İdman 15:48 10.05.2023

5 dünya çempionatının iştirakçısı dünyasını dəyişdi

Meksika və dünya futbolunun əfsanəvi adı Antonio Karbaxal vəfat edib.

Qaynarinfo-nun məlumatına görə, beş dünya çempionatında oynayan ilk futbolçu kimi tanınan Karbaxal 93 yaşında dünyasını dəyişib.

"El Cinco Copas” ləqəbli keçmiş futbolçu 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçrədə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kuboklarında çıxış edib. Karbaxal təkbaşına 32 il bu rekorda sahib olub. Yalnız Almaniya millisinin əfsanəsi Lotar Mateus 1998-ci ildə bu rekorda şərik çıxıb.

Karbaxal Meksika millisinin heyətində 48 oyuna çıxıb. Klub səviyyəsində isə 409 oyunda iştirak edib. O, 18 illik karyerasının böyük hissəsini Meksika təmsilçisi "Club Leon"da keçirib və 16 il ərzində 364 oyunda meydanda olub. Klub azarkeşlərin ona ehtiramlarını bildirmək üçün cümə axşamı stadionun qapılarını açacağını elan edib.

Ümumilikdə 7 futbolçu Karbaxal kimi beş dəfə dünya çempionatında iştirak edib ki, bunlardan üçünün vətəni Meksikadır. Meksikalı qapıçı Gilermo Oçoa və yarımmüdafiəçi Andres Quardado, argentinalı superulduz Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo ötən il Qətərdə keçirilən dünya çempionatında oynamaqla beş mundialda iştirak etmiş olub.

Meksikalı Rafael Markes 2018, İtaliya yığmasının qapıçısı Canluici Buffon isə 2014-cü ildə bu uğura nail olub.
 


Səbuhi Həsənov