Amal Abuşov
İdman 14:59 01.12.2022

“Sumqayıt”da “bazar” açılacaq...

"Sumqayıt”ın düşdüyü acınacaqlı durumdan bir dəfə də yazmışdım. Təəssüflər olsun ki, "gənclik şəhəri”nin təmsilçisi böhrandan çıxa bilməyib, hələ də Azərbaycan çempionatının ən zəif klubu adını özündə saxlayır. Əslində, buna təəccüblənməyə də dəyməz. Çünki problemləri yaradan, o boyda şəhərin təmsilçisini belə acınacaqlı duruma salan adam, yəni klubun prezidenti Riad Rəfiyev hələ də yerindədi. Hansısa gizli əllər menecer-prezidenti qorumaqda israrlıdı.

Bu yaxınlarda mətbuatda belə bir məlumat yayılmışdı ki, UEFA tərəfindən AFFA-ya cəza gəlir. Cəzanın da səbəbi Ayxan Abbasovla birlikdə "Sumqayıt”dakı işindən uzaqlaşdırılan Elnur Çovdarovun şikayət məktubudu. "Futbolinfo.az”ın məlumatında qeyd olunurdu ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Klublar Komitəsinin sonuncu iclasında elita təmsilçilərinə bununla bağlı xəbərdarlıq edib. Riad Rəfiyev Ayxan Abbasovu və onun köməkçilərini mövsümün ortasında işdən uzaqlaşdıranda onlara təzminat ödəməkdən imtina edib. Çovdarov da əvvəlcə öz haqqını AFFA-dan, sonra da UEFA-dan istəyib. İndi də məşqçinin haqqı bu formada veriləcək. Bu da isə Rəfiyevin idarəetmə sisteminin "Sumqayıt”a və Azərbaycan futboluna verdiyi fayda.

Azərbaycanda bir çox mütəxəssislərlə, futbolçularla peşəkar müqavilələr imzalansa da, sonra da bu əmək müqavilələri hüquqi sənəd statusunu itirir, boş bir kağız parçasına çevrilir. Səbəb də odu ki, biz azərbaycanlılar hüquqa, qanuna yox, kişi sözünə istinad etməyi sevirik. Çoxları kişi sözünə önəm verir, həmin o müqavilələrin içində yazılanları heç oxumur da. Oxuyanlar da özünə sığışdırıb, haqqını axtarmaq istəyində olmurlar. Bir növ bunu öz kişiliklərinə sığışdırmırlar. Necə ki, Ayxan Abbasov "Sumqayıt”dan yola salınanda təzminat almaq həvəsinə düşməyib. Onun köməkçisi Elnur Çovdarov isə haqqını aramağa, ona düşən pulu tələb etməyə başlayıb. Heç şübhəsiz ki, sonuna qədər getsə, təzminatını da alacaq.

Bizim futbolumuzda belə halların sayı-hesabı yoxdu. İllər öncə Tovuzun "Turan” klubu qos-qoca adından elə bu borc söhbətinə görə imtina etməli olub. Bolqar türkü Naci Şensoya olan borcu ödəməməkdən ötrü klubun adını dəyişib, ortaya "Turan Tovuz” adlı klub çıxarıblar. "Turan”ın kimə nə borcu var imişsə, o da itib-batıb. Buyurun, bu da sizə kişi sözü. Bir gün "Sumqayıt”ın adını dəyişdirsələr, buna da təəccüblənmək lazım deyil. Çünki proseslərin gedişatı onu göstərir ki, Riad Rəfiyevin rəhbərlik etdiyi klubu çox tezliklə xeyli əcnəbi futbolçu ilə üz-göz olacaq. 

"Sumqayıt”ın heyətində 10 fərqli ölkədən futbolçu var. Komandanın seleksiya siyasəti, əcnəbi transferi o qədər bərbad aparılıb ki, hərəsi bir ölkədən legioner gətiriblər. Bu qədər fərqli futbol mentalitetinə malik futbolçudan necə vahid komanda düzəltmək olar? Elə bunun nəticəsidi ki, "Sumqayıt” bu mövsüm qələbəyə həsrətdi. Keçirdiyi 15 oyunda qələbə qazana bilməyən "Sumqayıt” turnir cədvəlinin sonuncusudu. Komandanın baş məşqçisi də legionerlərin səviyyəsindən narazıdı, onlardan hər imkandaca şikayətlənir. Artıq "təmizləmə” prosesi də başlayıb. Yerli Araz Abdullayevlə yanaşı serbiyalı Damian Daniçiç klubdan ayrılıb. Heç şübhəsiz ki, proses davam edəcək. Xeyli sayda əcnəbiyə təzminat verib, yola salsalar, komandaya yeni futbolçular hansı pulla alınacaq? Narazı gedənlər də FİFA-ya üz tutacaq, Azərbaycanın və "Sumqayıt”ın imici beynəlxalq aləmdə korlanacaq. Ümid edirəm ki, Rəfiyev səhvə yol verib, böhranı dərinləşdirməyəcək, yayda qucaq açdığı əcnəbiləri burdan narazı göndərməyəcək.

Bu prosesin davamının necə olacağını proqnozlaşdıra bilməsək də, bir şey dəqiqdi. Qış fasiləsində "Sumqayıt”da yenidən "bazar” açılacaq. Yenilər gələcək, büdcədən pullar gedəcək, kimlərinsə cibləri dolacaq. Futbol və nəticə heç kimin vecinə deyil...

Amal Abuşov