Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 92 saylı binanın 10-cu mərtəbəsindəki 27 nömrəli mənzildə "Texas Holdem Poker” adlı kart qumar oyunlarını təşkil edən Elçin Quliyev və Rüfət Yüzbaşova hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Rüfət Yüzbaşov məhkəmə ifadəsində bildirib ki, mənzil 4 otaqlı olmaqla qumarxana kimi fəaliyyət göstərilməsi üçün tam əlverişli olub, onu kirayə götürərkən ev sahibinə hansı məqsədlə istifadə edəcəkləri barədə məlumat verməyiblər.
Mənzilin qonaq otağında yaşıl parçadan üzlüyü olan poker masası quraşdırıb şəriki Elçin Quliyevlə birlikdə qumar oyunlarının keçirilməsi üçün lazım olan oyun kartları, oyun fişləri (daşları) və s. ləvazimatlar alı, qumarxana kimi təchiz ediblər. Oyunçuların yığılması üçün müddət tələb olunduğundan oyunları iki-üç gündən bir təşkil ediblər. Gələn adamlar əsasən tanışları - Nazim Əhmədov, Mirteymur Ələsgərov, Rəşad Novruzov, Eldar Həsənov və Rüstəm Əliyev olub.
Ən azı 5, ən çoxu isə 9 nəfərlə qumar oyunu oynanılıb, oyunlar əsasən saat 19:00-da başlayaraq, gecə saat 03:00, bəzən isə səhər 06:00-a qədər davam edib.
19 yanvar 2019-cu ildə saat təxminən 21:15 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində növbəti əməliyyat tədbiri zamanı qumarxana aşkarlanıb. Keçirilən əməliyyat zamanı yuxarıda adları hallanan şəxslərlə yanaşı, qumar oyunu üçün istifadə etdikləri oyun kartları və oyun fişləri (daşları) olan 3 dəst oyun ləvazimatları, ümumilikdə 11.500 ABŞ dolları və 2.295 manat pul əskinasları aşkar edilərək götürülüb.
Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Elçin Quliyev və Rüfət Yüzbaşov Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.
Əhməd
Şərhlər