Ekonomiks 17:48 30.10.2023

58 min vergi borcu olan şirkətlə yarım milyonluq müqavilə - Şirvanda şübhəli tender

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 578 616,13 AZN təşkil edən müqavilədə Şirvan şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. 

"Aztimont” ASC 2011-ci ilə qədər "Sabirabad Tikinti-23” ASC adı altında fəaliyyət göstərib. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət 2021-ci ilə qədər "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adlanıb. 2021-ci ildən isə "Aztimont”a çevrilib. 

Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. ASC-nin qanuni təmsilçiləri olmuş şəxslərlə barədə hər hansı məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir və əsasən iri məbləğli satınalma müsabiqələrinin qlibi seçilir. "Aztimont” ASC-nin hazırda 58 292,74 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qadağa "Aztimont” ASC üçün keçərli olmayıb.

Mediada gedən məlumatlardan məlum olur ki, ASC cari ilin iyun ayında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçirdiyi tenderin qalibi olub. Həmin vaxt da şirkətin vergi borcu olub. 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. O, 2019-cu ildən şəhərə rəhbərlik edir.

Seyid