Aydın Səlimli
Dünya 10:28 16.05.2022

Rus şovinizmi Rusiyanı xilas edəcəkmi?

Aydın Səlimli

9 Mayda, İkinci Dünya Müharibəsinin 77-ci ildönümünə həsr olunmuş hərbi paraddakı çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynada aparılan əməliyyatlarla bağlı fikirlərini bildirdi.
 
O, öz müraciətində dedi ki:

"Mən indi silahlı qüvvələrimizə və Donbas könüllülərinə müraciət edirəm. Siz Vətən uğrunda, onun gələcəyi üçün vuruşursunuz ki, İkinci Dünya Müharibəsinin dərslərini heç kim unutmasın – deməli, cəlladlara, cəzaçılara, nasistlərə dünyada yer yoxdur”.

Müraciətində Rusiya prezidenti Ukraynada döyüşləri davam etdirməklə yanaşı, həm də ukraynalıları nasistlərə bənzətdi və NATO-nun Rusiyanı işğal etməyi planlaşdırdığını iddia etdi. 

Rusiya prezidentinin çıxışındakı önəmli məqamlardan biri onun hazırda Ukraynda aparmış olduğu əməliyyatlarla II Dünya Müharibəsi arasında bənzərlik görməsidir.

Əslində, Rusiya prezidentinin bu cür "məntiqi” başadüşüləndir və bir çox hallarda daxili auditoriyanı həvəsləndirmək üçün bu cür çıxışlar və bəyanatlar səsləndirilir. Ancaq reallıq isə budur ki, rəsmi Kremlin başlatmış olduğu əməliyyatlar II Dünya Müharibəsindən tamamilə fərqlidir. 

Bu müharibəni daha çox Sovet İttifaqının Şimali Koreyaya, Əfqanıstana daxil olmasına bənzətmək olar. Uzun müddət sürən müharibədən sonra, Sovet İttifaqı Şimali Koreyanın geridə qalmış bir ölkə olmasına səbəb oldu. Əfqanıstan hərbi kampaniyası da bir nəticə vermədi və Moskva bu ölkədən geri çəkilməli oldu.  
Bu baxımdan hazırki proseslər də bir daha onu göstərir ki, rəsmi Kremlin Ukraynaya qarşı müharibəni necə həll edəcəyi ilə bağlı planı yoxdur. Artıq bəllidir ki, Rusiya bu müharibədən qalib çıxa bilməyəcək.

Digər tərəfdən, Rusiyanın "beynəlxalq xilaskarlıq” missiyasına qarşı artan təzyiqləri müşahidə etmək olar. Bu, Rusiyanın tarixi üçün xarakterik bir xüsusiyyətdir. Rusiyanın, xüsusi ilə 19-cu əsrdən başlamaqla, bütün intellektualları Qərb düşüncəsindən təsirlənib. 

Digər tərəfdən, 19-cu əsr Avropasında baş verən siyasi proseslərdən təsirlənən Rusiya radikalları rus millətçiliyi, kilsə və kəndliləri üzərində yeni Rusiya düşüncəsinin, ideolojisinin yaradılmasına cəhd etdilər. Hətta bir çox hallarda bu "düşüncə”nin Avropanı belə xilas edə biləcəyi vurğulanıb. 

Bəli, Rusiyanın "xilaskarlıq missiyası”nın köklərinin buna daynadığını demək olar. Ancaq Rusiya bu düşüncə ilə uğur qazana bildimi? Bunu demək çətindir. İndi tarixə ekskurs edərək demək olar ki, Rusiya əslində hər şeyi korlayıb. Məsələn, almanlar indiyədək deyir ki, ruslar onların ideyasını – Prussiya sosializmini tamam məhv etdi.  

Ən azı Rusiya qərbçilərinin dediyinə görə, əsrlərdir ki, onların ölkəsi "lunatik”lər kimi qaranlıqda nəsə axatrır, məsələn, öz ölkəsinin müdafiəsinə qalxmış ukryanalıları millətçi, neo-nasist adlandırırlar. Belə təssəvür yaranır ki, Kreml öz yarlıqlarını başqasına geyindirir. Bir daha soruşuruq: bunun bir faydası olacaqmı? Bircə onu deyə bilərik ki, əgər olsaydı, Rusiyanın okeanda azmış gəmisi öz sahillərini tapa bilərdi...