İslamiada üçün bu ölkələrin idmançıları Azərbaycana gələ bilər - ARAŞDIRMA

11.01.2017 | 14:25

İslamiada üçün bu ölkələrin idmançıları Azərbaycana gələ bilər

Məlum olduğu kimi, mayın 11-dən 22-dək Bakıda İslam Həmrəylik Oyunları (qısaca İslamiada - S.T.) keçiriləcək. Hətta bu üzdən Azərbaycanda 2017-ci il İslam Həmrəylik İli kimi qəbul edilib. 

Bəs hansı ölkələr IV İslam Həmrəylik Oyunları (2010-cu ildə II İslam Oyunları Tehranda nəzərdə tutulsa da, tərəflər arasında anlaşılmazlıq üzündən baş tutmayıb. Bu üzdən əslində bu, III İslam Oyunlarıdır - S.T.) üçün Azərbaycana təşrif buyuracaq?

Qaynarinfo.Az bunu araşdırmaq qərarına gəlib. Bunun üçün əvvəlcə İslamiadanı hansı qurumun keçirdiyini bilmək lazımdır. 

İslamiada beynəlxalq qurum olan İslam Həmrəylik İdman Federasiyası tərəfindən keçirilir. Bu federasiyanın qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda yerləşir. Məhz bu üzdən də 2005-ci ildə ilk İslamiada müsəlmanların qibləgahı sayılan Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutub.

İslamiada 1969-cu ildən fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkə arasında keçirilir. Lakin 2005-ci ilin 8-20 aprel tarixlərindəki Məkkə İslamiadasında 55 ölkə iştirak edib. 2013-cü ilin 22 sentyabr - 1 oktyabr tarixlərində İndoneziyanın 2-ci böyük şəhəri Palembanqda baş tutmuş III İslam Oyunlarında isə cəmi 44 ölkə iştirakçı olub. Lakin Azərbaycana da ən azı Səudiyyə Ərəbistanındakı sayda ölkələrin idmançılarının gələcəyi gözlənilir. Onu da bildirək üzv ölkələr adından başqa dinə mənsub idmançıların çıxışına qadağa yoxdur.

Konkret qoyduğumuz suala gəlincə, Azərbaycana gələ biləcək potensial ölkələr bunlardır:

Afrika

Əlcəzair, Benin, Burkina Faso, Kamerun, Komor adaları, Çad, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya-Bisau, Qvineya, Fil Dişi Sahili, Liviya, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Seneqal, Syerra Leone, Somali, Sudan, Toqo, Tunis, Uqanda

Asiya

Əfqanıstan, Bəhreyn, Banqladeş, Bruney, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Malayziya, Maldiv adaları, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan, BƏƏ, Özbəkistan, Yəmən

Avropa

Albaniya, Azərbaycan, Türkiyə

Cənubi Amerika

Qayana, Surinam

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi dövlətləri var. Bunlar müsəlmanların yaşadığı Bosniya və Herseqovina (1994-cü ildən), Mərkəzi Afrika Respublikası (1996), Tailand (1998), Rusiya (2005), Şimali Kiprdir (1979). Adı çəkilən ölkələrin tam hüquqlu üzv olması məsələsi hələ də müzakirə olunur. Həmçinin Hindistan və Efiopiya da bu quruma üzv olmaq niyyətindədir. Lakin bu ölkələrdə müsəlmanlara qarşı müvafiq olaraq buddistlər və xristianlar tərəfindən zorakılıq hallarının olması üzv dövlətlərin narazılığına səbəb olur. Üstəlik, bu dövlətlər digər 57 ölkə kimi tam hüquqlu olmadığından, İslamiadada təmsil olunmaq imkanı yoxdur.

Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına 1991-ci ilin dekabrında üzv seçilib. O vaxt bu qurumun adı İslam Konfransı Təşkilatı idi.

Səbuhi TOFİQOĞLU


Xəbər Lenti
Bütün Xəbərlər »