Ölkə 20:24 01.06.2023

ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diqtə edir – Deputat

"Baydenin məktubu bir daha göstərdi ki, Azərbaycanın regiondakı yeri və rolu ABŞ tərəfindən yüksək qiymətləndirilir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktunu şərh edərkən deyib: 
 
"ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub Bakıda keçirilən XXVIII Beynəlxalq Xəzər Neft-Qaz sərgisinin keçirildiyi vaxta təsadüf edib. ABŞ  Prezidenti məktubda Azərbaycan xalqına ən xoş arzularını çatdırdığını ifadə edib. Eyni zamanda,  məktubda qeyd olunur ki, 30 ildən artıq bir dövrdə Azərbaycanla ABŞ böyük bir tərəfdaşlıq yolu keçiblər. Burada transmilli təhlükələrə  qarşı mübarizədə tərəfdaşlıq etdiyimiz də xüsusi olaraq vurğulanıb. Qeyd edilib ki, bu  prosesdən inkluziv iqtisadi inkişafa keçid prosesində də möhkəm tərəfdaşıq. Yəni  transmilli təhlükələrə qarşı mübarizədə əlaqələrimiz elə səviyyəyə çatıb ki, artıq inkluziv iqtisadi inkişafa keçid dövründə də bir yerdəyik”. 

Deputat qeyd edib ki, ABŞ Prezidentinin məktubunda Bakının enerji təhlükəsizliyində yeri və çəkisinə də xüsusi diqqət ayrılıb: 
 
"İndiyə qədərki məktublarda Azərbaycanın yaşıl enerji sahəsindəki potensialına diqqət ayrılmayıb. Amma bu dəfəki məktubda iki  ölkənin enerji sahəsində tərəfdaş olduqları faktı da öz əksini tapıb. Bu xüsusda Cənub Qaz Dəhlizinin adı xüsusi qeyd olunur və Azərbaycanın burada da mühüm faktor olduğu dilə gətirilir. Bu gün Azərbaycanın Avropa üçün yeni alternativ enerji mənbəyi olduğu faktı da danılmaz həqiqətdir. Ona görə də ABŞ Prezidenti Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki yeri və roluna yüksək qiymət verir. Həmçinin məktubda bildirilir ki, qanunun aliliyinin təşviqi və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlik islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaq. Söhbət burada demokratiyanın inkişafı və islahatlardan gedir. Deməli, ABŞ Azərbaycanda demokratik inkişaf yolunu təqdir və müdafiə edir.  Onlar Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar kursundan da tam məlumatlıdırlar”.
Deputatın fikrincə, ABŞ regionumuzda ədalətli  və dayanıqlı sülhü dəstəkləməyi özü üçün hədəf seçib: 

"Məktubun sonunda qeyd edilir ki, ABŞ Cənubi Qafqazda sülh və rifahın təşkilinə kömək edəcək ədalətli, dayanıqlı sülhü dəstəkləməkdə davam edəcək. Deməli, Vaşinqton ədalətli və dayanıqlı sülhü dəstəkləməyi özü üçün hədəf seçib.  Azərbaycanın işi haqq işidir. Atdığımız addımlar beynəlxalq hüquqa söykənir. Bu  baxımdan, ABŞ-ın Azərbaycanın mövqeyində haqlı, ədalətli olduğu qənaətinə gələcəyi labüddür”.
 
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 
 
Rüfət Sultan