İdman 16:23 31.05.2023

Arif Əsədov: “Ozobiçin “sönmüş” olduğunu düşünmürəm”

Bu mövsüm də Azərbaycan çempionu olan "Qarabağ” artıq iki futbolçu ilə yollarını ayırdığını açıqladı. Uzun illərdir Ağdam təmsilçisinin formasını geyinən xorvat əsilli milliləşdirilmiş futbolçu Filip Ozobiçlə yanaşı, komandanın aparıcı üzvlərindən olan, cari mövsümün bombardiri Ramil Şeydayev də klubu tərk etdi. Son vaxtlar Ramilin Tayland çempionatına gedəcəyi haqda xəbərlər yayılsa da, Ozobiçin "Zirə” və ya "Neftçi”yə transfer olunacağı bildirilir. Ümumiyyətlə, maraqlıdır, onların "Qarabağ”dan ayrılması millidəki karyeralarına necə təsir edə bilər?

Bu suala yığmamızın köməkçi məşqçilərindən olan Arif Əsədov cavab verdi. O, Qaynarinfo-ya açıqlamasında futbolçu və ya məşqçilərin həmişə bir yerdə qalmadığını deyib:
 
"Bir klubdan digərinə transfer olurlar. Hər iki futbolçunun "Qarabağ”ın uğurlarında əməyi böyükdür. Uzun müddətdir komandanın üzvüdürlər. Şeydayev "Qarabağ”da öz oyununu tapdı. Bir neçə klubda oynasa da, optimal formasına çata bilmirdi. "Qarabağ”a qayıdandan sonra Moskva "Dinamo”sunda oynadığı vaxtlardakı perfomansını göstərdi. Hazırkı durumda hansısa sərfəli təklif gəlsə, dəyərləndirə bilər. Yanvar ayından sonra klubla müqaviləni yeniləmirdi. Bunun da səbəbi yəqin ki, başqa təklifi almasıydı. Futbolçu təbii ki, karyerası haqda özü düşünür. Nəyin yaxşı və ya pis olduğuna qərar verir. Normal qarşılayıram, təki perfomansını getdiyi klubda qoruyub saxlasın. Ozobiçə gəlincə, futbolçu kimi yaxşı dönəmlərini keçirib, son vaxtlarda isə zədə, həm də rəqabətə görə əsas heyətə düşə bilmirdi. Mətbuatdan oxuduğuma görə, "Zirə”yə getmək istəyir. Hər halda özü daha yaxşı bilir, daim oynamaq istəyir. O elə bir yaş həddindədir ki, karyerasının sonlarına yaxın daim fiziki hazırlıqlı olub əsas heyətdə oynamalıdır. Yəqin, "Qarabağ”dakı rəqabətə görə təcrübəsi və oyunu ilə başqa kluba fayda verməyi düşünür. Hər ikisinə uğurlar arzulayıram. Milli üzvləridir, heyətdə qalmaq üçün hara getsələr, "Qarabağ”dakı formalarını saxlamağa çalışmalıdırlar”.
 
Ozobiç son vaxtlarda həm millidə, həm də "Qarabağ”da əsas heyətə düşə bilmirdi. Əsədov da bir çoxları kimi yarımmüdafiəçini tükənmiş hesab edib və bir daha milliyə dəvət almayacağını düşünürmü?

"Riçard Almeydanı misal gətirərdim. Bir ara "Qarabağ”dan Qazaxıstana getdi, qayıdıb "Zirə”də oynadı. Ərəb komandasına da getmişdi. Hamı düşünürdü ki, Almeydanın karyerası bitib. Amma sonradan "Qarabağ”a qayıtdı, hətta milliyə də çağırıldı. Millidə əsas oyunçulardan biri idi. Bu baxımdan Ozobiçin də "sönmüş” olduğunu düşünmürəm. Futbolçu peşəkardır. Harda oynamasından asılı olmayaraq özünə dəyər verməli, perfomansını qorumalıdır. Yaşı əsas gətirmək olmaz. Vacib olan meydançadakı oyundur. Ozobiç bəlkə gedib hansısa klubda oynayacaq və oyun səviyyəsini qoruyacaq. Bu zaman milliyə də dəvət ala bilər”.

Şeydayevin "Qarabağ”ı Tayland klubuna dəyişməsi ilə bağlı dolaşan xəbərlərə də mütəxəssis münasibətini bildirdi:

"Bu, futbolçunun öz seçimidir. Neçə illərdir həm klub, həm də milli səviyyəsində yaxşı çıxış edir. Harda oynayacağını özü daha yaxşı bilir. Amma düşünmürəm ki, Tayland klubu "Qarabağ”dan üstün ola bilər. Çempionatının səviyyəsinin bizimkindən üstün və ya aşağı olduğunu deyə bilmərəm. Amma klub reytinqinə görə, məncə, "Qarabağ” daha çox Avropa səviyyəlidir və üstündür. Təbii ki, Ramilin indiki durumu onun daha üstün çempionatlara getməsinə imkan verir. Mən onu daha yüksək səviyyəli klublarda görürəm. Hər halda seçim futbolçunundur, bizə ancaq uğur arzulamaq qalır”.

Səbuhi Həsənov