İlin 1-ci və 2-ci yarısı üçün məzənnə açıqlandı: Əvvəl 1.85-1.95, sonra 2 manat

11.01.2017 | 13:40

İlin 1-ci və 2-ci yarısı üçün məzənnə açıqlandı:

"Görünən odur ki, hökümət və Mərkəzi Bank manatın məzənnəsində psixoloji hədd hesab olunan 2 manatı keçmək istəmir". 

Bu sözləri Qaynarinfo.Az açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, əslində hökümətin əlində iqtisadiyyata və bank sektoruna müdaxilələr üçün kifayət qədər az vasitə var: 

"Yeganə vasitələrdən biri də Mərkəzi Bankı valyuta bazarında əsas oyunçuya çevirmək idi. Buna görə də Neft Fondundan əlavə 4.2 milyard dollara yaxın vəsaiti Mərkəzi Banka transfer etdilər. Bu az bir müddət olsa da, müəyyən dərəcədə maliyyə sabitliyinin yaradılmasına xidmət edə biləcək bir addımdır. Əgər Mərkəzi Bank valyuta hərracında Neft Fondu ilə bərabər yenidən oyunçuya çevrilsə və hərraca vəsait çıxarsa, bunun bazara təsiri olacaq. Əgər banklar yenidən dollar alış-satışını normal şəkildə həyata keçirib valyuta satışını bərpa edə bilsələr, bu "qara bazar"ın yox olmasına səbəb ola bilər. Çünki "qara bazar"ın yaranmasına səbəb maliyyə-bank sistemində yaşanan problemlər və valyuta satışının məhdudlaşdırılması oldu. Bu addım manatın kəskin ucuzlaşmasının qarşısını ala bilər".

Ekspert bunun müvəqqəti çıxış yolu olduğunu düşünür: 

"İdarəetmədə ciddi dəyişiklik olmasa, ölkəyə valyuta gələn kanalların sayı artmasa, təbii ki, bir neçə aydan sonra bu addım yetərli olmayacaq. Yenidən valyuta bazarında ajiotaj yarana bilər. Amma indiki halda bir müddət manataın kəskin dəyərdən düşməsinin  qarşısını ala biləcək addımlardan biridir. Ən maraqlı cəhət bundan ibarətdir ki, ölkədəki məzənnə siyasətini, "tam üzən məzənnə" siyasəti kimi qələmə verməyə çalışırlar. Əslində bu belə deyil. Bu qərar bir daha sübut etdi ki, ölkədə məzənnə siyasəti inzibatidir. Yaxın gələcəkdə də inzibati yolla tənzimliyərək rəsmi məzənnənin psixoloji hədd olan 2 manatı keçməsini istəmirlər".

Natiq Cəfərli qeyd edib ki, ilin birinci yarısı üçün daha rahat  proqnoz vermək olar: 

"Bu arada dollar 1.85-1.95 koridorunda olacaq. İlin ikinci yarısında isə dünyada gedən prosseslərin təsirləri özünü büruzə verməyə başlayacaq. Əgər FES nəzərdə tutulduğu kimi uçot dərəcəsini 3 dəfə artırmaq yolunu tutsa, ilin birinci yarısında ən azı uçot dərəcəsini 1 dəfə qaldırsa, neftin qiymətində ucuzlaşma olsa, ilin ikinci yarısında artıq atılmış addımların effekti zəifləyəcək. Dollar 2 manatdan daha yuxarı olacaq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az


HƏMÇİNİN OXU
Loading...
Xəbər Lenti
Bütün Xəbərlər »