Siyasət 14:01 01.12.2022

30 il susan Fransa Azərbaycana yeni cəbhə açır: Sanksiyalar ola bilər?

Xəbər verdiyimiz kimi, Fransa Senatının ardınca bu ölkənin Milli Assambleyası da yekdilliklə "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Məlumata görə, 256 deputat qətnamənin lehinə səs verib. Səsvermədən əvvəl Fransa  Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər. Qətnamə layihəsinin həmmüəllifləri Emmanuel Makronun "Renessans” partiyasından olan deputatlar olub.  

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnaməyə münasibət bildirib: "Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, hərbi cinayətlər törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”. 

Proses ondan xəbər verir ki, Fransa birmənalı şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyir. Bu ölkə həmin hərəkətilə istər-istəməz Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizədə rol almaqdan özünü tamamilə məhrum edir. Çünki regionun əsas qüvvəsi Azərbaycan dövlətidir. Bu dövlətlə normal münasibətlər qurmadan isə regionda hər hansı bir məsələdə rol almaq da mümkünsüzdür. Paris bunu bilə-bilə Azərbaycana qarşı qərəzli mövqe saxlamaqda davam edirsə, deməli özünün bölgə maraqlarını birdəfəlik unutmalıdır. 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərarların heç bir hüquqi əsası yoxdur:
 


"Fransadan başqa nəsə gözləməyə dəyməz. Paris daima Azərbaycan və Türkiyə əleyhinə çıxış edib. Azərbaycana, bütövlükdə türk dünyasına qarşı çıxmaq Fransanın dövlət siyasətidir. Onlar artıq ermənilərlə "bacılaşıblar”. 

Paris bu dövlət siyasətini yaxın zamanlarda dəyişməyəcək. Çünki oturuşmuş ölkələrdə adətən siyasət uzun müddətli olur. Onu birdən-birə dəyişmək mümkün deyil. Həmin səbəbdən Fransa Senatı və Milli Assambleyasının bu cür qərarlarından çox da narahat olmaq lazım deyil. Bu qərarlar Fransa hökuməti üçün tövsiyyə xarakterli qərarlardır. Azərbaycan üçün isə heç bir hüquqi əhəmiyyət kəsb etmir”. 

Rüfət Sultan