Siyasət 13:00 24.03.2023

Zaxarovanın Qarabağla bağlı çıxışında yeganə doğru məqam (RƏY)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi son mətbuat konfransında deyib ki, Moskva Bakı ilə İrəvan arasında düşmənçilik ritorikasının və Qarabağda insidentlərin artmasından, tərəflərin güzəştə getmək istəməməsindən bərk narahatdır. Bu müstəvidə narahatlığını bildirən Zaxarova vəziyyətin belə olmasının günahkarlarının kimliyini də bəyan edib. Belə ki, Zaxarovanın fikrincə, yaranmış vəziyyətin günahkarı Qərbdir. 
 
"Rusiya tərəfi dinc danışıqlara alternativin olmaması mövqeyindən çıxış edir və tərəfləri bəyanatlarında təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır. Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxdı və genişmiqyaslı problemlər yarandı. Sülh və kömək etmək istəyi ilə bağlı deyilən sözlərin arxasında tam əks hərəkətləri görürük”, deyə Zaxarova bildirib.

Əslində, Rusiya rəsmilərinin belə açıqlamalar verəcəyi gözlənilən idi. Ona görə ki, Moskva Azərbaycanla Ermənistan arasında prosesin normallaşmasına özündən başqa kənar hər hansı digər dövlətlərin müdaxilə etməsini həzm edə bilmir. Kreml digər postsovet məkanında olduğu kimi, bu məsələdə də dominant olaraq qalmaq istəyir. Amma onun istəyinə baxmayaraq, görünən odur ki, İrəvanla Bakı arasında münasibətlərin sivil müstəviyə gəlməsində Qərbin səyləri artmaqda davam edir. Buna misal olaraq ABŞ dövlət katibi Entoni Blinkenin Bakı və İrəvana olan son zənglərini misal göstərə bilərik. Bütün bunlar isə Moskvanı narahat edir. Ona görə də Qarabağda insidentlərin artmasının günahını məhz Qərbin üzərinə atır. 

Rusiya başqa bir dövləti günahlandırmaqdan əvvəl, yaxşı olar ki, özünün Ermənistanla Azərbaycan arasındakı münaqişədə oynadığı rola nəzər salsın. Hər kəsə bəllidir ki, münaqişəni yaradan elə Rusiyanın özü olub. Hətta 44 günlük müharibədə Azərbaycan Ordusunun münaqişəni birdəfəlik həll etməsinə əngəl olan qüvvə də Kremldır. 10 Noyabr bəyanatının müddəalarının İrəvan tərəfindən icra edilməməsinə də məhz Rusiya sülhməramlıları dəstək verir. Bunlar azmış kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsinin həllilə bağlı Donbas və Kosovo variantını təklif edir. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva münaqişənin dondurulmuş vəziyyətdə qalması və rus ordusunun bu məqamdan istifadə edərək, bölgədə 5 il deyil, daha uzun müddətə qalmasında maraqlıdır. Bu fonda günahı başqasının üzərinə atmaqla guya ictimai rəyi çaşdırmağa çalışırlar.

Düzdür, Zaxarova məyyən dərəcədə dediklərində haqlıdır. Yəni Fransanın mövqeyi baxımından onun dediklərində müəyyən həqiqətlər var. Belə ki, Qərb təmsilçisi olaraq Fransa da Qarabağ məsələsində mövqeyi ədalətsiz və ermənipərəst mövqe olaraq qalmaqdadır.

Rüfət Sultan