi, öz içkilərinizi, öz siqaretlərinizi reklam edərək, dünyanın ən ucqar nöqtələrinə göndərdiyiniz kimi, demokratiyanı və azadlığı da beləcə yaya bilərdiniz. Hər bir sivil insanın iztirabları və ağrıları bəşəri olmalıdı. 

Siz demokratiya və azadlığı yaymaq əvəzinə demokratiya və azadlıq istəyən adamları öz ikili standartlarınızla, saxtakarlığınızla küsdürdünüz. 1998-2003-2005-ci illərdə mitinqlərdə iştirak edib, "Azad seçki!" qışqıran adamlar artıq küsüblər. Onlara heç nə başa salmaq olmur. Bəziləri hətta azad seçki əvəzinə "Allahu Əkbər!" qışqırır. İnsanın əli yerdən üzüləndə, istər-istəməz göyə qalxmalı olur. Biz fransız xalqı deyilik gündə əlimizə bir bayraq alıb küçələrə tökülüşək. Onlar sizin ikili standartlarınızdan beziblər. Hər şey o qədər açıq-aydındır ki, artıq sizin bədnam əməllərinizi görmək üçün politoloq olmağa ehtiyac qalmayıb. Düzdü, ikili standart nümayiş etdirməyiniz sayəsində öz parklarınızı, kilsələrinizi, muzeylərinizi təmir etdirirsiniz, amma onu da bilin ki, bizim ölkədə apteklərə artıq "nisyə dərman verilmir", - elanları vurulub. 

Siz öz xalqını istismar edən, öz xalqını dünyanın ən şirin neməti olan azadlıqdan məhrum etmiş, onların ən təməl hüquqlarını əlindən almış adamların təşkil etdikləri mərasimlərdə əlinizdə içi şərabla dolu bokal tutaraq ədalı-ədalı ədəbiyyatdan, sənətdən, həyatdan-zaddan danışmaqdasınız.

Bir zamanlar adamları qaz kameralarına dolduranlar da öz asudə vaxtlarını səmərəli keçirmək üçün teatra baxırdılar, musiqi dinləyirdilər. Osvensimdə gündə doqquz min adamı qaz kameralarına soxanda, orda həm də, kinoteatr və teatr da fəəliyyət göstərirdi. Sizin bugünkü hərəkətləriniz o vaxtkı hərəkətlərinizdən heç də fərqlənmir. Başa düşməyərək günah işlədən adamı hardasa bağışlamaq olar. Dərk edərək günah işlədən adamı isə bağışlamaq çətindi. Siz başa düşərək günah işlətməkdəsiniz və sizi bağışlamaq xeyli çətindi. Bəli, siz ikili standartlar nümayiş etdirməklə pul qazanıb, öz problemlərinizi həll etməyə çalışırsınız. Lakin onu da unutmayın ki, siz başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyinizi qurmaq istəyirsiniz. Üç-dörd adama siyasi sığınacaq verməklə, demokratiya naminə bir-iki manat pul xərcləməklə öz günahlarınızı yumaq istəyirsiniz. Siz pula görə təkcə demokratiyaya tüpürmədiniz, həm də azadlıq, bərabərlik, qardaşlıq naminə şəhid olmuş atalarınızın, babalarınızın, əcdadlarınızın ruhunu təhqir etmiş oldunuz.

Seymur Baycan

Reytinq qəzeti