"Amitin gəlişi ilə AEL-də sabiq "Qəbələ"lilərin sayı 3-ə çatdı" - Pavol Farkaş

11.01.2017 | 18:45

"Amitin gəlişi ilə AEL-də sabiq "Qəbələ"lilərin sayı 3-ə çatdı"

Xəbər verdiyimiz kimi, Berti Foqtsun dönəmində Azərbaycanın əsas millisində 3 oyun keçirmiş Amit Quluzadə Yunanıstanın "Larisa" (və ya qısaca AEL) klubu ilə 2,5 illik müqavilə bağlayıb. Hazırda bu klubda "Qəbələ"nin sabiq mərkəz müdafiəçisi Pavol Farkaş da çıxış edir.

Qaynarinfo.Az Slovakiya millisində 2 oyun keçirmiş 31 yaşlı futbolçudan həm Amitin transferi, həm də Azərbaycanla bağlı müsahibə götürüb.

- Pavol, Amit Quluzadə sizin klubla müqavilə bağladı. Xəbərin var?

- Yox, sizdən eşidirəm. Ancaq bilirəm ki, belə bir oyunçu bizim düşərgəyə gəlmişdi. Bizimlə birgə 1 məşq keçmişdi. Sonra eşitdim ki, klub onunla müqavilə bağlamaq istəyir. 

- O sizinlə cəmi 1 məşq keçib bəyənildi?

- Bizimlə 1 məşq keçdi. Amma biz sonra komandamızın bazasının olduğu Larisa şəhərindən Krit adasına yollandıq. Çünki Krit adasında yanvarın 8-də "Platanias"la oyunumuz vardı. Bundan sonra onu görməmişdim. 

- Bilirsənmi, Amit Quluzadə də sənin vaxtı ilə oynadığın "Qəbələ" klubunda çıxış edib?

- Açığı, bu futbolçunu bura gələnədək tanımırdım. Sonradan komanda yoldaşım Dododan (2011-2016-cı illərdə "Qəbələ"də çıxış etmiş braziliyalı futbolçu - S.T.) öyrəndim ki, Amit də bizim kimi "Qəbələ"də çıxış edib. Əslində onu tanımaq imkanım da ola bilməzdi. Çünki mən 2014-cü ildə "Qəbələ" ilə müqavilə bağlayanda o bu klubdan ayrılmışdı. Sonra heç Azərbaycanda da üz-üzə gəlmədik. "Vikipediya"dan öyrəndiyimə görə, mən Azərbaycanda oynayanda o, Portuqaliyada çıxış edib.

- "Qəbələ"nin çıxışlarını izləyirsən?

- Bəli. "Qəbələ" və Azərbaycan futbolu üçün 2 il ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış etmək böyük şeydir. Klub adına çox sevinirəm. Ümid edirəm ki, nəhayət bu il "Qəbələ" ilk dəfə sindromu qırıb Azərbaycan çempionu olacaq. Yeri gəlmişkən, "Qarabağ"ın Salonikidə PAOK-a qalib gəlməsi də mənim üçün gözlənilməz oldu. Yanvarın 15-də bizim məhz bu komanda ilə oyunumuz var...

- Aydındır. Bəs "Qəbələ"dən niyə ayrıldın? Klub sənə yeni müqavilə təklif etmədi, yoxsa sən bölgə olduğu üçün "Qəbələ"də qalmaq istəmədin?

- Mən ora rumıniyalı məşqçi Dorinel Muntyanunun sayəsində transfer olmuşdum. Onu "Vasluy"da oynayan vaxtdan tanıyırdım. Mövsümün ortasında o, komandadan göndəriləndə mən də çox qalmayacağımı başa düşmüşdüm. 2015-ci ilin yayında müqaviləm bitdi. Klub da yeni müqavilə təklif etmədiyi üçün ordan ayrılmalı oldum. Ayrılmağımın Qəbələ ilə əlaqəsi yoxdur. Düzdür, Qəbələ Bakı kimi əyləncəli şəhər deyil. Ancaq bu klubun məşq bazası möhtəşəm olduğu üçün orda oynamağa dəyərdi. "Qəbələ" karyeram mənim üçün həqiqətən yaxşı təcrübə oldu.

- Yəqin ki, klubda ən yaxşı komanda yoldaşın gülərüz və zarafatcıl olan Dodo olar...

- Elədir ki, var. O, şəhərin mərkəzində qalır. Mən isə bir qədər kənarda. Ancaq məşq zamanı həmişə onunla bir yerdə deyib gülürük. İkimiz də bu yay AEL-ə keçmişik. Ancaq o məndən 1 ay sonra gəlib. Mən iyulda, o isə avqustda komandaya qoşulub. Dodo bizə qoşulanda çox sevindim. Çünki o, komandaya kömək edə biləcək səviyyədə futbolçudur. Amitin gəlişi ilə isə burda sabiq "Qəbələ"lilərin sayı 3-ə çatdı (gülür).

- Baş məşqçiniz Sakis Tsiolis 2012-ci ildə "Asteras"ın baş məşqçisi kimi "İnter" klubu ilə oyun üçün Bakıya gəlib və Tripolis klubunun ilk dəfə Avropa Liqasında mərhələ adlamasına kömək olub. Həm Bakıda, həm də Tripolisdə Tsiolis azərbaycanlı jurnalistlərə özünü çox sadə adam kimi tanıdıb. Bəs məşqçi kimi necədir?

- O, Yunanıstanda 15-dən çox klubda işləyib. Elə məşqçi kimi də sizin müşahidə etdiyiniz kimi insandır. Çox yaxşı adamdır. Amit artıq onun özünü görüb. Yəqin o da sözlərimi təsdiqləyər...

Müsahibəni götürdü: Səbuhi TOFİQOĞLU


Xəbər Lenti
Bütün Xəbərlər »