"Rəngini dəyişənlər və rəngini dəyişməyənlər"

12.04.2017 | 14:45

"Rəngini dəyişənlər və rəngini dəyişməyənlər"

Seymur Baycan

Təbiətdə bəzi böcəklər və həşəratlar var. Onlar təhlükə hiss etdikdə düşmənlərindən qorunmaq üçün rənglərini dəyişmək qabiliyyətinə malikdirlər. Tutaq ki, qonduqları, süründükləri budağın, yarpağın rəngini alırlar. Rənglərini dəyişib dayandıqları məkanın rəngini almaqla təhlükəni sovuşdurmaq istəyirlər. Lakin Qurbanolduğumun istəklərindən baş açmaq o qədər də asan deyildir.

Hər şeylə maraqlanan İskoç bilim adamları böcəklərlə və həşəratlarla qidalanan quşları tutublar. Böcəklərlə və həşəratlarla qidalanan quşların qarınlarını yarıblar və maraqlı bir mənzərəylə qarşılaşıblar. Görüblər ki, rəngini dəyişdin, ya dəyişmədin fərqi yoxdu, quşlar onsuz da bu böcəkləri və həşəratları tutub yeyirlər. Sadə dildə desək, quşların da öz sistemi var. Bu haqda düz on il əvvəl oxumuşdum. Mövzuyla təkrar maraqlanıb daha əhatəli, detallarla, terminlərlə yaza bilərdim. Amma bilmirəm, nədənsə buna öz tərəfimdən əşhədü-ehtiyac görmədim. Mövzuyla bir daha dərindən maraqlanmağa niyə ehtiyac görmədim? Həqiqətən də bunun səbəbini özüm də bilmirəm. Bilsəm yazaram. Özümə də maraqlıdı. Amma onu bilin ki, bura qədər yazılanlar aşağı-yuxarı doğrudur. Buna şübhəniz olmasın.

İfadə azadlığının, azad və ədalətli məhkəmələrin, fundamental insan haqlarının mövcud olmadığı cəmiyyətlər də belədir. İnsanlar hakimiyyətin siyasi diktəsini birbaşa qəbul etməklə, dəstəkləməklə qorunduqlarını, təhlükəni özündən sovuşdurduqlarını düşünürlər. Hətta özlərini hakimiyyətin bir parçası kimi hiss edirlər. Amma əslində elə deyil. Rəngini dəyişdin, ya dəyişmədin, xeyri yoxdur. Əgər ölkədə ifadə azadlığı, ədalətli məhkəmə yoxdursa, dünən qılıncının dalı-qabağı kəsən bir adam bir günün içində heç kimə çevrilir. Dönür olur cinayətkar. Varını-dövlətini əlindən alırlar. Dünənə qədər onunla görüşməyi, söhbət etməyi, şəkil çəkdirməyi, bir masa arxasında oturmağı özlərinə şərəf bilənlər bir günün içində bir işarəylə onu söyürlər, biabır edirlər, lənətləyirlər. Əlbbəttə, buna dözmək çox çətindir. Hər adam buna dözə bilməz. Əli İnsanovu yada salaq. Qılıncının dalı da kəsirdi, qabağı da. Amma günlərin bir günü onu həbs etdilər. Dünənə qədər onunla görüşməyi, bir masa arxasında oturmağı şərəf bilənlər onu söydülər, cinayətkar adlandırdılar, lənətlədilər. İnsanovun yaxın adam hesab etdikləri ondan imtina etdilər. Hətta mətbuat konfransı keçirib bunu açıq dedilər. Başqa cür ola bilməzdi. İmtina etməsəydilər, onların özünü də tutub salacaqdılar Əli İnsanovun yanına. Hərə öz canının hayında idi. İndi bu adam ömrünün ahıl çağlarını həbsxana divarları arasında keçirir. Qardaşı rəhmətə getdi, yasına buraxmadılar. Görəsən, öz keçmişi haqqında düşünürmü? Heç olmasa özü-özünə hesabat verirmi? Daxilən də olsa öz səhvlərini etiraf edirmi? Axı o bu gün ölkədə baş verən dəhşətlərin memarlarından biridir. Çox istərdim Əli İnsanov indi yaşının bu vaxtında, düşdüyü bu vəziyyətdə Tolstoyun “Dirilmə” əsərini oxuyaydı. Tolstoyun “Dirilmə” əsəri indi ona çox lazımdı.

Bir az aşağı düşək. Başqa bir hadisədən danışaq. Hadisə baş verib 2005-ci ildə. Parlament seçkiləri vaxtı. Divarlara, dəmir lövhələrə, hara münasibdir ora plakat yapışdırırıq. Birdən bir mağazanın sahibi başımızın üstünü aldı. İmkan vermədi ağzımızı açaq. Dedi bura plakat yapışdırmaq olmaz. Bu adamla dərin olmasa da tanışlığımız vardı. Dedim a kişi, sənin mağazana yapışdırmırıq. Bura sənin mağazandan otuz metr aralıdadı. Adam Nuh dedi, peyğəmbər demədi. Dedi olmaz, vəssalam. Siz buralara plakat yapışdırsanız da mən cıracam. Uzun bir çıxış söylədi. Bir dəfə gəlmişdiniz gördük, gecələr çölə çıxa bilmirdik, indi allaha şükür hər şeyimiz var, agentlər, stabillik, aranı qatmaq istəyənlər və sairə və ilaxır. Elə bil qarşımızda AzTv-nin aparıcısı dayanmışdı. Qərəz, adam o həndəvərə plakat yapışdırmağımıza imkan vermədi. Aralaşdıq ordan. Üstündən xeyli keçdi. Günlərin bir günü dayanmışam dayanacaqda. Avtobus gözləyirəm. Birdən bir tanış peyda oldu. Dedi hara gedirsən, dedim şəhərə. Dedi gəl filan yerə qədər aparım. Oturdum maşına, hara qədər gedə bilərdi ora qədər getdim. Ordan şəhərə daha çox avtobus gedirdi. Maşından düşəndə gördüm burda xeyli adam yığışıb. Səs-küy aləmi götürüb. Yaxınlaşdım görüm bu nə həngamədir belə. Aydın oldu ki, yolu genişləndirirlər. Yolun kənarlarında nə obyekt var, verirlər buldozerin qabağına. Mağazanın sahibi məni gördü. Başladı qışqırmağa: "Bundan yazmaq lazımdı e, bundan. Mağazamı dağıdırlar..." Hansısa kanala zəng edib. Onlar da gəliblər, çəkiliş aparmadan gediblər. Demə pulunu alıb, bu adama icra hakimiyyətindən kimsə deyib ki, narahat olma, sənin mağazana toxunmayacaqlar. Bu adam da inanıb. İndi də mağazanı verirlər buldozerin qabağına. Eləmədim tənbəllik, plakat söhbətini bunun yadına saldım. Özü də elə həmin anda. Dedim kişi yadındadı, qoymurdun bizi plakat yapışdırmağa, dedin yapışdırsanız da cıracam, bizi qovdun buralardan. İndi get. Əvəzin qaytarırlar. Bəli, elə ömür boyu bizə “GÖRDÜN?” deməyəcəklər ki, biz də kimlərəsə “GÖRDÜN?” deməliyik. Əlbəttə, bu çox kiçik təsəllidi. Ümumilikdə götürəndə hamımızın həyatı məhv olur. Söhbət ondan getmir ki, yolla addımladığın yerdə gəlib təpənə güllə vurub öldürələr. Səhiyyənin, təhsilin bərbad gündə olması elə məhv etməyin bir formasıdır. Bir milləti məhv etməyin ən asan yolu onun təhsilini bərbad günə qoymaqdır. Yaxşı bir atalar sözü var. Tısbağanı ya öldürdün ya da beliüstə çevirdin, eyni şeydi. Yəni tısbağanı beliüstə çevirmək elə öldürmək deməkdir. Tısbağanı beliüstə çevirəndə ayaqları göydə qalır. Başlayır canıyla əlləşməyə.

Bir az da aşağı düşək. Bir əhvalatla da tanış olaq. N. rayonunda idim. Çayxanada çay içirdim. Birdən vəlvələ düşdü. Adamlar həyəcanlandılar. Özü də bərk həyəcanlandılar. Biri ora getdi, biri bura getdi. Ay qardaş, bir deyin görək nə olub? Bu vəlvələnin səbəbi nədir? Məlum oldu ki, icra başçısı yan-yörəsindəkilərlə gəzməyə çıxıb. Adamların həyəcanlanmasının səbəbi bu imiş. Yadıma bizim klassiklərin hekayələri düşdü. Rəsmən elə bil rayonun ağası gəzməyə çıxmışdı. Adamlar da özlərini bu ağanın təbəəsi kimi aparırdılar. Orda icra başçısı tutub bu təbəələrindən birini günün günorta çağı o birilərinin gözü qarşısında şallaqlasaydı, əsla təəccüblənməzdim. Zatən şallaqlayırlar. Siz rayona gedəndə yəqin adamların başçı haqqında necə həyəcanla danışdıqlarını görmüsünüz. Başçı gəldi, başçı getdi, başçı bunu dedi, başçı onu elədi... Elə bil adamlar öz ağaları haqqında danışırlar. Bu ağa istənilən vaxt onları rayondan sürgün edə bilər. Tutub malını-mülkünü əlindən alar. Hamı da bunu çox normal qəbul edər. Sanki elə belə də olmalıdı. Sanki vətəndaş sözünün əsl mahiyyəti adamlara gəlib çatmayıb. Onlar özlərini rəiyyət kimi aparırlar. Elə bil onlar ölkə vətəndaşı deyillər, Danabaş kəndinin sakinləridirlər. Kostyum, cins geyinməklərinə baxmayın. Bu göz aldadan mənzərədir. Mahiyyətcə onlar ayağı çarıqlı, başları motalpapaqlı rəiyyətdilər. Köləlik hələ bizim canımızdan çıxmayıb. Musa peyğəmbərin yəhudilərin canından köləliyi çıxartmaq üçün onları səhrada gəzdirməsi söhbətini indi tam başa düşürəm. Bizim hətta azadlıq uğrunda mübarizə aparan kimi görünən adamlarımızın bir çoxları mahiyyətcə kölədirlər. Müxalifətin liderinden biri hakimiyyətin ən ibdar lakeylərindən birini dostum adlandırır və həyasızcasına onu müdafiə edir, onun lakeyliyinə haqq qazandırmaq istəyir. Bunun adı köləlik deyilsə bəs nədir? Yaxud bu gün baş verən hadisələrlə 37-də baş verən hadisələri eyniləşdirir, bu gün baş verənlərlə 37-də baş verənlər arasında uyğunluq axtarır, amma özü 37 repressiyalarında müstəsna rol oynamış təşkilatın üzvü olaraq qalır. Çıxmır ordan. Həyasızcasına ordan çıxmamağına haqq qazandırmaq istəyir. Guya siyasət başqadır, ədəbiyyat başqa. Nədir bu? Bu köləlik deyil? Tərtəmiz köləlikdir. Ona görə də onun apardığı mübarizəni qaytarıb təpəsinə çırpmaq lazımdı. Bu mübarizənin heç bir mənası yoxdu. Çünki mahiyyətcə kölə olan adam başqalarına heç vaxt azadlıq bəxş edə bilməz. Ha deyirəm o adamı yada salmayım, söhbətlərə qatmayım, mümkün olmur. Özümlə bacara bilmirəm. Hərlənib fırlanıb gəlib mövzuya girir. Nəysə. Bunlar yazıyla-pozuyla izah ediləsi şeylər deyil. Bircə orası məlumdur ki, qarşıda bizi yeni-yeni, daha maraqlı komediyalar gözləyir. Adamlara qalan da bu komediyalara baxmaq olacaq.

Kultura.az


Xəbər Lenti
Bütün Xəbərlər »