Pərviz Əzimov 

Almaniyaya gəldiyim ilk günlərdə özümə ən çox verdiyim sual bu olurdu: "Burada nə qədər fiziki qüsurlu insan var?"

Metroya minirsən əlil arabasında insanlar, avtobusda yol gedəndə eyni mənzərə, parklarda, yollarda... Hər yerdə fiziki qüsurlu insan görmək mümkündür. Nə qədər absurd görünsə də suala cavab olaraq ağlıma bu fikir gəldi: "Bəlkə də, müharibənin təsiridir".

Ancaq evə gələndə Azərbaycanda ətrafımda olan fiziki qüsurlu insanları saymağa başladım. Sadə bir hesablamadan məlum oldu ki, əslində, bizim ölkədə də buradakı qədər fiziki qüsurlu insan var. Sadəcə, Azərbaycanda, xüsusən Bakıda hərəkət sistemi elə qurulub ki, burada fiziki qüsurlu insanların evdən çıxması mümkünsüzdür. Almaniyada isə onların sağlam insanlarla eyni həyatı yaşaması üçün hər şərait qurulub.

Bakı metrosunda fiziki qüsurlu insan görmək demək olar ki, mümkünsüzdür. Qatara minmək üçün səki ilə qatar arasında olan məsafə, insanların basırığı və digər amillər fiziki qüsurlu insanları metrodan məhrum edib. Berlində yaşayan dostum Hacı Hacıyev demişkən: "Azərbaycanda yaşadığım 30 ildə mən bir dəfə metroda fiziki qüsurlu insan görmüşəm. Onda da onu gəzdirib pul dilənirdilər".

Berlində sosial həyat baxımından diqqətimi çəkən digər bir amil də dilənçilərlə bağlı oldu. Elə Berlin metrosunda qabağıma demək olar ki, hər gün qəzet satan bir neçə gənc çıxırdı. İlk ağlıma gələn bu oldu ki, burada da qəzet satılmırmı? Sonradan isə öyrəndim ki, Berlində dilənçilər toplaşıb, birlikdə qəzet buraxırlar. Sonra bu qəzetləri ictimai yerlərdə satışa çıxardırlar. Yəni, qarşılıqsız olaraq heç kimdən pul istəmirlər. Kim nə qədər istəsə pul verə bilər, onlar da həmin pulun qarşılığında adama bir qəzet verirlər. Qəzet vasitəsi ilə həm düşüncələrini, həyat hekayələrini təbliğ edir, həm də gündəlik dolanışıqlarını təmin edirlər.

Berlində nəqliyyat

Berlinlə Bakını müqayisə etsək, burada nəqliyyat təqribən 10 dəfə Bakıdan bahadır. Məsələn, istənilən növ ictimai nəqliyyat üçün bilet 2.6 Euro-dur. Bu da təqribən 2.8 AZN edir. Bu biletlə 2 saat ərzində istənilən növ ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Berlində daimi yaşayanlar isə adətən aylıq nəqliyyat bileti alırlar. Bu adi adamlar üçün 78 euro, tələbələr və sosial müavinət alanlar üçün isə 30 euro-dur. Amma burada istənilən nəqliyyata biletsiz minə bilərsən. Məsələn, Berlin metrosu 2 yerə bölünür. S- ban və U - ban. İkisi birlikdə 336 stansiyanı əhatə edir. Sərnişin bu stansiyaların hamısında pulsuz hərəkət edə bilər. Yəni, heç bir aparat onun metroya biletsiz daxil olmasını yasaqlamır. Ancaq metro nəzarətçiləri yoxlamalar aparanda təsadüfən sərnişinin biletsiz olduğunu görsələr, onu 40 euro cərimə edəcəklər. 1 aydır ki, Berlində yaşayıram. Bu 1 ay ərzində hələ ki, metroda yoxlama aparan heç kimə rast gəlməmişəm.

Bazar günü necə ac qaldım?

Berlinə gəldiyim ilk həftə burdakı mühit, davranış qaydalarını tam bilmirdim. İlk həftəni bir təhər yaşayıb, bazar günü burdakı qaydaları daha geniş araşdırmağı planlaşdırdım. Bazar günü səhər yuxudan oyanıb, evimizin yaxınlığındakı marketə, səhər yeməyi almağa getdim. Gördüm ki, market bağlıdır. Bir az aralıda olan ikinci marketə yollandım, ora da bağlı idi. Axtarmağa davam edib, növbəti - üçüncü, dördüncü marketə yollandım. Bütün marketlər bağlı idi. Bəli, Berlində bazar günüdür, insanlar burada bazar günü dincəlir. Hamı 6-cı gün bütün işlərini görür, bazar günü üçün də azuqəsini toplayır və bazar günü dincəlir.

Burada yaşayan dost-tanışlardan harada açıq market tapa biləcəyimi soruşdum. Dedilər bazar günləri ancaq türklər və çinlilərin marketi işləyir. O marketlərdə də qiymətlər digərlərinə nisbətən baha olur. Beləliklə, səhər yeməyinə heç bir yemək tapa bilməyib, evə qayıtdım. Tərslikdən pulum da az qalmışdı. Yoxsa gedib kafelərin birində səhər yeməyi yeyərdim. Onu da tapa bilsəydim əgər.

Avropanın digər ölkələrindən fərqli olaraq Almaniya bu regionda ən bürokratik və dəqiqliklə tətbiq olunan standartlar ölkəsidir. Almaniya dəqiqliyi bəzən bizə zarafat kimi görünür, ancaq bu ölkədə həqiqətən atdığın kiçik səhv addım bazar günü ac qalmağından tutmuş, karyeranın bitməsinə qədər böyük problemlərin yaranmasına səbəb ola bilər. Ancaq bütün bu dəmir qanunlara rəğmən, Almaniya qaydalara riayət edən istənilən insan üçün bəlkə də ən unikal ölkədir.///interpress.az