Seymur Baycan yazır...

Elmir Mirzəyevin "Permanet ikiüzlülük və İlhamənin ölümü" adlı yazısını oxudum. Adından da göründüyü kimi, yazıda söhbət ikiüzlülükdən gedir. Elmir müəllim yazısında iddia edir ki, bizim cəmiyyətdə total ikiüzlülük hökm sürür. Evdə, işdə, incəsənətdə, qadın-kişi münasibətində, toyda, yasda, bir sözlə hər yerdə. Bu total ikiüzlülük cəmiyyətin ən səciyyəvi xüsusiyyətidir. Bu cümlələri oxuyan kəslərin çoxu deyə bilər ki, ikiüzlülük heç də təkcə bizim cəmiyyətə xas xüsusiyyət deyil, rüşvət hər yerdə olduğu kimi, polis hər yerdə adamı döydüyü kimi, ikiüzlülük də hər yerdə var. Düzdür, razılaşmamaq mümkün deyil, amma bizdəki başqadı. Çox unikal, özünəməxsusdur, analoqu yoxdur. 

Bəs bu total və unikal, anoloqu olmayan ikiüzlülüyü doğuran səbəb nədir? Öz dayaz ağlımla bu yazıda bu total ikiüzlülüyü doğuran səbəb haqqında yazacam. Söhbəti uzatmayaq, müqəddiməyə heç bir ehtiyac yoxdu, Azərbaycanda ən bağışlanmaz cinayət, ən bağışlanmaz günah səmimi olmaqdır. Özü də çox səmimi olmaq lazım deyil, çeçələ barmağın üçdə biri qədər səmimi oldunsa, bəs edir. İndi hər kəs bu sözü öz üstünə götürərək deyəcək ki, hə, düzdür, mən səmimiyəm deyə məşəqqətlərə məruz qalmışam. Ona gorə, ümumi danışmayaq, konkret danışaq.

Məsələn, bu dəqiqə Azərbaycanda on minlərlə adam var. Avropalıların həyat tərzini söyürlər, avropalıları bəyənmirlər, islamın gözəlliyindən, islamın əslində sülh dini olmasından danışmaqdadırlar, bununla bərabər hansısa bir avropa ölkəsinə sığınmaq üçün nə hoqqa deyirsən, çıxarırlar. Adama deyən gərək, bəy dediyiniz nədir, bəyənmədiyiniz nədir? Əgər avropa adamının həyatını bəyənmirsinizsə, qərbi söyürsünüzsə, niyə ora getmək istəyirsiz? Qəşəng ərəb ölkələri var, İran var, yox yerdən Türkiyə var, xoşunuz gəlirsə, gedin orda yaşayın.

Yox, İrana-turana getməzlər. Çünki həqiqətdə haranın yaxşı, haranın pis olduğunu çox gözəl bilirlər. Sadəcə, bir cürə danışıb başqa cürə hərəkət etmək lazımdır. Oyunun qaydası belədir. Bax, elə bunu yazmaqla bu kimi nə qədər adamın nifrətin qazanmış oldum. Əslində nə etməliydim? Əslində mən yazmalı idim ki, Avropada ailə institutu dağılıb, Avropada mənəviyyat tənəzzül etməkdədi, orda adamlar çox soyuqdu, ruhları ölüb, biz isə çox mehribanıq, çox qonaqpərvərik, bizdən yoxdur və bunları deməklə bərabər, altdan-altdan hansısa avropa ölkəsinə sığınmaq üçün yollar axtarmalı, variantlar fikirləşib tapmalı idim. 

Neçə ildi mənə deyirlər ki, sən də Anarın tayısan, sən Anar olmaq istəyirsən. İnsaf dinin yarısıdır. Axı mən necə Anarın tayı ola bilərəm? İstəsəm belə, ola bilmərəm. Bəyəm mənim atam Lenin haqqında poema yazıb? Yoxsa mən dövlətin büdcəsindən maliyyələşən jurnalları atamın əsərlərinin təbliği üçün istifadə etməkdəyəm? Əslində necə olmalı idim? Əslində… Yerləşdiyi binanın divarlarına həm sürgünə göndərilənlərin, həm də sürgünə göndərilənlərdən donos yazanların portretləri yanaşı vurulmus, sovetden qalma Yazıçılar Birliyinin üzvü olmalı idim. Rəsul Rza haqqında tərifli məqalələr yazmalıydım. Yazmalıydım ki, nə olsun Rəsul Rza Lenin haqqında poema yazıb, amma baxın görün necə bədii, necə ustalıqla yazıb. Əşi indi neynəyək dövr belə idi.... Orda, Lenin poemasında bir misra var. Pişik əti yeməsə də, ət pişiyi yeyəcək. Bilirsiz, o dövrdə bu misranı yazmaq böyük cəsarət tələb edirdi. Bəs nə?

Yazmalıydım ki, Bəxtiyar Vahabzadə dahidir. Sovet dövründə qanını qaşığa qoyub, “Gülüstan” poeması yazdı. Buna görə o yazığı nə qədər incitdilər. Sanatoriyalarda, kurotlarda, yaradıcılıq evlərində olmazın zülmün çəkdi. Belə-belə nağıllar uydurub mükafat almalıydım, təqaüd almalıydım. Heç vətəndaş mövqeyi-zad nümayiş etdirməyə, bu qədər adamla düşmən olmağa, bu qədər adamın nifrətini qazanmağa da ehtiyac yaranmazdı. Arada bir müsahibə verib Folknerdən, Kafkadan, Sartrdan "ağıllı-ağıllı" danışırsan. Nə qədər mücərrəd danışsan bir o qədər ağıllı, müdrik görünürsən. Deyirsən ki, ədəbiyyat hər şeyin, bütün hadisələrin fövqündə dayanır. Bu axşam günəş batacaq, sabah yenə çıxacaq. Pah, gördünüz nə dedi, cümlədə hikmətə bax. Bu gün günəş batacaq, amma sabah yenə çıxacaq. Belə etsəydim müxalifətindən tutmuş iqtidarına qədər hamının yanında daha çox hörmət sahibi olardım. Hamı deyəcəkdi ki, ağıllı oğlandı, savadlı oğlandı, istedadlıdı, həm də mərifətlidi. Allah saxlasın! 

Yaxşı, özümü qoyum kənara. AzTv demişkən uzağa getməyək, götürək Elmir Mirzəyevi. Ola bilsin, Elmir bəy onu bir misal kimi göstərməyimizə görə bizdən inciyəcəkdir. Belə bir şeyin baş verməsini istəmirik. Anlayışla qarşılasın. Bu cür yağlı bir misalı qaçırmaq günah olardı. Bəli, Elmir Mirzəyev savadlı, məlumatlı, cəmiyyətə fayda verəcək, cəmiyyət üçün yararlı ola biləcək, xarizmatik bir adamdır. 

Bu adam başını salardı aşağı, zəhmət çəkib ilk fürsətdə kiçik bir vəzifədən-filandan əldə edərdi. Necə ki, onun yaşıdları, ondan yaşda balacalar, ondan savadı qat-qat aşağı olanlar bu vəzifələri asanlıqla əldə ediblər. Hər şeyi qoyuram bir kənara, yoldaş Mirzəyev ən azı, ən ölən yeri xaricdə və daxildə keçirilən Azərbaycan mədəniyyəti günləri adlı silsilə tədbirlərə çox yarayan, cox uyğun gələn adamdı. Bu da ilin-günün bu vaxtı az şey deyil. Ora düşmək üçün qanlı vuruşmalar gedir. Basabasdır. Hər yerdə olduğu kimi burda da növbəyə durmağı bacarmırlar. Xalqımız da prosesdən xəbərdardır. Xalqın gözü tərəzidir. Bu tərəzi xeyiri, gəliri çox dəqiq müəyyən edir. Qrama qram. Bilir ki, seçilən sənətkarlar doğurdan da seçilən sənətkarlardır. Məsələn, biləndə ki, Kamal müəllim Alim Qasımovun xətrini çox istəyir (xətri həmişə xoş olsun) xalq da Alim Qasımovun xətrini çox istəyir.

Bəli, Elmir bəy özünü seçdirsəydi, sevdirsəydi, arada da müsahibə verib, başı-ayağı bilinməyən mücərrəd bir cümlə işlətsəydi, "Azərbaycan xalqı həmişə istedadlar yetişdirib və həmişə də yetişdirəcək" desəydi, indi qohum-əqrəbasının, etirazçı elektoratın, ümumən xalqımızın daha çox hörmətini qazanacaqdı. Belə, indiki halıyla o heç kimə lazım deyil. Nə özü, nə yazdıqları, nə də danışdıqları. İnciməsin.

Başqa bir yağlı misal. Rasim Qaraca. Kimə lazımdır onun fəaliyyəti? Boş yerə hamıyla düşmən olub. Nəyə lazımdır bunlar? Yazıçılar Birliyində, büdcədən maliyyələşən jurnallardan birində kiçik bir vəzifə tutsaydı, arada AzTv-yə çıxıb soyuq bulaqdan, çilli toyuqdan, ədəbi irsimizdən, mədəni tilsimimizdən danışsaydı, hərdən aparıcıların dilimizi korlamasından şikayətlənsəydi, daha yaxşı olmazdımı? Allaha da xoş gedərdi, bəndəyə də. Zirək adamdır. Özünü ora-bura vurub, axırda bir şey qoparardı. Qohumlarının, ümumən xalqımızın qarşısında daha çox hörmət sahibi olardı. Deyərdilər zirəkdir, ağıllıdır, zövqü var, başqalarından seçilir... Yoxsa, belə Rasim bəyin nə özü, nə də gördüyü iş heç kimə lazım deyil. Açıq danışmaq lazımdır. Gizlətməli heç nə yoxdur. Rasim bəy də inciməsin. 

Bir az da məişətdən danışaq. Bu ötən illər ərzində müxtəlif səpkili xanımlarla bu və ya digər şəkildə ünsiyyətim oldu. Azərbaycan dilli, rusdilli, ingilisdilli, tutidilli ... Daima sən özünü başqa cür göstərirsən, əslində sən eləsən, əslində sən beləsən ittihamların eşitdim. Olsun. Hərçənd, heç vaxt qarşıma fərqli olmaq, fərqli görünmək kimi bir məqsəd qoymamışam. Nə olubsa, öz-özünə olub. Əsgərlikdə də belə olub, universitetdə də, mətbuatda da, ədəbiyyatda da... Sonralar sən əslində eləsən, sən əslində beləsən deyib, məni şiddətlə ittiham edənlərin seçimini gördükdə, kimləri seçdiklərindən xəbər tutduqda, sadəcə dəhşətə gəldim. Onlar məndən nələr tələb edirdilər, amma seçim edəndə bu tələblər bir qram da yada düşməmişdi. 

Peşmansan uşaqlığından nəsə ağrılı bir hadisə yazasan. Adamlar başlayır xorla oxumağa: Deyirdik də, bunun travması var. Ay ədəbiyyatdan xəbəri olmayanlar, bəs yazıçı nədən yazmalıdır? İt zülmü çəkdiyimiz kəndləri, ağcaqanad əlindən bir dəqiqə rahat otura bilmədiyimiz “bağları”, qəddar ataları, şöhrətpərəst, pulgir anaları, cahil, mənfəətpərəst qohum-əqrəbaları nəyə görə ilahiləşdirməliyik?

Elə danışırlar, guya hamısı çox belə səliqəli, nizam-intizamlı, nümunəvi ailələrdə böyüyüblər, əsl belə sivil insan kimi tərbiyə alıblar. Elə danışırlar, özlərini elə aparırlar, guya bunları tanıyıb-eləyən yoxdu. Guya başqa-başqa planetlərdən gəlmişik. Yaxşı, tutaq ki, şəxsən mən sizdən fərqli olaraq əxlaqsız ailədə böyümüşəm, normal ailə tərbiyəsi almamışam.

Tutaq ki, məndən fərqli olaraq böyük çoxluq uşaqlıqda valideynləri tərəfindən böyük qayğı görüblər, ailələrində dava-dalaş olmayıb, gözəl tərbiyə alıblar, bəs o zaman hanı bu gözəl tərbiyə alan adamlar hardadırlar? Bəs bu yaltaqlıq, təlxəklik edənlər, beş manata görə min sifətə girənlər, məddahlar, savadlı ve sivilyosun lakeylər kimlərdi? Onlar harda tərbiyə alıblar? Əgər böyük çoxluq gözəl tərbiyə alıbsa, uşaqlıqda hər şey qaydasında olubsa, o zaman bu adamlar niyə o aldıqları gözəl tərbiyəni doğrultmayıblar? Hanı onlara verilən tərbiyə?

Axı reallıqda baş verənlər danışılanların və yazılanların tamam tərsini göstərir. Yalan danışmaqdan, yalan yazmaqdan yorulmadınız? Beləliklə, bu böyük, total yalanların, adamların, məkanların, keçmişin ilahiləşdirilməsinin fonunda bir balaca yazıda səmimiyyət nümayiş etdirən adama qarşı onun səmimiyyətindən silah kimi istifadə olunur.

Nəhəng bir tamaşa... Vay bu tamaşada öz rolunu tapıb öz rolunu oyanaya bilməyənlərin halına. Nə qədər çevik olmalısan. Bütün hərəkətlərini incəliklə əsaslandırmalısan. Özündən zəifi parçalayıb, qanını içməlisən, özündən güclüyə rast gəldikdə quzuya dönüb, ikiqat əyilməlisən və bunu “mərifət”, “hörmət edirəm”, “aramızda pərdə var” adlandırmalısan. Milli kodları valyutaya çevirməyi bacarmalısan. Müxalifyönlülərin yanında Avropa Oyunlarını lağa qoymalısan, bununla bərabər gedib orda işləmək, maaş almaq fürsətini qaçırmamalısan. Üstəlik, bu şəxsiyyət ikiləşməsini "xaricilərə ölkədə baş verən hadisələri çatdırmaq üçün ora getmişdim" kimi qələmə verməlisən.

Üç günlük müharibə zamanı bu nəhəng tamaşada temp birdən-birə artdı. Hadisələri çatdırıb izləmək olmurdu. Bir gənc dostumuz demişkən: "Bu cavan ömrümdə nələr görmədim?!". Ən dahi teatr rejissorları dirilib, bu tamaşanı görsəydilər, özlərinin nə qədər mənasız, boz, boş olduqlarını dərk edərdilər və onların arasında ən abırlıları yəqin ki, bütün kitablardan, divarlardan adlarının silinməsini, portretlərinin yandırılmasını xahiş edərdilər. Bilmirəm, allah bilir nə edərdilər. Hər şey ola bilərdi. 

Əsgərlikdən min bəhanəylə yayınıb "İrəli Azərbaycan əsgəri!" bağırana bax, milyardların altından girib, üstündən çıxanın orduya əlli min yardım etməsinə bax, cibində saxta mandat gəzdirənlərin, xalqın səsini oğurlayan adamların xalqın qəhrəmanlığından danışmasına bax, dünənə qədər "bu hakimiyyətlə heç nə etmək olmaz" deyib, indi "fəaliyyətimizi dondurmağa hazırıq" deyən muxalifətçilərə bax, ən biabırçı əməliyyatlarla yadda qalan zabitlərin həbsxanadan "məni buraxın, gedim vuruşum" bəyanatı verməsinə bax, allahın kortofunu qızarda bilməyənlərin "gedib cəbhədə yaralılara qulluq etmək istəyirəm" deməsinə bax, bir gecədə vətənpərvərlik ruhunda şeir yazana bax...

Hamısına çatdırıb baxmaq olmurdu. Həmin o temp artan günlərdə hər şeyə çatdırıb baxmaq üçün iki göz azlıq edirdi, əlacım olsaydı daha iki göz kirayəyə götürərdim. Solçu, sağçı, liberal, vegeterian, müxalifət, iqtidar hamısı bir-birinə qarışmışdı. Həmin günlər məşhur "camaat, gəlin yığışaq, gedin müharibəyə" sözü tez-tez yadıma düşürdü. Qəfildən artan bu temp göstərdi ki, əslində cəmiyyətdə siyasi rəngarənglik zad yoxdu, sadəcə bir rəng var, o da AzTv rəngidi. Yüngülvari bir imtahan nə qədər insanın həqiqi mahiyyətini ortaya qoydu. Belə mahir oyunçuların arasında əlbəttə ki, insanın hansısa bir ideyaya inanması, məsələn müharibə istəməməsi yalandan özünü fərqli göstərmək kimi qəbul edilməlidi.

Əcəb işdir, ordudan yayınıb “İrəli, Azərbaycan əsgəri” qışqıran adamın vətənpərvərliyi saxtakarlıq olmur, tam tərsinə alqışlarla qarşılanır, təqdir edilir, amma mənim müharibə istəməməyim saxtakarlıq olur. Belə baxanda, total ikiüzlülük hökm sürdüyü cəmiyyət üçün normal münasibətdir. Çünki bu mahir oyunçular doğurdan da insanın təmənnasız bir ideyaya, fikirə inanmasına heç cürə inana bilmirlər. Kölələr üçün azad adam yoxdu. Onlar düşünürlər ki, əgər bir insan müharibə istəmirsə deməli mütləq onun bir qazancı var, məqsədi, loru dildə desək xeyiri var. Axı insan qazanc, təmənna olmadan bir ideyaya necə inana bilər?

Meydan.tv