Dünya 18:23 17.01.2023

ABŞ dövlət katibi Çinə səfərə hazırlaşır - Təfərrüatlar açıqlanmır

ABŞ dövlət katibi Entoni Blinken fevralın 5-6-da Çinə səfər edəcək və burada Çinin xarici işlər naziri Tsin Qanla görüşəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” səfər planları ilə tanış olan amerikalı diplomatlara istinadən məlumat yayıb.

Nə Dövlət Departamenti, nə də Çin hökuməti Blinkenin səfərinin təfərrüatlarını açıqlayıb. Çinin Vaşinqtondakı səfirliyi sorğuya cavab verməyib. Ötən ay Dövlət Departamentinin spikeri Ned Prays "Rusiyanın Ukraynaya qarşı müharibəsi gündəmdə olacaq” deyib.

"Politico” yazır ki, səfər ABŞ prezidenti Co Bayden və Çin sədri Si Szinpin arasındakı görüşün Tayvan və ticarət siyasətindən tutmuş insan haqlarının vəziyyəti ilə bağlı məsələlərə görə getdikcə gərginləşən ABŞ-Çin münasibətlərinin daha məhsuldar olmasına yol açıb-açmadığına dair bir sınaqdır. 

Qəzet yazır ki, Blinken çox güman ki, yüksək səviyyəli ikitərəfli təmasların, o cümlədən narkotiklərə nəzarət və hərbi dialoq sahəsində əməkdaşlığın dayandırılmasının aradan qaldırılması üçün təzyiq göstərəcək. Pekin bu sahələrdə olan əməkdaşlığı 2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq dayandırıb.

ABŞ dövlət katibinə həmçinin Çində haqsız olaraq saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi və Dövlət Departamentinin bu yaxınlarda Çinin "nüvə arsenalının uzun müddət və sürətləndirilmiş şəkildə genişləndirilməsi” ilə bağlı administrasiyanın narahatlığını ifadə ediməsi üçün təzyiq edilir. 

Nizami Bağırov