Dünya 13:22 29.02.2024

ABŞ Dnestryanı “deputatlarının” qurultayından sonra Moldovanı dəstəklədiyini açıqladı

ABŞ Dövlət Departamenti tanınmamış Dnestryanı bölgənin "deputatları” qurultayının Rusiyaya çağırışından sonra Moldovanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bəyan edib. Çağırışda Kişinyov təzyiq və "iqtisadi müharibə”də ittiham edilib. 

Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

"Rusiyanın Avropada getdikcə daha aqressiv və sabitliyi pozan rolunu nəzərə alaraq, biz Rusiyanın Dnestryanı bölgədəki hərəkətlərini və regiondakı daha geniş vəziyyəti çox diqqətlə izləyirik", - Miller deyib.

ABŞ Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

"Və biz Kişinyov və Tiraspolu birlikdə işləməyə və Dnestrin hər iki tərəfindəki icmaların aktual problemlərinin həlli yollarını tapmağa təşviq etməyə davam edirik", - o deyib.

Xatırladaq ki, fevralın 28-də tanınmamış Dnestryanı bölgədə bütün səviyyələrin qondarma "deputatları” qurultayda toplaşaraq, Rusiyaya və bəzi beynəlxalq təşkilatlara "Moldovanın təzyiqindən qorunmaq” xahişi ilə müraciət qəbul ediblər.

Moldova hökuməti tanınmamış Dnestryanı bölgənin "deputatları”nın keçirdiyi qurultayda qəbul edilmiş Rusiyaya çağırışı təbliğat xarakterli bəyanat adlandırıb.

Qurultaydan əvvəl "deputatların” Moskvanı tanınmamış bölgəni Rusiyaya birləşdirməyə çağıra biləcəyi ilə bağlı narahatlıqlar olub, lakin Kişinyov, Kiyev və Tiraspolda rəsmi bəyanatlar səviyyəsində bu cür ehtimallar təkzib edilib.

Alpər