Dünya 10:26 02.09.2022

ABŞ Çindən uyğur türklərinə qarşı cinayətə son qoymasını istədi

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının Çin hökumətinin Sincan əyalətindəki azlıqlara qarşı hərəkətlərinə dair hesabatının açıqlanmasından sonra Ağ Ev cümə axşamı Çini uyğur azlığına qarşı "cinayətlərinə son qoymağa” çağırıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Ağ Evin sözçüsü Karin Jan-Pier Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının Çinlə bağlı hesabatını alqışlayıb və müstəqil müstəntiqlərin Sincan əyalətinə getməsinə icazə verilməli olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı çərşənbə günü yaydığı hesabatda bildirib ki, Çin hökuməti Sincandakı Türk uyğur müsəlmanlarına və digər etnik azlıqlara qarşı hərəkətlərində "insanlığa qarşı cinayətlər” törətmiş ola bilər.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bəyan edib ki, uyğurların və digər müsəlman qrupların özbaşına və ayrı-seçkilik zəminində saxlanılması hallarının geniş yayılması səbəbindən bu hərəkətlər "beynəlxalq cinayətlər və xüsusilə insanlığa qarşı cinayətlər sayıla bilər".

ABŞ dövlət katibi Entoni Blinken isə açıqlamasında BMT Ali Komissarının hesabatını alqışlayıb və bildirib ki, bu hesabat Çinin uyğurlara qarşı törətdiyi soyqırım və cinayətlərlə bağlı narahatlığı dərinləşdirir.

ABŞ dövlət katibi Vaşinqtonun Pekini məsuliyyətə cəlb etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.

M.Arif