Siyasət 14:06 01.10.2022

Paşinyanın növbəti hiyləgər gedişi: Bu danışıqlar prosesinə kölgə salmaq cəhdidir (ŞƏRH)

Ermənistan baş naziri Nikol Paşinyan son açıqlamalarında bildirib ki, nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazırdı, onlar Qarabağı heç Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyillər. "Hər kəsin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və həqiqət dilində danışıramsa, o zaman bunları qeyd etməliyəm - hərçənd bunu daha əvvəl, hətta müharibədən öncə deməliydim - adıçəkilən heç bir ölkə Qarabağın müstəqilliyini və Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, deyə Paşinyan bildirib. 

Həmin ölkələrin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığına gəlincə, Paşinyan deyib ki, onlar beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər. "Bu bəyanatlar açıq şəkildə səsləndirilib. Məgər bu təzə xəbərdir?”, deyə Paşinyan fikrini yekunlaşdırıb. 

Baş nazir həmçinin parlamentdə çıxışında qeyd edib ki, Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina edir. Bakı bu qərarını Qarabağın Azərbaycanın daxili işi olması ilə əsaslandırıb: "Bu səbəbdən bizimlə bu mövzunu müzakirə etməyə ehtiyac duymur”. 

O vurğulayıb ki, Ermənistan üçün Azərbaycanla qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq məqbuldur. Paşinyan onu da bildirib ki, Azərbaycan problemin həlli üçün Qarabağla danışmalıdır. Bu isə o deməkdir ki, əslində İrəvan Azərbaycanla danışıqlarda o qədər də maraqlı deyil. Yaxud da Qarabağ məsələsini ortaya atmaqla danışıqlar prosesini uzatmağa çalışır. Paşinyanın Bakını Qarabağıa danışıqlara səsləməsi Ermənistanın 10 noyabr bəyannaməsindən imtinası anlamına gəlirmi? 

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Paşinyanın belə fikirlər səsləndirməsi danışıqlar prosesinə kölgə salmaq, onu buxovlamaq cəhdidir:
 


"Paşinyan ziddiyyət təşkil edən o qədər bəyanatlar verib ki, onun dediyinin hansının düz, hansının yalan olduğunu bilmək olmur. Son bəyanatında deyib ki, İrəvan Bakı ilə substantiv danışıqlara və sülh müqaviləsi imzalamağa hazırdır. Onun ardınca Fransa prezidentinə söyləyir ki, olmayan Dağlıq Qarabağ regionunun statusu müəyyən edilməli, ATƏT-in Minsk qrupu danışıqlarda vasitəçi olmalı və Ermənistan-Azərbaycan sərhədinə ABŞ və Fransadan ibarət beynəlxalq missiya gəlməlidir. İndi isə 90-cı illərin əvvəllərinə qayıdaraq, söyləyir ki, Bakı ilk növbədə Qarabağın erməni icması ilə danışıqlar aparmalıdır. Yəni onun məntiqilə Qarabağ erməniləri danışıqların tərəfi olmalıdır. 

Dağlıq Qarabağ deyilən inzibati ərazi artıq yoxdur. Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları yaradılıb. Digər tərəfdən, nə status söhbəti müzakirə oluna, nə də ATƏT-in Minsk qrupu burada vasitəçilik edə bilməz. Bu məsələlər bitib. Azərbaycan 30 il ərzində torpaqları işğalda olanda belə Qarabağın separatçıları ilə danışığa getmədi. Faktiki olaraq Qarabağı tərəf kimi qəbul etmək, separatçılarla danışıqlara getmək anlamındadır. Bu heç zaman olmayıb və olmayacaq. Separatçılar tərk-silah olunmalı, qeyri-qanunu hakimiyyətləri də ləğv olunmalıdır. Paşinyanın bu yöndə verdiyi bəyanat nonsensdir, reallaşma əmsalı sıfıra bərabərdir. Azərbaycan heç bir halda separatçılarla danışıqlar aparmayacaq. Əksinə, Azərbaycanın bütün addımları qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsinə və oradakı separatçı rejimin özünü buraxmasına yönəlib. Bu mənada da Paşinyanın həmin təklifi 10 noyabr bəyannaməsinə daban-dabana ziddir. Deməli, bunu təklif etməklə Paşinyan imzaladığı həmin bəyannamədən imtina etdiyini ortaya qoyur. Paşinyanın belə fikirlər səsləndirməsi danışıqlar prosesinə kölgə salmaq, onu buxovlamaq mahiyyəti kəsb edir”. 

Rüfət Sultan