Siyasət 12:50 07.12.2022

“Qardaş yumruğu” “Tehran respublikası”nı özündən çıxartdı, mollakratiya təxribata başladı

Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlər İranı artıq qıcıqlandırmağa başlayıb. Belə ki, bu təlimlər fonunda İran mətbuatı təxribatlara başlayıb. İranın xüsusi xidmət orqanlarına bağlı və daim qatı anti-Azərbaycan təbliğatı aparan "Bultan News” saytı Azərbaycanı təhqiramiz şəkildə "Bakı Respublikası” adlandıraraq yazır: 

"Tehranın "Bakı Respublikası”ndan Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı bəzi xəbərlər yayılıb. İddia edilir ki, bu yolun müəyyən problemləri var və indiki şəraitdə ondan istifadə etmək mümkün deyil. Digər tərəfdən, onlar Türkiyə ilə əlbir olaraq, talışların yaşadığı cənub bölgələrində hərbi təlimə başlayıb ki, bu da etnik məsələləri baxımdan İrana açıq-aşkar mesaj sayılır. Biləsuvar rayonu da talış zonasıdır və İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır”. 

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirir ki, Tehran sözügedən yolu bağlamaq qərarı versə, bu olay birmənalı şəkildə İran-Azərbaycan münasibətlərini gərginləşdirəcək:



"Azərbaycan öz ərazisində harada, necə və kiminlə təlim keçirəcəyini özü müəyyən edir. Kimsə bu məsələ ilə bağlı ölkəmizə göstəriş verə bilməz. Sual olunur - farslar niyə gəlib Azərbaycan türklərinin yaşadığı Zəngilan-Cəbrayıl bölgəsində hərbi təlim həyata keçirir? İranın bu sayaq açıqlamaları xəstəlikdir. Türkiyə 70 ildir NATO üzvüdür. Bu İranın indi yadına düşür? Məlum olur ki, Suriyada PKK və ASALA-nı maliyyələşdirən və təlim keçənlərdən biri də İrana bağlı "Hizbullah” təşkilatıdır. 

Biləsuvar-Naxçıvan  yolunun bağlanması məsələsinin gündəmə gətirilməsinə gəlincə, Bakı İranın bu xəyanətə gedəcəyini bilirdi. Yol bağlansa belə, onun Azərbaycan üçün heç bir ciddi problemi olmayacaq. Söhbət cəmi 2-3 km-dən gedir. Biz bu fərqlə Qars üzərindən rahatlıqla Naxçıvana gedə bilərik. İtirən yenə də İran olacaq, ən azı yol vergisindən məhrum olacaqlar. Azərbaycan problem yaratmaq fikrində deyil. Heç də hədə-qorxu gəlməsinlər. İran dərk etməlidir ki, Türkiyə Azərbaycanın yanındadır".

Rüfət Sultan