Tarixin başlanğıcında insan cəmiyyətləri yüz minillərlə dəyişmədən mövcud oldular. Yaşamaq üçün lazım olan biliklər az idi. Bilgi təcrübədən yaranırdı, təcrübə yaşla toplanırdı. Qəbilənin ən yaşlıları həm də ən bilgili insanlar sayılırdı.
 
Bu yaşlılar mövsümlərin dəyişməsinə, təbiət hadisələrinə, ov heyvanlarına, ibtidai tibbə, mərasimlərin keçirilməsinə və alət hazırlamağa dair bilikləri və hakimiyyəti əllərində saxlayırdılar. Yaşlılar ixtiyar sahibləri idilər. İbtidai cəmiyyətlərdə ixtiyar-yaşlı olmaq, qərar verə bilmək deməkdir. Deməli ibtidai cəmiyyətlər qaçılmaz olaraq qocalar tərəfindən idarə olunan cəmiyyətlərdir, status-kvonun qorunması cəmiyyəti idarə edənlərin əsas məqsədidir. Burada iqtisadiyyat, siyasət və din əl-ələ verirdi. Fərqlilik arzuolunmaz idi, ən kiçik fərqlilik qəbilənin başçılarına , yaşlılara qərar verənlərə təhlükə sayılırdı. Məhz bu səbəbdən ixtiyar sahibləri, yaşlılar təhlükənin qarşısını almaq üçün fərqlilərin, gələcəkdə dəyişiklik edə biləcək fərdlərin qurban kəsilməsinə çalışırdılar. Öz hakimiyyətlərini qorumaq, təhlükənin qarşısını almaq naminə fərqliləri qurban kəsərkən buna asanlıqla tayfanın məqsədlərini qorumaq adı verilirdi. Qurban seçilən fərqli fərd bu mərasimə qarşı dayanmaqda, onun qurban seçilməsinin əsl səbəbini adamlara başa salmağa özündə güc tapa bilməzdi. Əks halda onlar bütün tayfanın, qəbilənin qəzəbinə tuş gələ bilərdilər. Çünki bütün peyda olan, peyda olacaq  bəlaların onlara, fərqli fərdlərə görə baş verdiyinə adamlar şəksiz inanırdılar. Adamlar düşünürdülər ki, qocalar tayfanı təhlükələrdən qoruyurlar, bilə bilməzdilər ki, qocalar əslində öz hakimiyyətlərini qoruyurlar. Qocaların kimi qurban seçməsinin əsl səbəbi çox vaxt gizli qalırdı. Bilənlər isə susmağa məcbur idilər.
 
Əgər diqqətlə fikir versəniz bizim ölkəmizdə də eyni proseslərin baş verdiyini görərsiniz. Fərqli fərdlərə mason, gey, alkaş, agent adı qoyulur, cəmiyyət üçün qorxulu sayılan bu adlarla onları gözdən salmağa, acından öldürməyə, dəli etməyə çalışırlar. Təəssüflər olsun ki, cəmiyyətin müxtəlif təbəqələri istər-istəməz, bilərəkdən və ya bilməyərəkdən  bu prosesdə canfəşanlıqla iştirak edir. Kimisi paxıllıqdan fərdləri gözü götürmür, kimisə isə doğurdan da düşünür ki, bu fərqlilər milləti məhv etmək istəyirlər. Bəziləri isə doqmatik düşündüklərindən qocaların tərəfdarına çevrilirlər. Çünki doqmalar qocaların dostu və tərəfdarı, fərdlər isə qocaların düşmənləridirlər. Hakimiyyətdə yüksək mövqe tutan vəzifəlilərindən biri müsahibəsində açıq aşkar demişdi – Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməyimizi asanlaşdırır. Sözün doğrusu bu ifrat səmimiyyətə dəhşətli dərəcədə mat qalmışdım. 
 
Bizim ölkəmizdə qocaların bütün sahələrdə ixtiyar sahibi olmaları, hakimiyyətə yiyələnməkləri ibtidai cəmiyyət olduğumuzun göstəricisidi. Parlamentdə oturan deputatların böyük əksəriyyəti qocalardı. Yaşca cavanların isə təfəkkür baxımından qocalardan heç bir fərqi yoxdu. Üstəlik bu insanlar bir yox, bir neçə vəzifəni işğal ediblər. Onlar öz kreslolarını yalnız ölərkən tərk edirlər. Bu zaman isə onun yerini növbədə dayanan başqa bir qoca tutur.  Nazirlərin, nazir müavinlərinin də çoxu qocadı. Kibernetika institutunun direktorunun yaşı kibernetikanın özünün yaşından çoxdu.
 
Siyasi partiyalarda da qocalar oturublar. Onların ətrafındakı gənclər isə təfəkkür baxımından bu qoca kişilərdən daha qocadırlar. 24 ildi bir qoca kişi Yazıçılar Birliyi adında bir bədnam təşkilatın sədri vəzifəsində oturubdur. Bu qoca kişiyə qarşı çıxdıqda adamlar, hətta ölkədə dəyişiklik etmək istəyənlər, siyasi müxalifətin nümayəndələri, müxalifət partiyalarının liderləri, müxalifyönümlü yazarlar, hətta müxalifətin prezident seçkisində vahid namizədi də daxil olmaqla xorla deyirlər - bəs o getsə yerinə kim gələcək? Bu sualla adamlar özləri də bilmədən öz köləliklərini nümayiş etdirirlər.
 
Qətiyyətlə demək olar ki, Azərbaycanda sağ-sol, müxalifət-iqtidar, dindar-ateist cəbhələri mövcud deyil. Bu yalançı, süni bir görüntüdü. Azərbaycanda AZTV təfəkkürü var. Bu Aztv təfəkkürü əslində qocalar hakimiyyətinin sinonimi deməkdir. Cəmiyyətimizdə insanlar dəfələrlə istər-istəməz AZTV təfəkküründən qazlanaraq güclü həmrəylik nümayiş etdiriblər. Sonuncu dəfə Azərbaycan cəmiyyəti sağ-sol, dindar-ateist, müxalifət-iqtidar demədən Ramil Səfərovun baltası ətrafında birləşmişdilər. Dolma, xalça, dırnaqarası Azərbaycan həqiqətləri, doqquz iqlim, tar-kamança ,qoyun-quzu və tərəkəmə mədəniyyəti, göysatan və balıqsatan fəlsəfəsi, muğam kimi anlayışlar ətrafında ölkə vətəndaşlarının, ümumilikdə 50 milyon azərbaycanlıların zaman-zaman, lazım və yeri gələndə həmrəylik nümayiş ertdirməsi ölkədə yalnız bir dinin AZTV dininin, bir ideologiyanın AZTV ideologiyasının, bir təfəkkürün, AZTV təfəkkürünün  mövcud olduğunu sübuta yetirmişdir.   
 
 
Qocalar dünyasına daxil olmaq üçün bir gəncin yaş və təffəkkürcə qocaldığına tam əmin olmaq lazımdır. Avropada da bir zaman belə idi. Gənclər cəmiyyətdə yer, mövqe, vəzifə tutmaq üçün vaxtından əvvəl qocalmağa çalışırdılar. Onlar qəsdən ləng hərəkət edir, saçlarının tökülməsinə, üzlərinin qırışmasına, kökəlmələrinə sevinirdilər. Başqa cür cəmiyyətdə mövqe qazanmaq qeyri-mümkün idi. Bütün mümkün vasitələrlə qocaların hakimiyyətini qeyri-şərtsiz qəbul etmək lazım gəlirdi. Napoleonun Avropada fırtına qoparması Avropada gəncləşməyə xeyli şərait yaratmış oldu. Gənc bir insanın böyük nailiyyətlər əldə etməsi gəncləri həvəsləndirdi və gənclərdə öz güclərini həyatın müxtəlif sahələrində sınamaq həvəsi oyatdı. 
 
Təəssüflər olsun ki, bizim ölkədə mövqe qazanmaq üçün vaxtından əvvəl qocalmağa böyük bir ehtiyac var. Başqa cür hakimiyyətdə olan qocaların etimadını qazanmaq mümkün deyil. Sən qoca kimi düşünməli, qocaların din, təbiət, mətbəx, dünya haqqında fikirlərini heç düşünmədən, analiz etmədən tutuquşu kimi təkrar etməlisən. Əks halda böyük bir qoca ordusunun, qocaların etimadını qazanmaq üçün özünü qəsdən vaxtsız qocaltmış saysız hesabsız kölələrin təziqi ilə üzləşəcəksən. Ölkəmizdə həyatın hər bir sahəsində vəziyyət belədir. Ailədə, idarələrdə, siyasi partiyalarda... Əgər tayfanın qocalarına qarşı çıxmaq istəsən mütləq iqtisadi sanksiyalarla üzləşməli olacaqsan. Bir çox gənclər isə ev, maşın, pul itirməmək üçün vaxtından əvvəl qocalmaqları ilə razılaşırlar. Bundan əlavə müqavimət göstərə bilmədiklərini anladıqları üçün üsyankar fərdlərə də istər-istəməz nifrət edirlər, öz köləliklərini başqalarına düzgün həyat yolu kimi izah etməyə çalışırlar. Bizim qocaların əxlaq, öyüd-nəsihət adlandırdıqları əslində köləlik haqqında təlimatlardır. Palaza bürün elnən sürün, ağa deyir sür dərəyə, sür dərəyə, hökümətlə hökümətlik etmək olmaz kimi atalar sözü əslində rəsmən köləlik haqqında təlimatların başlıca bəndlərini təşkil edir. Bəzən bu qocalar öz mövqelərini əsaslandırmaq, üsyankar fərdləri tərki silah etmək üçün “problem hər yerdə var”, “heç nə dəyişməyəcək, həmişə belə olub belə də olacaq”, “biz demokratiyaya hazır deyilik” kimi sözlərdən də istifadə edirlər.
 
Əlbəttə, problem hər yerdə var. Bunu heç kim inkar etmir. Sadəcə problemdən problemə də fərq var. Biri var beş dəqiqəyə almalı olduğun  sənədi almaq üçün axmaq bir idarədə beş saat qapı ağzında dayanırsan, rüşvət verirsən, alçalırsan, qohum, tanış, dost axtarırsan, kiminsə yanında gözükölgəli olursan, biri də var ki, qlobal istiləşməni, yaşıllıqların, meşələrin azalmasını, böyük həcmli avtomobillərin ekologiyaya vurduğu zərəri bir problem kimi müzakirə edirsən. Bəli, vağzal hər yerdə vağzaldı. Bununla belə, Bakı vağzalı ilə Moskva vağzalı, Moskva vağzalı ilə Berlin vağzalı arasındakı fərqi də heç kim inkar edə bilməz. Əgər inkar edirsə, deməli öz köləliyini əsaslandırmaq üçün bəhanələr axtarmaqdadı. 
 
Qocaların hakimiyyətdə olduqları cəmiyyətlər həm də nəzarət cəmiyyətləridir, Corc Orvellin “böyük qardaşı” həm də yaşlıdır. Belə cəmiyyətlər yeniyetməlikdən birbaşa qocalığa keçirlər, insan həyatının ən məhsuldar dövrü olan gənclik və orta yaş dövrünü yaşamırlar. Nəticədə insanlar pessimist, etimad duyğusundan uzaq, dözümsüz-doyumsuz insanlar olurlar. Ölkə,  dəyişikliyə ciddi əngəl törədən mənasız və lazımsız ənənələri qorumaq üçün ciddi insan potensialından məhrum edilir. Qocalar ənənələri, ənənələr onları dəstəkləyir, nəticədə cəmiyyət reallaşmamış, “baş tutmamış”, kompleksli insanlar yığınına çevrilir.
 
SSRİ-nin dağılmasına çox səbəb tapmaq olar. SSRİ-nin dağılmasına gətirən ən başlıca səbəblərdən biri qocaların hakimiyyəti tam işğal etməsində idi: Politburo üzvlərinin yaş ortalamaları 1952-ci ildə 55, 1964-cü ildə 61, 1980-ci ildə 70 idi.
 
Qocaların hakimiyyətdə olduğu  cəmiyyətlər bürokratik, ənənəvi, düzxətli, zaman anlayışının olmadığı, insanların Godo-nu gözlədiyi cəmiyyətlərdir. İstər sol, istər sağ və dindar qocaların hakimiyyətdə olduğu cəmiyyətlər aralarında yüzillərin, əsrlərin məsafəsi olduğu ideologiya ya da din qurucularına bağlanıb qalırlar. Qocaların hakimiyyətdə olduğu cəmiyyətlərdə orta yaş olmur, yuxarıya doğru sosial hərəkətlilik mexanizmi işləmir. Halbuki təbiət və cəmiyyət müxtəliflik tərəfdarıdır, monotonluq müxtəlifliyi, çoxrəngliliyi boğur. İrəliləmə, inkişaf, yaradıcılıq, cəmiyyətdə həqiqi iştirak ancaq plüralist cəmiyyətlərdə mövcuddur, ancaq belə cəmiyyətlərdə təbii seçmə ən “qocalar”ı deyil, ən qabiliyyətliləri seçir.
 
Qocaların hakimiyyətdə olduğu cəmiyyətlər zorakı cəmiyyətlərdir, əngəllənmiş duyğuların və arzuların, özünü reallaşdırmamış insanların cəmiyyətidir. Belə cəmiyyətlərdə insanın ən adi arzuları beşikdəcə boğulur. İnsanın öz fikri, seçmək, bəyənməmək, imtina etmək azadlığı məhv edilir. İnsanın öz ideyalarını həyata keçirmək, özünü reallaşdırmaq, yaradıcılıq nümayiş etdirmək istəyinin qarşısı müxtəlif cəzalarla alınır. Taqorun təbirincə desəm “o yerdə ki, insanın nə yeməsi, nə içməsi, necə geyinməsi cəzalarla tətbiq olunur, cəzalarla müəyyən edilir, orda heç bir insan ləyaqətindən söhbət belə gedə bilməz”. İnsan həyatla əlaqədar qərarları özü vermək istəyir. Lakin qocaların hakimiyyətdə olduğu cəmiyyətlərdə bu mümkün olmur, ta o yaşa qədər ki, artıq insanın sabit fikirləri, doqmaları qəbul etməkdən başqa çarəsi qalmır. O vaxta qədər ki, fərd artıq sistem üçün lazımınca “köhnəlir”, özünəməxsusluğu qalmır və təhlükəsiz , ruhsuz, bir varlığa, daha dəqiqi köləyə çevrilir. 
 
Dünya sürətlə dəyişir, dəyişmə sürəti dayanmadan artır. Bu dəyişikliyin müsbət və mənfi dinamikasını doğru analiz edənlər zamana ayaq uydurur, anlamayanlar müxtəlif konspirasiya nəzəriyyələri ilə özlərini ovudurlar, cürbəcür divarlar çəkib zamanı dayandırmağa cəhd edirlər. Ancaq bu divarlar çox da dayanıqlı olmur, mütləq aşır – bəzən gec bəzən tez. Müasir insan fərd olduğunu dərk etdikcə fürsət bərabərliyi və ona aid proseslərdə söz haqqına sahib olma tələbi ilə çıxış edir. Əgər yaşadığı coğrafiyada bu dəyərlər yerləşmirsə, miqrasiya edir. Xalqların böyük köçü fərdlərin böyük köçü ilə əvəz olunur. Dünyada ən çətin proseslərdən biri insan yetişdirməkdi. Müasir avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri, müasir məktəblər tikmək asandı. Pulunu verib tikdirirsən. Pulunu verib avadanlıqları alırsan. Lakin bu avadanlıqlardan düzgün istifadə edə bilməyən mütəxəssisləri, müasir məktəblərdə dərs deyəcək müasir təfəkkürlü müəllimləri yetişdirə bilmirsənsə, bu müasir diaqnostika mərkəzləri, bu müsair məktəblər də heç bir işə yaramayacaq.
 
Azadlıqların tanınmadığı, qocaların hakimiyyətdə olduğu cəmiyyətlər ən ağıllı, ən intellektli insanlarını itirirlər. Azadlıqları tanıyan cəmiyyətlər isə dayandıqları yerdə ən intellektli və yaradıcı adamlara sahib çıxırlar. Dayandıqları yerdə yaradıcı, intellektli adamları qazanırlar. Biz bədbəxtlərə isə Avropada, Amerikada hər hansı sahədə, elmdə, ədəbiyyatda, ressamlıqda, kinoda uğur qazanmış adamların azərbaycanlı və yaxud müsəlman, şərqli olması ilə fəxr etməkdən savayı bir şey qalmır. Necə də aciz, necə də miskin bir təsəlli. Azadlıq dünyanın ən böyük nemətidi. Əgər belə olmasaydı bəşər tarixinin ən müxtəlif dövrlərində ən ağıllı, ən dərin insanları bu azadlığı əldə etmək, azadlıqlarını qorumaq naminə dar ağacından asılmazdılar. Sürgün olunmazdılar. Boyunları vurulmazdı. Güllələnməzdilər. Öz azadlıqlarını qorumaq naminə intihar etməzdilər. Əgər azadlıq dünyanın ən böyük neməti olmasaydı bəşəriyyətin ən dərin, ən intellekti, ən kamil insanları  tərəfindən azadlıq haqqında yüzlərlə əsərlər yazılmazdı, yüzlərlə filmlər çəkilməzdi...
 
İstifadə edilmiş mənbələr
S. Sveyq- Dünənin dünyasi
Qriqoriy Çxartişvili - Yazıçı və intihar
Yalçın İslamzadə - “Göydən yerə” məqalələr toplusu
 
Kultura.az