Seymur Baycan

2003-cü ilin oktyabr ayının ortasında şahidi olduğum bir xoş, həm də qürurverici bir mənzərəni sizlərlə paylaşmaq istəyirəm. Köhnə dəyirmanın yaxınlığında yerləşən supermarketin qarşısında dayanmışdım. Uzaqdan küçələrə tökülmüş insanların səsləri eşidildi. Yanımdan keçən bir rus qadını bu səsləri eşidib dedi: “Başladı”. Bu səs hələ də mənim qulaqlarımdadır.

 
Sonra baş verən hadisələrin detallarına varmaq istəmirəm. Zatən hadisələrin iştirakçıları baş verənləri daha yaxşı xatırlayırlar. Hadisələrin birbaşa iştirakçıları olmayanlar isə baş verənlərdən az-çox xəbərdardırlar. Hakimiyyət bütün qüvvələrini səfərbər edərək, repressiv aparatını sərt şəkildə işə salaraq, küçəyə çıxmış insanları amansız şəkildə qorxutmaqda, cəzalandırmaqda idi.
 
Mən bir jurnalist, həm də bir vətəndaş olaraq eyni anda bir neçə məkanda olmaq istəyirdim. Şəhərin müxtəlif yerlərində baş verən qarşıdurmalar haqqında söhbətlər məni buna vadar edirdi. 3-4 saatdan sonra mən şəhərin mərkəzində idim. Birdən bir dəstə 12-16 yaşında uşaqlar Fəvvarələr Meydanına axışaraq “Azadlıq”, “İstefa” şuarları qışqırmağa başladılar. Polislər və mülki geyimlilər hadisə yerinə gəlib çatana qədər uşaqlar şəhərin mərkəzində kifayət qədər səs-küy qopara bildilər. Polislər hadisə yerinə gəldikdə isə uşaqlar öz yaşlarının tanıdığı çevikliklə tez aradan çıxmağı bacardılar.
 
Mən onların arxasınca düşdüm. Dəstə Hüsü Hacıyev küçəsində yenidən toplandı. Sonra Beş Mərtəbə tərəfə hərəkətə keçdilər. Yolda “Azadlıq”, “İstefa” şüarları qışqırmaqda davam edirdilər. Füzulu heykəlinin qarşısında toplaşdılar, aralarından bir nəfər piləkənlərin üzərinə çıxıb qısa nitq söylədi. Polislər uzaqdan görünəndə onlar yenə də bir anda yoxa çıxdılar. Qəzəblənmiş polislər Füzuli Meydanına dağılışıb orada dayanan adamları döyməyə başladılar. Hətta mağazaların qarşısında dayanmış bir neçə satıcı da zərbə aldı. Bu haqda o vaxtlar “Milli qavroşlarımız” adlı bir yazı yazmışdım.
 
Bəli, mən küçə davalarının tərəfdarı deyiləm. Özümü cəsarətli adam hesab etmirəm. Bacardığım qədər yumruq davasından uzaq olmağa çalışmışam. Buna görə də bir çox hallarda məhəlli düşüncəli insanların gözündə qorxaq və hətta bir az kobud ifadə etsəm peysər kimi görünmüşəm.
 
Lakin bu günlərdə baş verənlərin təsiri ilə daha da həssaslaşmış vicdanım məni evdən bayıra çıxmağa məcbur edir. Nə vaxtsa yaşadığımız bu günlər tarixə çevriləcək. Kaş elə bir gün olsun ki, Azərbaycanın gələcək vətəndaşları bu günləri dəhşətli bir gün kimi xarakterizə etsinlər. Və bu dəhşətli günlərdə vətəndaş mövqeyi göstərən, bütün mərhumiyyətlərə, çətinliklərə, təzyiqlərə baxmayaraq alnıaçıq gəzən insanları şərəflə və qürurla xatırlasınlar. Yaşadığımız bu günlər bir tarixdir. Və bu tarixin qəhrəmanına çevrilmək hər bir kəsin özündən asılıdır.
 
Əgər sən əməlinlə nifrət edə bilmirsənsə, gözünlə nifrət et, gözünlə nifrət edə bilmirsənsə, ürəyinlə nifrət et. Müqəddəs kitabda deyildiyi kimi: “Ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin üçün həyata tək ayaqlı girmək, iki ayağın olaraq cəhənnəmə atılmaqdan yaxşıdır”.
 
Vay o adamların halına ki, qəhrəman olmaq şansını başa düşəməyib 500-600 manata özlərini bazara çıxartdılar. Eşq olsun o insanlara ki, onlar bu imtahandan üzüağ çıxmağı özlərinə borc hesab edirlər. Bəli, tarix hər şeyi öz yoluna və yerinə qoyur. Amma vacib məqamlarda vətəndaş sözünün həqiqi mənasını dərk edənlər tarixə kömək etməyə özlərində təpər tapmalıdırlar.
 
Bu gün hər bir kəs özü üçün müəyyən etməlidir. Mən bu tarixdə qəhrəman olaraq hansı rolu oynaya bilərəm? Axı qəhrəmanlıq müxtəlif olur. Mən kim ola bilərəm? Qavroş, Rudin, Bazarov, Qorkinin “ANA”sı... və yaxud da konkret olaraq orta əsrlər qaydaları ilə idarə olunmaq istəməyən, insan kimi yaşamaq istəyən İNSAN.
 
Kultura.az