Böhranın daha bir fəsadı: Münəccimlərin qayıdışı...

10.01.2017 | 17:07

Böhranın daha bir fəsadı:  Münəccimlərin qayıdışı...

Hüseynbala Səlimov

MİSTİKA HƏM DƏ DÜNYAGÖRÜŞÜ MƏSƏLƏSİDİR...

Mistikaya meyl insanların dünyagörüşündən, həyat təcrübəsindən və onları əhatə edən sosial-siyasi gerçəkliklərdən asılıdır. 

Elə insanlar vardır ki, mistikaya meyl onlar üçün mövsümi xarakter daşımır. Bu adamlar hesab edir ki, təsadüfən heç nə olmur və bütün baş verənlərdə qəzavü – qədərin iradəsi vardır... 

Ona görə də düşünürlər ki, yalnız və yalnız okkultist seanslarla, falçılara və baxıcılara müraciətlərlə taleyin onlara nə hazırladığından agah ola bilərlər. Amma böyük əksəriyyət mistikaya o vaxt yuvarlanmağa başlayır ki, həyatında ciddi qeyri -müəyyənlik duyur, gələcəyini proqnozlşadıra bilmir və öz taleyilə bağlı məmurlardan və ya ekspertlərdən qənaətbəxş cavablar ala bilmir...

Qərəz, təkrar-təkrar əmin olursan ki, cəmiyyətdə bütün proseslər bir spiralvari xətt üzrə hərəkət edir. Bir müddət keçəndən sonra biz eyni bir vəziyyətə, mərhələyə olmasa da, ona yaxın duruma gəlib çıxırıq...  

Bəlkə də bir neçə illər bundan öncə, təxminən 1990 - 96 –cı illərdə bu gün baş verən proseslərə oxşar hadisələr baş verməsəydi indi yaşadıqlarımız – səksəkəli günlər, ümidsizlik və narahatlıq bizə bir qədər təəccüblü görünərdi... 

Amma indi təəccüblənmirik, ona görə ki, bunları artıq bir dəfə yaşamışıq. Təbii ki, bu, elə bir təskinlik vermir. Amma nə etmək olar?..

YENƏ DƏ ASTROLOQLARA DİQQƏT KƏSİLİBLƏR...

Bəli, baxıb görürsən ki, insanlar yenə də münəccimlərdən, astroloqlardan nicat umurlar. O vaxt da belə idi. Ulduz falları qəzetləri, televiziyaları bürümüşdü. Münəccimlər – astroloqlar medianın ən çox arzulanan qonaqlarına, ən etibarlı “ekspert”lərinə çevrilmişdilər...

Onda mən ali məktəblərdən birində həm də “Ümumi sosiologiya”dan dərs deyirdim. Ulduz falçıları, münəccimlər məni o qədər bezdirmişdi ki, bir seminarı bütünlüklə bu mövzuya həsr elədim. 

Buna görə mənim “məsələ”mi kafedrada müzakirə etdilər. Guya ki, mən tələbələrə sosiologiya əvəzinə astronomiyanı tədris edirəm... 

Onlara izah edə bilmədim ki, bu, çox vacib bir məsələdir və biz bir sosioloq kimi böhranın miflərini, inanclarını da öyrənməliyik. Mənim arqumentlərimi qəbul etmədilər. Əslində buna təəccüblənmədim də, bəlkə də ona görə ki, həmin sosioloqlar elə özləri də qəzetləri açarkən birinci ulduz fallarını oxuyurdular...

İndi baxıb görürsən ki, hər şey yenidən öz dairəsinə qayıdır. Düzdür, artıq “qəzet bumu” yoxdur və insanlar qəzet almaq üçün daha köşklərin önünə toplaşmırlar. 

Amma televiziyalar var və bu televiziyalarda yenidən münəccimlər görünməyə başlayıb. İnsanlar da onların dediklərini, “proqnoz”larını hökumətin iqtisadi qəraralarını dinlədikləri qədər diqqətlə dinləyirlər...

İNSANLARIN ÜMİDVERİCİ SÖZƏ EHTİYACI VAR...

Niyə belə olur? Əvvəldə dedik ki, insanlar məmurlardan, ekspertlərdən ala bilmədikləri cavabları, pozitiv impulsları mistikaya müraciət etməklə, münəccimlərə üz tutmaqla almaq istəyirlər... 

İnsan həmişə ümid istəyir, müəyyənlik arayır. Düzdür, dünyada “ümidsiz yaşam”ın, hətta “ümidsiz mübarizə”nin də tərəfdarları və ideoloqları var və bu elə bir yenilik deyildir...

“Ümidsiz mübarizə” məsələsini daha çox ekzistensialistlərlə, A.Kamyu və J.Sartla bağlasalar da, bu detala mən ilk dəfə yəhudilərin milli hədəflər konsepsiyasında rast gəlmişəm – bir vaxtlar yəhudi dövlətinin yaradılması o qədər ümidsiz görünürdü ki, bu, onların ideoloqlarını belə bir konsepsiyaya, “ümidsiz mübarizə” konsepsiyasına müraciət etməyə vadar etmişdi...

Böhran da bir problemdir. Üstəlik, müəyyən mənada böhranlar labüd bir məsələdir – xüsusən də oturuşmuş iqtisadiyyatı olmayan ölkələrçün. Ona görə də böhranla mübarizə də qlobal baxanda bir ümidsiz mübarizə məsəsləsidir...

Amma bu daha çox fəlsəfi məsələdir və böhranın fəlsəfəsinə aiddir. İnsanlar isə bu günlə və reallıqlarla bağlı söz eşitmək, ümid istəyirlər...  

Nə demək olardı? İl iki aspektdən maraqlı görünür. Hökumət bu il son iki ildə etmədiyini etməyə – özünün sərt maliyyə siyasətini elan etməyə və manatın tam “üzən məzənnəsini” tətbiq etməyə hazırlaşır. 

Ona görə də insanlar gərginlik içindədirlər. Hamı bir sual üzərində baş sındırır: sərt siyasətlə ayaqlaşmaq mümkün olacaqmı?..

Ümid verən odur ki, indi bütün hallarda 90-cı illər deyil. O vaxt tamam yeni iqtisadiyyat yaratmaq, mülkiyyət münasibətlərini dəyişmək zərurəti vardı... 

İndi isə nəsə vardır... Özəl sektor var, xüsusi mülkiyyət institutu var... Ona görə də bütün hallarda 90-cı illər təkrar olunmayacaq və ən azı da  çörək növbələri olmayacaq... 

Sadəcə, iqtisadiyyatın bir az sərbəstliyə ehtiyacı var. Ölkə iqtisadiyyatının əsas problemi odur ki, məmurların buxovundan qurtula bilmir... 

Adamı ən çox düşündürən də budur: islahatlar nə qədər dərinləşdiriləcək və ya iş adamlarına nə qədər sərbəstlik veriləcəkdir?.. Ölkə iqtisadiyyatının böhranlara qarşı immuniteti o vaxt artacaq ki, azad rəqabət təmin olunsun, mülkiyyət institutu qorunsun. 

Bunlar olsa, onda iqtisadiyyat daha çevik olacaq. Olmasa, o halda ola bilsin ki, dünya neft bazarındakı qiymət konyunkturası nəticəsində müvəqqəti mülayimləşmələr baş versin, amma bu, müvəqqəti olacaq. Və ilk fürsətdəcə iqtisadiyyat yenidən böhrana yuvarlanacaq...

Qaynarinfo.Az

Xəbər Lenti
Bütün Xəbərlər »