Ekonomiks 14:43 04.01.2024

2024-cü ildə Azərbaycanın qarşısında duran hədəflər... - Deputatın şərhi

"2024-cü ildə işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri davam edəcək, məcburi köçkünlər geri qayıdacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə 2024-cü ildə Azərbaycanın qarşıya qoyduğu hədəflərdən danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan hər ilin planlarını ötən ilin nəticələrinə əsasən qurur:

"2023-cü il əvvəlki illərdə olduğu kimi ölkə üçün uğurlu oldu. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Ölkəmizin iqtisadiyyatı möhkəmləndi. Beynəlxalq birlikdə nüfuzumuz artdı. İnsanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ciddi addımlar atıldı".

Aydın Mirzəzadə qeyd edib ki, 2024-cü il üçün dövlətimizin planları bu istiqamətdə işlərimizi daha da gücləndirmək və dərinləşdirməkdən ibarətdir:



"Bunlara nail olacağımıza heç bir şübhə də yoxdur. Bunun üçün kifayət qədər siyasi iradəmiz, iqtisadi imkanlarımız, xalqımımız işgüzarlığı, dövlət naminə çalışmaları, xalqın etibar etdiyi və onun maraqlarına uyğun səmərəli daxili və xarici siyasət yeridən Prezidentimiz var. Təhsilin, səhiyyənin keyfiyətinin artırılması yolunda daha səmərəli işlər görüləcək".

Deputat bildirib ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu bu il daha da güclənəcək:

"Bu il Azərbaycanda 110 ölkənin hökumət və dövlət başçılarının iştirak edəcəyi BMT-nin nüfuzlu COP29 sammiti baş tutacaq. Ümumiyyətlə, 70 mindən çox qonağımız olacaq. Həmin tədbirlə bir daha Azərbaycanı dünyaya göstərə biləcəyik".

Aydın Mirzazadə qeyd edib ki, cari ildə hədəflərimizdən biri də dost ölkələrlə, xüsusən də qardaş Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinə nail olmaqdır:

"Türk dünyası ilə əlaqələrimizi də gücləndirəcəyik. Türk dünyası günü-gündən güclənir, dünya birliyində böyük gücə çevrilməkdədir. Qonşu ölkələrlə münasibətlərimizin yaxşı olması istiqamətində addımlar atılacaq. Ermənistanla sülh müqaviləsinin bağlanması və onunla normal münasibətlərin yaranması üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılacaq. Beynəlxalq təşkilatlarda fəallığımız artacaq. Bir sözlə, bu il də əvvəlki illər kimi tariximizin şanlı səhifələrindən biri olacaq". 

Rüfət Sultan