Ölkə 13:26 13.08.2022

700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən niyə imtina etdi?

"Desək ki, ilk dəfə Nigar Ağazadə bu cür addım atıb, bu, doğru olmaz. Çünkü araşdırma aparsaq, indiyədək 600-dən çox bal toplayanların böyük əksəriyyətinin Azərbaycandan getdiyini görərik. Onlar xarici ölkələrdə təhsil alırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi 700 bal toplayan Nigar Ağazadənin Azərbaycan Dövlət Tibb Universitetində təhsil almaqdan imtina edərək, Türkiyənin Ankara Universitetinin Tibb fakültəsini seçməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, gələcək üçün dövlət və eyni zamanda cəmiyyətin inkişafı ilə bağlı təəsüfləndirici məqamı ortaya çıxarır:

"Düşünürəm ki, bununla bağlı müvafiq islahatlar həyata keçirilməlidir. Yüksək bal toplayanların işlə təminatı məsələsi önə çıxarılmalıdır. Dövlət tərəfindən belə bir layihəyə start verilə bilər ki, 650-dən yuxarı bal toplayan tələbələr birbaşa işlə təmin olunsunlar. Bu, həm onları yüksək bal toplamağa motivasiya edər, eyni zamanda həmin tələbələr ölkənin ali təhsil müəssisələrində təhsil alıb, gələcəkdə də işlə təmin olunaraq karyeralarına başlaya bilərlər”. 
 


Elçin Əfəndi qeyd edib ki, bunlar tətbiq olunmalıdır ki, gələcəkdə yüksək bal toplayan tələbələr xarici ölkələrə üz tutmasınlar:

"Nigar Ağazadə 4-cü ixtisas qrupu üzrə yüksək bal toplayıb. O, Türkiyədə təhsil almağa qərar verdi. Burada o, tam təqaüdlü təhsil hüququ qazanıb. Yəni, müvafiq olaraq təqaüd alacaq və həmin müddətdə də kifayət qədər yüksək təhsil alacaq”.

Elçin Əfəndi Azərbaycanda tibb sahəsi üzrə iki təhsil müəssisəsinin olduğunu vurğulayıb:

"Həmin universitetlərdə də təhsilin keyfiyyət göstəricisi Nigarı qane etməyib və bu səbəbdən də xaricə üz tutub. Biz hər dəfə deyirik ki, ölkədə Tibb Universitetinin alternativi yaranmalıdır. Dövlətin cəmi bir tibb məktəbi var. Yeni bir tibb istiqaməti üzrə ali təhsil müəssisəsi yaranmalıdır. Belə olan halda rəqabət yaranacaq və kim daha yaxşı təhsil təqdim edə bilirsə, tələbələr oranı seçəcək. Ümid edirəm ki, bu, tələbələrin xaricə axınının qarşısını alacaq”.

Qeyd edək ki, bu il IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Nigar təqaüd qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. 

Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib. 

Bahar Rüstəmli