Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

12.01.2017 | 15:36

Pensiyalar niyə gecikdirilir? -
"Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq".

Bunu Trend-in sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyaların ödənişinin gecikməsinə münasibət bildirərkən deyib.

E.Babayev bildirib ki, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil:

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib. Cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmazlığı kimi qiymətləndirilməsi doğru deyil".

Nazirlik rəsmisi qeyd edib ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq.

Qaynarinfo.Az

Xəbər Lenti
Bütün Xəbərlər »