Seymur Baycan

Hər dəfə məni görəndə A. Kuprinin "Fil" hekayəsinin motivləri əsasında çəkilmiş "Qız və fil" cizgi filminin süjetini danışır: "Yadındadı, qız xəstələnir, fil onlara gəlir, çoxlu tort yeyir..."


Biz bu cizgi filminə uşaqlıqda bir yerdə baxmışdıq. Bəlkə də bu onun ən işıqlı xatirələrindən biridir. Müəyyən məhdudiyyətlər və uşaqlıq qorxularımız olsa da, hələ ki, ən adi əyləncələr, ən kiçik hədiyyələr bizə sevincli anlar yaşada bilirdi. Rahat yata bilirdik. Həyat adlı əjdahanın varlığından, sərt dönüşlərdən xəbərsiz idik. Sonra qəfildən atam rəhmətə getdi. Müharibə başladı və biz bir anda hər şeyimizi itirdik. Əzablı, işgəncəli, heç cür ifadə edə bilmədiyim ağır günlər gördük. Uşaqlıqda kitablarda oxuduğum səfaləti və kasıbçılığı öz gözlərimlə gördüm. Həyata bir neçə dəfə sıfırdan başlamalı olduq. Vəziyyətimiz o qədər ağırlaşdı ki, bacımı və qardaşımı internata göndərməli olduq. Bacım ali təhsil ala bilmədi. Ailədə yalnız mən bütün çətinliklərə, kasıbçılığa, əziyyətlərə baxmayaraq, şəxsi fədakarlığım və mübarizəm nəticəsində oxumağı bacardım. İndi bacım vəhşi qanunlarla idarə olunan ölkədə iki uşaq böyütməyə məhkumdu. Elə bir ölkədə ki, Çexovun təbirincə desəm, bütün zorakılıqlar artıq insanlar tərəfindən zəruriyyət kimi qəbul olunur və belə bir ölkədə ədalət haqqında danışmaq zorakılığa məruz qalmış insanların özləri tərəfindən gülünc qarşılanır. Belə bir ölkədə qadının iki uşaq böyütməsinin nə demək olduğunu hər birimiz bilirik. Erkən yaşda artıq qürub etməkdə olan bir insanın bütün arzuları bu iki uşağa bağlıdı. Sanki qürub etməkdə olan bir günəş bütün enerjisini və qüvvəsini iki çiçəyin böyüməsinə sərf edir.

O hər cür fədakarlıq edir və bundan sonra da hər cür fədakarlığa hazırdı, amma nə etməli ki, bu iki uşaq da vəhşi cəmiyyətdə yaşamağa məhkumdur.

O bircə dəfə də ölkədən kənara çıxa bilmədi. Ölkədən kənara çıxa bilməməyi bir yana, heç doğulduğu ölkənin Şəkisinin, Lənkəranının, Qubasının, Zaqatalasının necə olduğundan xəbərsizdi. Hər dəfə xoş bir təbiət mənzərəsiylə qarşılaşanda, istəyirəm gözlərimlə bu mənzərələri kopyalayıb, ona göndərəm. Başa düşürəm, bir adam bütöv bir nəsli xoşbəxt etmək iqtidarında deyil. Bir adam hamının əvəzinə oxuya bilməz, bir adam hamının əvəzinə gəzə bilməz. Bir adam hamının əvəzinə xoşbəxt və ya bədbəxt ola bilməz...

Hər dəfə xoş bir təbiət mənzərəsi görəndə ölməz Mirzə Cəlilin "Ölülər" əsərində İsgəndərin bacısı Nazlıya dediyi sözlər yadıma düşür: "Bax, həyətdə gün çıxıb, sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?"

O, əyləncə restoran, kafe, şəhərlər, təbiət mənzərələri görmədən həyatın sərt üzü ilə qarşılaşdı. Vaxtından əvvəl təravətini itirdi. Həyatın çətinlikləri həm fikirlərinə, həm də xarici görünüşünə öz təsirini göstərdi. Halbuki bir zamanlar onun necə də dupduru gülüşü vardı. Elə nə gördüsə, mənim hesabıma gördü. Bir-iki dəfə bulvara, teatra-filana apardım... Detallara varmıram, ətrafımızda, nəslimizdə, binamızda, küçəmizdə aşağı-yuxarı eyni süjetli taleni yaşayan qadınlar çoxdu.

Ötənlərdə dostum Arif Aydın bir müşahidəsini bölüşdü. Deyir, mən yalnız ölkəni tərk edəndə həqiqi qadın gülüşü eşidirəm. Dəqiq. Qadın necə gülsün bu ölkədə? Qadın bütün gün daşlaşmış adətlərin təsiri altında əzilməkdədi və hər məkanda özünü bir cür aparmağa məcburdu. O, ailədə bir cür, işdə başqa cür, küçədə tamam başqa cür olmaq məcburiyyətindədi. O özü üçün yaşamır, başqaları - ailəsi, qardaşı, atası, əmisi oğlanları, iş yoldaşları, qonşuları üçün yaşayır. Xaqani Hasın təbirincə desəm, o qadın deyil, kiminsə anasıdı, kiminsə bacısıdı, kiminsə arvadıdı, kiminsə əmisiqızıdı, kiminsə xalasıqızıdı, kiminsə yerlisidi, kiminsə qohumudu, kiminsə qızıdı və bu qadın bütün bu "kimlər"in maraqlarını və gözləntilərini nəzərə almalıdır. Bütün bu "kimlər"in namusunu qorumalıdı. Bütöv bir kişi ordusu ona nəzarət etməkdədi. Bu ölkədə hər şey kişi üçündü. Restoranlar, kafelər, əyləncə mərkəzləri. Bir qadınla oldunmu, gedəcəyin yerlərin 95 faizi ixtisara düşür. Şəhərin mərkəzində bir kafe var, adını yazmıram, kafedə yalnız kişilər üçün tualet var. Bir qadınla adam yola çıxanda, it zülmü çəkir. Tualet belə yoxdu qadınlar üçün. Biabırçılıqdı, ilin-günün bu vaxtı hələ də bir çox qadınlar sosial şəbəkələrdə saxta adlarla öz fikirlərini yazmağa məcburdurlar.  Bir gəncin fikirlərini yazım, özünüz nəticə çıxarın. Deyir: "Facebook mənim üçün maraqsızdı, mən bacıma nəzarət etmək üçün orda varam..."

Niyə hələ də biz qeyrəti yalnız və yalnız klassik mənada başa düşməliyik? Bəyəm başqalarının haqqını yemək, saxta dərman satmaq, zəifi əzmək, zəifə qarşı qəddar münasibət göstərib, özündən güclünün qarşısında quyruq bulamaq, vaxtı keçmiş qida məhsulları satmaq, rüşvət almaq və bütün bunların fonunda qadının qeyrətini çəkmək qəhrəmanlıqdı?

Biz ölkədə yaşayan vətəndaşların tam yarısının gücündən məhrum olmuşuq. Mənasız adət yığnağı və bütöv bir nəzarət mexanizmi qadınları zəlil günə qoyub. Ölkənin ictimai-siyasi həyatında iştirak edə bilmirlər. Hər şeyi pəncərədən seyr etmək məcburiyyətindədirlər. Ürəkləri kabab yemək istəyir, yeyə bilmirlər, kimsə mütləq yanlarında olmalıdır, kimsə mütləq alıb gətirməlidir. Bir qadın xeylağı gedib bulvarda təkbaşına rahat gəzə bilmir. Mümkün deyil, elə isə özümüzü qeyrətli bir cəmiyyət kimi qələmə verməyimiz nə qədər doğrudur? Niyə bu boynuyoğun kişilər üçün qeyrət anlayışı yalnız və yalnız qadını güdmək kimi başa düşülür?


Nəyə görə bizim valideynlərin qızların təhsilinə pul xərcləməyə canları çıxdığı halda, cehiz pulunu siçan deşiyindən də olsa, tapıb çıxarırlar? Səbəb çox sadədi. Ona görə ki, onlar bu qeyrət və namus rəmzindən bacardıqları qədər tez yaxa qurtarmağa çalışırlar. Yəni, getsin, şərin-xatasın uzaq etsin bizdən. Namusu və qeyrəti qorumaq məsuliyyətini tez başqalarına ötürmək istəyirlər. "Gedərsən ərə, orda nə istəyirsən geyinərsən, nə istəyirsən edərsən" - cümləsini bizim qızlar tez-tez eşidirlər. Bu zəmanədə qızların təhsilinin necə vacib olduğunu yazmağın özü ayıbdır. Zatən bunu hər bir şüurlu məxluq başa düşməlidi. Başa düşməlidir ki, qızlara cehiz yığmazdan əvvəl, onlara təhsil verilməlidi. Bütün imkanlar cehiz yığmağa yox, təhsilə yönəlməlidi.

O ki qaldı qızlara... Kaş qızlar biləydilər ki, onların təhsil alması üçün nə qədər insan əzab çəkib, döyülüb, söyülüb, öldürülüb. Təhsili mütləq qiymətləndirmək lazımdı. Təhsil daha çox azadlıq əldə etmək, ən pis halda əldə olunan azadlığı qoruyub saxlamaq üçün vasitədi.

P.S.: Cek London "Martin İden" əsərində dəhşətli bir səhnə yaradıb. Ərinin zülmü altında inləyən, paltar yumaqdan əlləri qıpqırmızı olmuş, vaxtsız əldən düşən bacısı ərindən gizli, qorxa-qorxa qardaşına, Martin İdenə kiçik miqdarda pul və bir az yemək gətirir. Aclıqdan əziyyət çəkən, yazıçı olmağı qarşısına məqsəd qoymuş Martin İden işləməkdən əldən düşmüş, ərinin zülmü altında inləyən, mərhəmətli və fədakar bacısına baxaraq düşünür: "Mənim əqidəm bu qadının iztirablarını görməməyi, onu məhv etməyi tələb edir. Amma necə?".

Kultura.az