Ölkə 11:27 28.02.2023

8 mart gəlir! Müəllimlərə nə hədiyyə edək? - Ekspert

"Müəllim dərs dediyi şagirdindən nəsə ummamalıdır, eyni zamanda valideynlər də bu məsələdə təşəbbüs göstərməməlidirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart Qadınlar bayramında məktəblərdə müəllimlər üçün hədiyyələrin yığılması prosesində valideynləri ittiham etməsindən danışarkən deyib. 

Ekspert bildirib ki, valideyn müəllimə hədiyyə vermək məsələsində öz övladını düşünür:
 
"Amma dərk etmir ki, bu gün onun imkanı çatan hədiyyəyə başqa bir valideynin imkanı çatmır. Müvafiq məbləğlərin toplanması, həmin məbləğlərin əsasında hədiyyə verilməsi və s. kimi işlər doğru deyil. 8 mart ümumdünya  qadınlar günüdür. Hər bir şagird ürəyindən keçəni, imkanı çatan hədiyyə ilə müəllimə olan sevgisini bildirə bilər. Hətta elə şagird var ki, müəlliminə şeir yazıb hədiyyə edər, biri də evindən şirniyyat bişirib aparar. Amma bunu müvafiq məbləğ səviyyəsində toplamaq, məsələn, kimsə 50, kimsə 100, kimsə 20 manat toplamaq doğru deyil”. 

Elçin Əfəndiyev əlavə edib ki, 8 martda məktəblərdə pul yığımı 50% müəllimdən, 50% isə valdeynlərdən asılıdır:
 
"Tam olaraq valideynləri də günahlandırmaq düzgün deyil. Çünki burada təsəbbüskarlığı valideyn komitələrinə nəzarət edən şəxslər, yaxud da öz övladının mənafeyini güdən analar irəli sürür. Həmin valideynlərin də müəllimdən umacağı olur, məsələn, verdiyi pula görə qiymət yazılsın, yaxud da onun övladı ilə daha çox maraqlansınlar prinsipi ola bilər.
 
Valideynlər imkan yaratmalıdır ki, bu məsələdə hər kəs fərdi qaydada öz hədiyyəsini təqdim etsin. Hətta şagird adi sözlərlə də müəllimini tədbrik edə bilər.
 
Ölkədə 160 min müəllim heyəti, 1 milyon 600 min şagird var, bunların hər biri müəllimini təbrik edir. Hər kəs ürəyindən keçən qaydada hərəkət etməlidir, amma bunu müəyyən bir sistemə salmaq doğru deyil”. 

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart ərəfəsində məktəblərdə müəllimlər üçün hədiyyələrin yığılması prosesində bu məsələ ila bağlı valideynləri ittiham edib:"Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir".

Bahar Rüstəmli